XƏBƏR LENTİ
28 Mart 2024
27 Mart 2024
26 Mart 2024
25 Mart 2024



Olimpiya mükafatçımız Bakıya qayıdıb — FOTO
İdman 12:59 / 07.08.2021

Tokio Olimpiadası çərçivəsində keçirilən boks yarışlarında komandamıza bürünc medal qazandıran Azərbaycan yığmasının üzvü Alfonso Dominges (81 kq) Bakıya qayıdıb.
Azərbaycan Boks Federasiyasından verilən məlumata görə, Olimpiya mükafatçımızı Heydər Əliyev Beynəlxalq Hava Limanında Azərbaycan Boks Federasiyasının əməkdaşları, idman ictimaiyyətinin nümayəndələri, yaxınları qarşılayıblar.
81 kq çəki dərəcəsində fəxri kürsüdə yer alan dəri əlcək ustamız təssüratlarını bölüşüb. "Medal qazandığım üçün çox sevincliyəm. Tokioda məqsədim çempion olmaq idi. Yarışa da yaxşı başlamışdım. Olimpiadada debütdə dünya çempionatının ikincisi olan özbəkistanlı Dilşotbek Ruzmetovla qarşılaşdım. Kifayət qədər çətin alınan döyüşdə qələbə qazandım. Ardınca türkiyəli Bayram Malkanı da məğlub etdim. Yarımfinalda kubalı Arlen Lopezlə üz-üzə gəldim. Olimpiya və dünya çempionu ilə görüş də mənim üçün yaxşı başlamışdı. Lakin bunu sonadək davam etdirə bilmədim. Daha təcrübəli olan rəqib finala adladı. O, həlledici görüşdə mənim Avropa Oyunlarında məğlub etdiyim böyük britaniyalı Benjamin Uittakerə qalib gələrək növbəti dəfə Olimpiya Oyunlarının qızıl medalına layiq görüldü. Tokio-2020-də mükafatçılar sırasına düşdüyüm və Yaponiya paytaxtında Azərbaycan bayrağını dalğalandırdığım üçün qürurluyam. Bununla kifayətlənməyəcəyəm. Əsas hədəfim növbəti yarışlarda da uğurlu çıxış edib, daha çox titul qazanmaqdır. İnanıram ki, bunu bacaracağam”.
Millinin baş məşqçisi Umberto Orta Dominges isə boksçuların Olimpiadadakı çıxışından danışıb. A.Domingesin üçüncü olmasını onun əzmkarlığı ilə əlaqələndirən mütəxəssis digər boksçuların medalsız qalmasının səbəblərinin analiz ediləcəyini, səhvlərdən nəticə çıxarılacağını vurğulayıb.
Qeyd edək ki, kişi boksçulardan ibarət Azərbaycan millisi Tokio-2020 Yay Olimpiya Oyunlarına 5 idmançı ilə yollanıb və yarışı 1 bürünc medalla başa vurub.



16212 oxunub

InvestAZ