XƏBƏR LENTİ
22 Sentyabr 2021
21 Sentyabr 2021
17 Sentyabr 2021
16 Sentyabr 2021
15 Sentyabr 2021
14 Sentyabr 2021
13 Sentyabr 2021



Çingiz Hüseynzadə: “Yaponiyada cüdo növündə medal qazanmaq elə də asan deyil”
İdman 11:01 / 31.07.2021
Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə Azərbaycan komandasının Tokio-2020-də ilk medalını qazanmasına münasibət bildirib. MOK-un vitse-prezidenti İrina Kindzerskanın cüdonun vətəni Yaponiyada medal qazanmasını böyük uğur kimi qiymətləndirib.
"Bu gün Azərbaycan idmanı üçün yaddan qalan bir hadisə baş verdi. 30 iyul tarixi bizim üçün əhəmiyyətli bir gündür. Belə ki, yığma komandamızın üzvü İrina Kindzerska Azərbaycan millisinin aktivinə ilk Olimpiya medalını yazdırdı. Bu Tokio-2020-də Azərbaycan üçün yeni bir idman uğuru hesab olunur. Artıq XXXII Yay Olimpiya Oyunlarında iştirak edən 206 ölkə arasında medal qazanan 63 yığma komandadan biri də Azərbaycandır. Medal əldə edən ölkələr arasında Azərbaycan adının da yer alması qürurvericidir. Bu münasibətlə Azərbaycanın bütün idmansevərlərini təbrik edirəm, - deyə Çingiz Hüseynzadə bildirib.
MOK-un vitse-prezidenti həmçinin olimpiadanın Yaponiyada keçirildiyi üçün medalların əksəriyyətinin yerli idmançılar tərəfindən qazanıldığını bildirdi.
"Çox təəssüf ki, Azərbaycan cüdoçuları Tokio-2020-də Yaponiya cüdoçuları ilə görüşməli oldular. Təmsilçilərimizin qarşısını alanlar əsasən yaponiyalı cüdoçular olublar. Burada təəccüblü heç nə yoxdur. Yaponiyada cüdo növündə medal qazanmaq elə də asan deyil. Bu baxımdan, İrina Kindzerskanın bürünc medal qazanmasının özü də çox böyük uğurdur. Elə onun çəkisində də Olimpiya çempionu adını yaponiyalı Akira Sone qazandı. İ.Kindzerska isə yarımfinalda ona məğlub oldu. Ümumiyyətlə, cüdoçularımızın çoxu çempionlara uduzub”, - deyə Çingiz Hüseynzadə bildirib.
Azərbaycan cüdoçularının çıxışını çox da uğursuz saymadıqlarını söyləyən MOK rəsmisinin fikrincə, Yaponiyada medal qazanma şansı az idi: "Bunu biz öncədən də bilirdik. Əsas idman növlərimiz hələ qabaqdadır. İnanıram ki, bu olimpiadada da gözəl nəticələr göstərə biləcəyik".
Qeyd edək ki, cüdoçumuz İrina Kindzerska ilə yanaşı, boksçumuz Alfonso Domingez də ən azı bürünc medalı özü üçün təmsil edib.

2045 oxunub

InvestAZ