XƏBƏR LENTİ
17 Sentyabr 2021
15 Sentyabr 2021
14 Sentyabr 2021
13 Sentyabr 2021
11 Sentyabr 2021
10 Sentyabr 2021
09 Sentyabr 2021
08 Sentyabr 2021



Yaponiya jurnalında Azərbaycanın uğurlarından bəhs edən məqalə dərc olunub
İdman 17:46 / 28.07.2021
Ölkəmizin Yaponiyadakı səfirliyinin təşəbbüsü və təşkilatçılığı "Gündoğar ölkə”nin nüfuzlu "Pavone” jurnalının iyul buraxılışında Azərbaycanın uğurlarından bəhs edən məqalə dərc olunub.

"Azərbaycanın 30 illik müstəqilliyi – tarix və müasirliyin birgə yaşadığı cəlbedici ölkə” sərlövhəli məqalədə ölkəmizin müstəqilliyin bərpasından sonra əldə etdiyi nailiyyətlərə xüsusi diqqət yetirilib. Həmçinin Azərbaycanın qədim və müasir memarlığı, görməli yerləri barədə fotolara geniş yer verilib.

Müəllif əvvəlcə bu il müstəqilliyin bərpasının 30-cu ildönümü qeyd edən Azərbaycanın tarix üçün çox qısa bir dövrdə beynəlxalq səviyyədə qazandığı böyük nüfuza və hörmətə diqqət çəkib. Ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan və Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilən sosial-iqtisadi siyasət nəticəsində Azərbaycanın dünyada sürətlə inkişaf edən ölkələrdən birinə, zəngin karbohidrogen ehtiyatlarına malik ölkə olaraq qlobal enerji siyasətinin formalaşmasında mühüm rol oynayan etibarlı tranzit dövlətə çevrildiyini vurğulayıb.

Məqalədə Azərbaycanın sərmayəçi dövlət olması, irimiqyaslı regional layihələrdə aparıcı mövqeyi, eyni zamanda, qlobal enerji təhlükəsizliyindəki rolu qeyd edilib.

Eyni zamanda, 2020-ci ilin əvvəllərindən dünyanın COVID-19 problemi ilə qarşılaşdığı, Azərbaycanın epidemiyanın mənfi təsirini azaltmaq üçün vaxtında və səmərəli tədbirlər görən ilk dövlətlərdən biri olduğu qeyd edilib. Azərbaycanın milli və qlobal səviyyələrdə pandemiyaya qarşı təsirli tədbirlər görərək, COVID-19-la mübarizədə çoxtərəfli əməkdaşlığı təşviq etmək üçün bir sıra beynəlxalq konfranslar keçirdiyi xatırlanıb. O cümlədən ölkəmizin beynəlxalq əməkdaşlığın gücləndirilməsinə böyük töhfələr verdiyi də məqalədə öz əksini tapıb. Azərbaycanın 30-dan çox ölkəyə humanitar yardım göstərdiyi və COVID-19-la mübarizədə Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon ABŞ dolları ianə etdiyi bildirilib.

Azərbaycanın, eyni zamanda, turizm baxımından zəngin və cəlbedici bir ölkə olduğu vurğulanıb, tarixi yerləri barədə məlumatlar yer alıb. Azərbaycana gələn turistlərin palçıq vulkanlarından və xam neft qaynaqlarından sağlamlıq üçün istifadə etdikləri diqqətə çatdırılıb.

Yazıda paytaxt Bakının müxtəlif beynəlxalq mədəniyyət və idman tədbirlərinə uğurla ev sahibliyi etdiyi vurğulanıb. 2015-ci ildə Birinci Avropa Oyunlarına məhz Azərbaycan paytaxtının ev sahibliyi etdiyi, 2016-cı ildən başlayaraq Formula 1 üzrə Azərbaycan Qran-Prisinin Bakıda keçirildiyi bildirilib.

Qeyd edək ki, "Pavone” jurnalı Yaponiyada turizm sektoru üzrə aparıcı nəşrlərdən biridir. Məqalənin müəllifi Akira Matsuda əvvəllər də bu jurnalda və digər nəşrlərdə Azərbaycanla bağlı məqalələrlə çıxış edib.

1810 oxunub

InvestAZ