XƏBƏR LENTİ
20 Aprel 2024
19 Aprel 2024
18 Aprel 2024



Oleq Krapivin: “Özümü həmişə azərbaycanlı hesab etmişəm”
İdman 16:44 / 16.06.2021


Xalqımız hər zaman öz gözəl xüsusiyyətləri ilə dünyada böyük nüfuz qazanıb. Bu, bizim vətəndaşlarımızın insani keyfiyyətlərinin geniş təcəssümüdür. Xeyirxah, mehriban və qonapərvər olan xalqımızın nümayəndələri daim bu ənənəni qoruyub saxlayırlar.

Dünyanın hər bir yerində yaşayan neçə-neçə soydaşımız Azərbaycanın adını şərəflə qoruyur, daima uca tuturlar. Belə soydaşlarımızdan biri də Ukraynada yaşayan Azərbaycanın əməkdar idman ustası və sərbəst güləş üzrə keçmiş SSRİ və ölkəmizin əməkdar məşqçisi, SSRİ və Avropa yarışlarının qalibi, veteranlar arasında dünya çempionu Oleq Krapivindir. Vətəndən kənarda yaşamasına baxmayaraq ürəyi hər zaman doğulduğu Azərbaycanla döyünür. Kiyevdə yaşayan həmyerlimiz doğulduğu yeri və böyüdüyü şəhəri daim xatırlayır. Oleq Krapivin müsahibələrindən birində deyir: "Vətənim üçün nə etsəm, azdır. Rus olsam da, özümü həmişə azərbaycanlı hesab etmişəm. Bu torpağa, insanlara bağlılığım olub. Hətta toyum belə, Azərbaycan adət-ənənələrinə uyğun keçib. Uşaqlığımın ən gözəl günləri Sabunçu rayonu ilə bağlıdır. Böyüdüyüm məhəllənin küçələri, tinləri, insanları həmişə gözümün önündə canlanır. Güləşə olan marağım isə məni bu idman növü ilə daha peşəkar şəkildə məşğul olmağa vadar etdi. Buna görə də oxuduğum 68 nömrəli məktəbdə təhsilimi yarımçıq qoyub, Bakıxanov qəsəbəsindəki idman təmayüllü internat məktəbinə getdim. Beləcə, həyatımın ayrılmaz hissəsi olan güləşçi karyeram başladı”.
Oleq Krapivin 1960-cı il sentyabrın 29-da Şamaxı rayonunun Şəhriyar qəsəbəsində anadan olub. 1966-cı ildə ailəsi ilə birlikdə Bakıya köçüb. İlk təhsilini Sabunçu rayonu 68 saylı orta məktəbdə alsa da, sonra təhsilini Bakıxanov qəsəbəsində yerləşən idman təmayüllü internat məktəbində davam etdirib. Sərbəst güləş üzrə 14 qat Azərbaycan çempionudur. Yığma komandalar səviyyəsində müxtəlif beynəlxalq turnirlərin qalibi olub. 2007-ci il onun həyatında ən əlamətdar il olub. O, Türkiyənin İstanbul şəhərində veteranlar arasında keçirilən yarışda sərbəst güləş üzrə dünya çempionu adını qazanır. 1989-cu ildən Kiyev şəhərində yaşayır. Ailəlidir, 4 övladı var. Xeyriyəçiliklə məşğul olan həmyerlimiz istər Azərbaycanda, istərsə də Ukraynada idman sahəsinə, uşaq evlərinə və ehtiyacı olan ailələrə yaxından köməklik göstərir.


Kiyevdə "Bakinets”...

Oleq Krapivinin maddi dəstəyi və təşəbbüsü ilə hər bir sahədə uğurlu tədbirlər keçirilir. Kiyevdə yaşayan həmyerlilərimiz bu diqqəti daim hiss edirlər. Belə ki, 2016-cı ildə Ukrayna paytaxtının böyük "Dream Town-1” ticarət-əyləncə mərkəzində sərbəst güləş üzrə "Bakinets” idman klubu açılıb. Bu klub həmvətənimizin təşəbbüsü və sponsorluğu ilə fəaliyyətə başlayıb. "Bakinets” güləş zalı, trenajorları, zəruri avadanlığı, soyunub-geyinmə və duş otaqları, habelə tibb məntəqəsi olan müasir, idman klubudur. O.Krapivin klubun açılış zamanı bildirib ki, harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlı həyat və fəaliyyətinin bütün sahələrində ölkəsini, vətənini fəal təbliğ etməlidir. O.Krapivin vurğulayıb ki, "Bakinets”in fəaliyyətə başlaması ilə dost Ukraynada Azərbaycan idmanının təbliğinə öz töhfəsini vermək istəyir. Həmin vaxtdan etibarən güləş məktəbində bir sıra yarışlar təşkil olunur. Bu il iyunun 6-da Kiyevdə yerləşən "Bakinets” idman mərkəzində yeniyetmələr və gənclər arasında güləş üzrə yarış keçirilib. Yarışda müxtəlif bölgələri təmsil edən 150 idmançı qüvvəsini sınayıb. Oleq Krapivinin maddi dəstəyi ilə keçirilən yarışda çıxış edən həmyerlimiz bunları deyib: "Bugünki yarış uşaqların müdafiəsi gününə həsr olunur. İstəyirik ki, bizim uşaqlar sağlam cəmiyyətdə yetişsinlər, pis vərdişlərdən uzaq olsunlar. Burada çıxış edən güləşçilər gələcəkdə Azərbaycan və Ukrayna yığmalarına əsas namizədlərdən olacaqlar. Hər zaman çalışacağam ki, onlara hər cür dəstək göstərim”. Müxtəlif çəki dərəcələrində qalib və mükafatçılar müəyyənləşdikdən sonra onlara diplom və qiymətli hədiyyələr təqdim olunub. Oleq Krapivin bildirib ki, belə bir yarış yeni il ərəfəsində də təşkil ediləcək.


...Şamaxıda isə "Şirvan”
güləş klubu


2017-ci il sentyabrın 29-da Şamaxıda Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi Oleq Krapivinin adını daşıyan "Şirvan” güləş klubunun açılış mərasimi keçirilib. Klubun açılış mərasimi O.Krapivinin şərəfinə Şamaxıda təşkil olunan V açıq respublika turniri çərçivəsində baş tutub. Tədbirdə Azərbaycan, Ukrayna və Qırğızıstanın Güləş federasiyalarının rəsmiləri, idmançılar, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Həmin vaxtdan etibarən "Şirvan” bir sıra yarışlara ev sahibliyi edib. Belə bir mötəbər tədbir ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illik yubileyi münasibətilə may ayının 10-da Şamaxı rayonununda baş tutub. Əməkdar bədən tərbiyəsi və idman xadimi, Heydər Əliyev adına Ukrayna-Azərbaycan Təhsil, Elmi-Mədəni, İdman Mərkəzinin təsisçisi, Ümumukrayna Azərbaycanlıları Konqresinin Kiyev şəhər təşkilatının rəhbəri, sərbəst güləş üzrə dəfələrlə Azərbaycan çempionu, veteranlar arasında dünya çempionu, müxtəlif turnirlərin qalibi, əməkdar məşqçi, xeyriyyəçi insan Oleq Krapivinin şəxsi vəsaiti hesabına tikilib, istifadəyə verilən "Şirvan” güləş klubunun idman zalında açıq birincilikdə Şamaxı güləşçiləri ilə bərabər paytaxt pəhləvanları da qüvvələrini sınayıblar. Bundan başqa Şamaxıda dəfələrlə Oleq Krapivinin şərəfinə turnirlər də təşkil olunub.


"Mən Azərbaycanlıyam” mahnısı Ukraynada səsləndi

Qeyd etdiyimiz kimi, Oleq Krapivin hər zaman həmyerlilərimizdən öz dəstəyini əsirgəmir. Onların hər bir sahədə qarşılaşdığı problemləri həll etməyə çalışır. İstedadlı soydaşlarımızın püxtələşməsinə köməklik edir. Oleq Krapivinin istedadına dəstək verdiyi gənclərdən biri də Rüfət Xəlilovdur. Vətəndən kənarda yaşamasına baxmayaraq azərbaycanlı olduğu ilə fəxr edən gənclərimizdən olan Rüfət təyyarə pilotudur. O, musiqi sahəsində də kifayət qədər uğur qazanıb. Azərbaycanın idman gimnastikası üzrə Əməkdar məşqçisi, SSRİ-nin əməkdar məşqçisi Çingiz Şamilovun nəvəsi olan Rüfət idman sahəsində də öz bacarığını nümayiş etdirib. Bu yaxınlarda Rüfət Xəlilovun ifasında səslənən "Mən Azərbaycanlıyam” mahnısına klip çəkilib. Səhnə adı ADAM olan Rüfət Xəlilov özü yazıb, bəstələdiyi mahnıya çəkilən klipin də rejissorudur. Rəng korreksiyası "Road Film Company” — Oktay Məmmədov tərəfindən həyata keçirilib.
Xatırladaq ki, "Mən Azərbaycanlıyam” proekti - Əməkdar Bədən Tərbiyəsi və İdman xadimi, SSRİ-nin və Azərbaycanın əməkdar məşqçisi, veteranlar arasında güləş üzrə dünya çempionu, Kiyev Azərbaycanlıları Konqresinin sədri Oleq Krapivinin dəstəyi ilə ərsəyə gəlib.


Anar Əhmədov

43277 oxunub

InvestAZ