XƏBƏR LENTİ
29 Mart 2024
27 Mart 2024
26 Mart 2024
25 Mart 2024



Olimpiya oyunlarının mənşəyi və dəyişməyən mövzusu
İdman 14:17 / 16.06.2021

Qədim Yunanıstanda Olimpiya oyunlarının mənşəyi haqqında bir çox maraqlı əfsanə və rəvayətlər vardır. Bu rəvayətlərin bəziləri Olimpiya oyunlarının yaranmasına əfsanəvi qəhrəmanlar Pelops və Heraklın adı ilə bağlayırlar. Əfsanəyə görə oyunların əsasını Pisa çarı Enomayın qızı Hippodamiya ilə evlənmiş Pelops (əfsanəyə görə Tantal olimpiyada oğlu Pelopsu qurban kəsib ziyafət verir və allahları da ora dəvət edir. Allahlar yeməyə əl vurmurlar. Yalnız qızının ölümündən ağlını və huşunu itirmiş Demetra ətdən bir parça yeyir. Bu uşağın çiyin əti imiş. İnsanın qurban verilməsindən imtina edən allahlar Hermesdən uşağa can verib diriltməyi xahiş edirlər. Hermes doğranmış uşağın ət parçalarını bir yerə toplayıb, qazanda bişirir. Demetranın yediyi çiyin sümüyünün yerinə fil sümüyü qoyur. Pelops dirilir və onun çiynində ağ xal qalır. Bu həmin fil sümüyü idi) qoymuşdur. Çar Enomay qızının ərə getdiyi gün öləcəyini bilirmiş. Ona görə də çar elan etmişdir ki, qızını döyüş arabaları yarışında onu məğlubiyyətə uğradan (yarışda onu keçən) adama verəcəkdir. Əks təqdirdə Hippodamiya ilə evlənmək istəyən adam edam olunacaqdır. Bu yarışda iştirak edən Pelops Pisa çarının döyüş arabasını ötərək qələbə qazanır və qazanılmış qələbə münasibətilə Olimpdə idman yarışları keçirməyi qərara almışdır.
Başqa bir əfsanəyə görə Olimpiya oyunlarının əsasını qədim yunan mifologiyasının yenilməz qəhrəmanlarından biri - Herakl qoymuş və o, oyunlara ümumyunan xarakteri vermişdir.
Bəzi mənbələrdə isə Olimpiada oyunlarının yaranmasını Elida çarı İfitlə məşhur spartalı Likurq arasında bağlanmış müqəddəs ittifaqla əlaqələndirirlər. Həmin müqaviləyə görə Olimpiya müqəddəs yer hesab olunurdu və heç kəs oraya silahla gələ bilməzdi.
Qədim dövrlərin Olimpiya oyunları əvvəlcə qəbilələrin kult bayramları, baş allah Zevsə həsr olunmuş şənliklərlə bağlı olmuşdur.
Oyunlarda iştirak etmək arzusunda olan hər kəs bunu əvvəlcədən bildirməli və onun adı xüsusi siyahıya qeyd olunmalı idi. Bu zaman o, on ay ərzində xüsusi məktəblərdə öz hesabına yarışlara hazırlaşmalı idi. Görünür, qədim ellinlər Olimpiada iştirakçılarını öz çeviklikləri, güc və sürətləri ilə onlara sevinc bəxş edəcək yaxşı hazırlıqlı atletlər kimi görmək istəmişdir. Gələcək olimpiyaçılar indi də startlara əvvəlcədən hazırlaşırlar.
Qədim dövrlərdən Olimpiya oyunları təkcə idman yarışları deyil, həm də böyük sənət müsabiqəsi, yaxşı gəlir gətirən bazarlar demək idi. Yeri gəlmişkən, qədim dövr olimpiadalarının bu cəhəti oyunların indiki təşkilatçılarının ürəyincədir.
Bununla belə, qədim yunanların oyunları hər şeydən əvvəl hərbi qüvvəyə baxış olmuş və oyunlar vətəndaşların hərbi-fiziki hazırlıqlarının mühüm vasitəsi hesab edilmişdir. Bunu oyunların proqramında hərbi növlər üzrə yarışların olması təsdiq edir.
Olimpiya oyunlarının keçirildiyi günlər bütün ölkədə sülh, əmin-amanlıq hökm sürür. Bu zaman "müqəddəs sülh” üç ay davam edir və oyunlara gedən, yaxud onlardan qayıdan hər kəs toxunulmaz hesab olunur.
Qədim dövrlərin Olimpiya oyunları qalibləri arasında məşhur xadimlər də olmuşdur. Məsələn, makedoniyalı Filipp (makedoniyalı İsgəndərin atası) atçapma yarışlarında birinci yerə çıxmış, riyaziyyatçı Pifaqor İsmiya və Pifiya oyunlarının (bu oyunlar Delfdə və Korinf boğazında keçirilmişdir) qalibi olmuşdur.
Qadınların qədim Olimpiadalarda iştirakı qadağan edilmişdi. Üstəlik buraya tamaşaçı kimi gələn qadınları ölüm təhlükəsi gözləmişdir. Tribunalarda Ferenika adlı bir qadın ələ keçdikdən (müxtəlif dövrlərdə atasının, ərinin, qardaşının və oğlunun oyunların qalibi olduqlarını nazərə alaraq onu bağışlamışlar) sonra qəbul edilən qərara görə hətta məşqçilər və idmançılar da yarışlara çılpaq gəlməli idilər.
Bununla belə ilk Olimpiya oyunları haqqında məlumat yoxdur. Olimpiya oyunları haqqında ilkin məlumatlar eramızdan əvvəl 776-cı ilə aiddir. Həmin ildə yarışların qalibləri qeydə alınmış, olimpiadanın nömrələnməsi müəyyən edilmişdir. Olimpiya bayramı "müqəddəs ayda” qeyd olunurdu. Bu ay yayın günəşli günlərindən 1417 gün keçəndən sonra başlanırdı. Olimpiya oyunlarında qullar və barbarlar iştirak etmirdilər.
Romalılar Yunanıstanda qələbə çalandan sonra oyunların əhəmiyyəti və onların iştirakçılarının sayı azalmışdır. Vaxt keçdikcə Olimpiadalar adi idman yarışlarına çevrilmiş, Roma imperiyasının təşkil etdiyi çoxlu idman tamaşalarının güclü rəqabəti ilə qarşılaşmışdır.
Roma imperatoru I Feodosiya ölkədə xristianlığı məcburi qəbul etdirəndən sonra olimpiya oyunlarını bütpərəstlik mərasimi hesab edib eramızın 394-cü ilində onu qadağan etmişdir.


Qalib çox olsa da,
zeytun çələngi yalnız bir idmançıya
verilirdi


Olimpiya oyunlarında əvvəllər atletlər iştirak edirdilər. Onlar müəyyən dövləti təmsil edirdilər və onların qazandığı qələbə təmsil etdikləri dövlətin və ya şəhərin müvəffəqiyyəti hesab edilirdi.
Oyunlara rəhbərlik edən ellanodiklər (hakimlər) Olimpiya oyunlarına bir il qalmış Elida vətəndaşlarından seçilirdilər. Onlar oyunlarda iştirak etmək istəyənlər arasında ən ləyaqətlilərini seçir və bir ay müddətində bu idmançıların məşqlərinə rəhbərlik edirlər. Ellanodiklər Olimpiya oyunları qaydalarının əməl olunmasına ciddi nəzarət edirdilər. Qələbə uğrunda mübarizədə qeyri-qanuni fəndlər işlətmək, rəqiblərlə razılığa gəlmək və rəqibləri ələ almaq (rüşvət, pul, bəxşiş və s. ilə) qadağan olunurdu. Yarış zamanı rəqibə zədə yetirmək qadağan idi. Müxtəlif olimpiya yarışlarında bir neçə qalib müəyyən olunurdu, lakin zeytun çələngi bir adama qismət olurdu: çünki olimpiadanın yalnız bir qalibi olmalıydı. Bu qalibin necə müəyyən edilməsi haqqında bizə məlumat gəlib çatmamışdır. Hansı şəhərdən və ya hökumətdən qalib çıxırdısa, ona hər cür hörmət göstərilirdi: onun heykəli meydança və küçələrdə ucaldılır, təsvirini pullara həkk edirdilər, olimpiya oyunları qalibləri şərəfinə himnlər və mahnılar qoşurdular.
Olimpiya oyunlarında əvvəlcə yalnız atletlər yarışırdılar. Bu, yarış stadionunun uzunluğuna bərabər qaçış olub (192, 27 m) "stadiy” adlanırdı. Qaçışın bu növü - stadiodrom yarım əsrdən çox ellinlərin olimpiya bayramlarında yeganə yarışı sayılmışdır. 14-cü Olimpiya oyunlarında (bizim eradan əvvəl 724-cü ilə qədər) proqrama 2 stadiya qaçışı əlavə olunurdu. Bu "diaulos” adlanırdı. Atletlər stadionu o başa və əksinə qaçardılar. I Olimpiya oyunlarında (bizim eradan əvvəl 720-ci ilədək) dözümlülük qaçışı - dolixodrom qaçışı keçirilərdi. Onun məsafəsi 7-dən 2 stadiya arasında olardı. Qaçış yarışları bir neçə mərhələdə o vaxtadək davam edərdi ki, axırda 4 nəfər iti qaçan qalardı və onlar da birinci yer uğrunda mübarizə aparardılar.

Bizim eradan əvvəl 708-ci ildə proqrama güləşmə və beşnövçülük də əlavə olundu. Güləşçilərin mübarizəsində qələbə qazanmaq üçün rəqibi üç dəfə yerə çırpmaq lazım idi. Beşnövçülük (pentatlon) stadiodromdan, uzununa tullanmaqdan, nizə, dəmir lövhə atmaqdan və güləşmədən ibarət idi. İdmançılar uzununa tullanmağı əllərində qantellərlə icra edirdilər: belə hesab edirdilər ki, bu, idmançıya uçuşda daha böyük məsafə qət etməyə kömək edir. Nizəni və dəmir lövhəni çox da hündür olmayan yerdən atardılar. Dəmir lövhə atanlar daha uzağa atmaq, nizə atanlar isə daha dəqiq atmaq uğrunda yarışardılar. Pentatlonda qalib gəlmək üçün bütün ehtimala görə üç yarışda qalib gəlmək tələb olunurdu. Əgər atletlərdən heç biri buna nail olmazdısa, qalib beşnövçülüyün sonuncu növündə - güləşmədə müəyyən olunardı. 23-cü olimpiya oyunlarında (bizim eradan əvvəl 688-ci ilə qədər) ilk dəfə olaraq yumruq döyüşü keçirildi. İştirakçıların yumruqları qayışlarla örtülərdi; iştirakçılardan biri yerə yıxılanda və ya təslim olanda döyüş başa çatardı. Olimpiadanın 2-ci oyunlarında (bizim eradan əvvəl 680-ci ilə qədər) güləşmə və yumruq davası pankrationla birləşdi, bunlar güləşmə və yumruq davası fəndlərinin birləşməsindən ibarət idi. İki təkərli arabaya 4 at qoşardılar. Məsafə: 4 mərhələ üzrə 12 dövrə idi. 6-cı Olimpiadada (bizim eradan əvvəl 20-ci ilə qədər) ilk dəfə olaraq atletlərin tam silahlanmış halda qaçışı oldu. 93-cü olimpiadadan başlayaraq (bizim eradan əvvəl 408-ci ilə qədər) təkərlər üzərində yarış da keçirilir və təkərə cüt at qoşularmış. Təkərlər yarışında iştirak edənlər deyil, bu atlara və təkərlərə sahib olanlar qalib sayılarmışlar (ellin qadınları da bu hüquqa malik imişlər).
Atletlər Olimpiya oyunlarında yarışların növləri üzrə çıxış etməyə məcbur idilər: yalnız ahəngdar inkişaf etmiş atlet, qaçışda, atmalarda, tullanmalarda, güləşmədə, yumruq döyüşündə gücü olan müvəffəqiyyət qazana bilərdi. 37-ci olimpiadadan (bizim eradan əvvəl 632-ci ilə qədər) başlayaraq yarışlarda 20 yaşından az yeniyetmələr də çıxış etməyə başadılar. Əvvəlcə onlar qaçışda və güləşmədə yarışırdılar. Sonrakı Olimpiadada isə beşnövçülükdə də mübarizə apardılar, daha 12 il sonra isə yumruq döyüşündə, bizim eradan əvvəl 200-cü ilə qədər isə (14-cü olimpiadada) pankration üzrə yarışmağa başladılar. Uzun illər boyu oyunlar bir gün ərzində keçirilirdi. 78-ci olimpiadadan (bizim eradan əvvəl 468-ci ilə qədər) isə atletlər bir neçə gün yarışmağa başladılar.
Olimpiada qalibləri arasında bu atletlər daha məşhurdular: Rodosdan olan Leonidas - O, 12 qələbə qazanmışdır (bizim eradan əvvəl 164-12-ci illərə qədər). O, stadiodrom, diaulos və silahlı qaçışda qalib olmuşdur. Ksanfandan olan Germogen 8 qələbə (bizim eradan əvvəl 81-89-cu illərədək) əldə etmişdir. Krotondan olan Astilos 7 qələbə qazanmışdır (bizim eradan əvvəl 488-478-ci illərə qədər). O da qaçışın həmin növləri üzrə qalib olmuşdur. Lakoniyadan olan Xionis 6 qələbə qazanmışdır (bizim eradan əvvəl 664-66-cı illərə qədər), özü də qaçışda və tullanmalarda. Sonuncu Spartalı Gipposfen güləşmədə qələbə əldə etmişdi (bizim eradan əvvəl 624-608-ci ilədək.
Şairlər olimpiya bayramlarında oyunlara həsr olunmuş şerlər və himnlər oxuyardılar, natiqlər öz çıxışlarında onları təriflərdilər. 84-cü oyunlardan (bizim eradan əvvəl 444-cü ilə qədər) başlayaraq Olimpiya oyunları yarışları proqramının bir hissəsini incəsənət müsabiqəsi tutdu. Oyunlarda Herodot, Sokrat, Demosfen, Lukian, Pifaqor kimi görkəmli yunan mədəniyyət xadimləri çıxış edirdilər.

Qədim Yunanıstanın ictimai-siyasi həyatında olimpiya oyunları mühüm rol oynayırdı. Bu oyunlar ayrı-ayrı dövlətlər arasında əlaqələri möhkəmləndirirdi. Lakin bununla yanaşı, bu oyunlar bir növ hərbi qüdrətin baxışı idi.
Yunan torpaqları Romanın ixtiyarına keçəndən sonra da bu oyunlar təşkil olunurdu. Atletlərin yarışları 1168 il ərzində müntəzəm keçirilmişdir.
Yeri gəlmişkən, idmanda atletə həmişəlik verilən yalnız bir qalib adı vardır. Bu, Olimpiya oyunları çempionu adıdır. Təkcə ona heç vaxt "keçmiş” sözü əlavə olunmur. İdmanda "Olimpiya çempionu” adından fəxri ad yoxdur. Yəqin ona görə ki, bu adı qazanmaq idmanda hər hansı başqa ad qazanmaqdan dəfələrlə çətindir. Bir də ki, atletlər bu ad uğrunda dörd ildə bir dəfə mübarizə aparırlar və heç də hamı dalbadal bir neçə Olimpiadada çıxış edə bilmir.



25301 oxunub

InvestAZ