XƏBƏR LENTİ
02 Avqust 2021
31 İyul 2021
30 İyul 2021
29 İyul 2021
28 İyul 2021
27 İyul 2021



Azərbaycan Tokio-2020-nin karate yarışlarında 3 idmançı ilə təmsil olunacaq
İdman 20:17 / 13.06.2021
Karate üzrə milli komandamız Tokio-2020 Yay Olimpiya Oyunlarında 3 idmançı ilə təmsil olunacaq. Rafael Ağayev (-75 kq) və İrina Zaretskanın (+61 kq) ardından, Parisdə Olimpiya lisenziyalı son turnirdə Firdovsi Fərzəliyev (-67 kq) bürünc medalla yanaşı Olimpiadaya lisenziyaya da sahib olub.
Parisdəki yarışda ilkin mərhələdə Li Jinvaya (Koreya), Luka Spitzə (İsveçrə) 2:0, Ramil Makaalaya (Filippin) 1:0, Şaban Abdullaya (Küveyt) 2:1 və Vinisius Fiqueyraya (Braziliya) 1:0 hesabı ilə qalib gələn F.Fərzəliyev, yarımfinalda Martial Tadissiyə (Macarıstan) 2:5 hesabı ilə məğlub olub. İdmançımız bürünc medal görüşündə Stefan Cokiçi (Serbiya) 3:2 hesabı ilə məğlub edərək Tokio Olimpiadasına lisenziyalar uğrunda dördlər finalında iştirak etmək imkanı da qazanıb. Mükafatçılar dairəvi sistemlə bir-birləri ilə yarışıblar. Nəticədə üçüncü yeri tutan F.Fərzəliyev Tokio Yay Olimpiya Oyunlarına vəsiqə alıb.
Kişlərin kumite üzrə baş məşqçisi Qurban Tağıyev və böyük məşqçi Şahin Xudaverdiyevin, həmçinin qadınların baş məşqçisi Denis Morozov və kata üzrə baş məşqçi Vahid Ayvazovun Paris Olimpiya təsnifat turnirində müşayiət etdiyi digər idmançılardan İlahə Qasımova (-55 kq), Fəridə Abiyeva (-61 kq), Asiman Qurbanlı (+75 kq), Roman Heydərov və Neda Rezai (hər ikisi kata) isə medalçılar və olimpiada iştirakçıları arasına düşə bilməyiblər.
İyunun 11-13-də 98 ölkədən 500 karateçinin Olimpiya vəsiqələri uğrunda mübarizəsini idarə edənlər arasında beynəlxalq hakimlər Cahangir Babayev və Vüqar Kərimov da yer alıb. "Pyer de Kubertyen" arenasında yarışın hər kateqoriyasında ilk üçlük olimpiya lisenziyaları qazanıb.
Qeyd edək ki, Tokio 2020-nin iştirakçılarından ilk 40 idmançının adları Dünya Karate Federasiyasının (WKF) rəsmi yarışlarında xüsusi Olimpiya reytinqinin ilk 4 pilləsi ilə təyin edilib. Daha 24 idmançı Fransanın paytaxtında xüsusi Olimpiya lisenziya turnirində vəsiqə qazanıb. 12 əlavə Olimpiya vəsiqəsi isə müvafiq olaraq qitə nümayəndəliklərinə veriləcək. Qalan 4 karateçiyə Olimpiya vəsiqələri Üçtərəfli komissiyanın dəvəti ilə veriləcək.
Tokio-2020 Olimpiadasında 80 karateçi yarışacaq, onlardan 60 nəfəri kumitedə, 20 idmançı isə kata çıxışlarında mübarizə aparacaq. Tokio Olimpiadasının karate yarışları 5-7 Avqustda Nippon Budokan mərkəzində keçiriləcək.

1914 oxunub

InvestAZ