XƏBƏR LENTİ
21 İyun 2021
20 İyun 2021



Heydər Əliyevin Azərbaycanın idman siyasətinin həyata keçirilməsindəki xidmətləri əvəzsizdir
Maraqlı 10:18 / 10.05.2021
"Bizim bu günkü gəncliyimiz sağlam düşüncəli gənclikdir, vətənpərvər gənclikdir, xalqını, millətini sevən gənclikdir… Gənclərimiz mükəmməl təhsil almalı, həyatı dərindən öyrənməli, dünyada gedən prosesləri bilməlidir. Lazımi fəaliyyət göstərib öz xalqına, dövlətinə xidmət etməlidir.”


HEYDƏR ƏLİYEV




Azərbaycanda bədən tərbiyəsi və idman daha böyük inkişafa çatıbdır. Son illərdə respublikamızın ictimai-siyasi həyatında baş verən müsbət dəyişikliklər, bir sıra mədəni-kütləvi tədbirlərin geniş miqyas almasına şərait yaratmış, yeni-yeni yollar açmışdır.
Azərbaycanda idman hər zaman cəmiyyətin inkişafının əhəmiyyətli faktorlardan biri olmuşdur. Ümummilli lider Heydər Əliyev idmanın əhəmiyyətindən bəhs edərək qeyd edirdi: İdman, bədən tərbiyəsi hər bir sivilizasiyalı xalqda, ölkədə olduğu kimi, Azərbaycan xalqının da, Azərbaycan vətəndaşlarının da həyat tərzinin mühüm bir vasitəsidir. (H.Ə.Müstəqilliyimiz əbədidir. Üçüncü kitab. Bakı, Azərnəşr, 1997, s.227).
Dünyanın qabaqcıl ölkələrinin təcrübəsi göstərir ki, bədən tərbiyəsi və idmanın inkişafına dövlət tərəfindən qayğı olmadan müasir tələblərə cavab verən səviyyədə heç bir nailiyyət əldə etmək mümkün deyil.
Beynəlxalq idman aləmində ilk addımlarını atan müstəqil Azərbaycan Respublikası layiq olduğu yeri tutmağa səylə çılışır. Uzun illərdən bəri yaşadığımız müharibə şəraitinin ağırlığına-yurd yuvasından qaçqın düşən soydaşlarımızla bağlı çətinliklərə, iqtisadi gərginliyə baxmayaraq, idmançıların bütün problemlərinin həllində hər zaman dövlət qayğısını hiss etmişik.
Heydər Əliyev respublika fəallarının yığıncağında çıxış edərkən demişdir: "Kütləvi idman işinin inkişafına rəhbərlik böyük siyasi əhəmiyyətə malik işdir, çünki xalqın sağlamlığına bizim dövlət qayğımız həmişə böyük əhəmiyyət vermişdir və indi də verir.”
Nazirlər Sovetinin 28 noyabr 1969-cu il tarixli nümunəvi nizamnaməsi respublikanın rayonlarında bədən tərbiyəsi və idmanın inkişafına yeni impuls verdi. Həmin nizamnamədə deyilir: gənclərin mədəni-məişət şəraitini yaxşılaşdırmaq üçün təşkilatlar tədbirlər görür, onların sağlamlığının möhkəmləndirilməsi və fiziki tərbiyəsinin gündəlik qayğısına qalır. (Komsomol i sport, M.,»Molodaya qvardiya», 1978, str. 111-112).
Dövlətin bədən tərbiyəsi və idmana diqqəti və qayğısı nəticəsində Respublikanın bədən tərbiyəsi və idmançılarının hazırlığının yaxşılaşdırılması işində respublika fəallarının bədən tərbiyəsi və idmana həsr olunmuş 21 iyun 1974-cü il tarixli yığıncağı həlledici rol oynadı. Həmin yığıncaqda respublikada bədən tərbiyəsi və idman işinin vəziyyətinə ətraflı və işgüzar təhlil verildi.
Azərbaycan KP MK-nın birinci katibi, SSRİ Siyasi Bürosunun üzvlüyünə namizəd Heydər Əliyev respublika fəallarının yığıncağında çıxış edərkən demişdir: «Kütləvi idman işinin inkişafına rəhbərlik böyük siyasi əhəmiyyətə malik işdir, çünki xalqın sağlamlığına bizim dövlət qayğımız həmişə böyük əhəmiyyət vermişdir və indi də verir. Ona görə də bədən tərbiyəsi və idman həmişə bütün təşkilatların diqqət mərkəzində olmuşdur. (Fizkulture i sportu-povsednevnuö partinnuyu zabotu. Baku, Azərnəşr, 1974, str. 24). Tezliklə, avqustun 6-da Azərbaycan KP MK və respublika Nazirlər Sovetinirn «Respublikada bədən tərbiyəsi və idmanın vəziyyəti və onun daha da inkişaf etdirilməsi tədbirləri haqqında» qərarı qəbul olundu”, Respublikanın fəallar yığınacağından sonra isə qərarda idman qurğularının tikilməsi, kənddə və yaşayış yerlərində bədən tərbiyəsi və idmanın inkişafına, respublikanın qabaqcıl idmançılarının ustalığının tərəqqisinə nail olunması bədən tərbiyəsi-idman işi rəhbərliyinin kökündən yaxşılaşdırılması və başqa mühüm məsələlər qaldırıldı.
Bundan başqa qərarda kütləvi bədən tərbiyəsi və idman işləri rəhbərliyinin işinə qiymət verilməsinin bədən tərbiyəsi və idmanın hansı dərəcədə inkişaf etməsindən asılı olduğu da qeyd edilmişdir. Göstərildi ki, bədən tərbiyəsi və idmanla müntəzəm məşğul olanların sayı son 10 ildə iki dəfədən çox artmış və 1974-cü ildə 886 min 433 nəfərə çatmışdır. Məşğul olanların 108,844 nəfəri dərəcəli idmançı (2,429 nəfər 1-ci dərəcəli) və 348,083 nəfəri isə ƏMH nişançısı idi. (Azərbaycan bədən tərbiyəsi və idman komitəsinin hesabatı. 1974).
Heydər Əliyevin ölkəmizə hələ birinci rəhbərliyi dövründə digər sahələrdə olduğu kimi, idmanın da inkişafına böyük diqqətlə yanaşılmış, gələcək inkişaf perspektivləri ciddi nəzərə alınmışdı. O illərdə idmanın maddi-texniki bazasının yaradılması üçün çox iş görülmüşdü. Bir çox idman kompleksləri, qurğuları, zalları tikilmiş, meydançalar salınmış, böyük idman-sağlamlıq mərkəzləri yaradılmışdı. 1970-ci illərdə Bakıda 250 idman meydançası və şəhərciyi salınmışdı. 1973-cü ildə Bakıda möhtəşəm idman sarayının təməli qoyularaq inşa edildi. 1974-cü ildə ölkənin 36 rayonunda 59 uşaq-gənclər idman məktəbi fəaliyyət göstərirdi.
"Dostluq-84” yarışlarında dünyanın 50 ölkəsindən 2364 idmançı çıxış etmişlər. Yarışlar ölkəmizin və xarici ölkələrin Ümumittifaq və beynəlxalq dərəcəli (1,100) hakimləri tərəfindən idarə olunurdu. "Dostluq-84” yarışlarının təşkilat komitəsinin sədri xalqımızın ümummilli lideri Heydər Əliyev olmuşdur. "Dostluq-84” yarışlarının idarə olunmasına Azərbaycanın bir sıra görkəmli hakimləri də dəvət olunmuşdur. Bu yarışlarda həndbol üzrə E.Əsgərova və avarçəkənlərimiz qızıl medal qazanmışlar.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dediyi kimi: "Olimpiya Oyunları təkcə idman yarışı deyil, həm də böyük siyasətdir. Olimpiya Oyunları böyük bir idman hadisəsidir və deyə bilərəm ki, dünya miqyasında çox böyük ictimai hadisədir.
Azərbaycanın hərtərəfli inkişafı üçün idman potensialının güclənməsi çox böyük əhəmiyyət daşıyır. Çünki qeyd etdiyim kimi, idman ictimai həyatın mühüm hissəsidir. Tikilən idman qurğuları, sosial infrastrukturun yeniləşməsi, - bütün bunlar sosialyönümlü tədbirlərdir.” Dövlətin gənclər və idman siyasətinin həyata keçirilməsi üçün 1994-cü ildə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 861 saylı fərmanına əsasən Azərbaycan Respublikası gənclər və idman nazirliyi yaradıldı. 1994-cü ili respublikanın idman həyatında dönüş ili adlandırmaq olar. Xalqımızın ümummilli lideri Heydər Əliyevin fərmanına əsasən Azərbaycandada İdman Fondu yaradıldı (1995). İdmanın inkişafı üçün Prezident Fondundan vəsait ayrıldı. Azərbaycan Respublikası Prezidentinin Fondundan müstəsna hal kimi İdman Fonduna 2 milyard manat vəsait ayrılmışdır. Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildikdən sonra ölkədə idmana münasibət dəyişdi. Xalqımızın ümummilli lideri Heydər Əliyev Azərbaycanda idmanın kütləviliynə nail olmaq, bədən tərbiyəsi və idmanı geniş coğrafi məkanda inkişaf və təbliğ etdirmək, yüksək nailiyyətlər əldə etmək və dünya şöhrətli idmançılar hazırlamaq üçün bu sahədə birbaşa məşğul olan qurumlar qarşısında konkret vəzifələr qoydu. Azərbaycan Respublikasının bədən tərbiyəsi və idman hərəkatı tarixində ilk dəfə Milli Məclis "Bədən Tərbiyəsi və İdman Haqqında” Qanun qəbul etmişdir (23.12.1997). 18 aprel 2001-ci ildə Azərbaycan Respublikası gənclər, idman və turizm nazirliyi (ARGİTN) yarandı.
1972-2000-ci illər ərzində Xalqımızın ümummilli lideri Heydər Əliyev bədən tərbiyəsi və idmana diqqəti və qayğısı nəticəsində beş dəfə Olimpiya Oyunlarında iştirak edən idmançılarımıza xeyir-dua verərək yola salmışdır (XX Yay Olimpiya Oyunları, 1972-Münhen, XXI Yay Olimpiya Oyunları, 1976-Monreal, XXII Yay Olimpiya Oyunları, 1980-Moskva, XXVI Yay Olimpiya Oyunları, 1996-Atlanta, XXVII Yay Olimpiya Oyunları, 2000-Sidney). Həmin Olimpiya Oyunlarında olimpiyaçılarımız 6 qızıl, 6 gümüş və 2 bürünc medal qazanmışlar.
Azərbaycanın dövlət müstəqilliyinin ilk illərində özünü bütün sahələrdə qabarıq göstərən ideoloji-siyasi, iqtisadi böhran səbəbindən idman siyasəti tamamilə diqqətdən kənarda qalmışdı. Hələ sovetlər dövründə qazandığı müvəffəqiyyətlərlə məşhurlaşmış adlı-sanlı, perspektivli idmançılarımızın böyük əksəriyyəti dözülməz şərait səbəbindən Azərbaycanı tərk etmək məcburiyyətində qalmışdılar. İdmana tarixən marağın güclü olduğu ölkəmizdə vəziyyətin belə acınacaqlı şəkil alması gənclərin qeyri-sağlam həyat tərzinə, zərərli vərdişlərə aludəçiliyinə, bir sözlə, mənəvi aşınmasına səbəb olur, müharibə şəraitində yaşayan məmləkətdə fərarilik hallarının çoxalmasına rəvac verirdi. Digər tərəfdən, ulu öndər Heydər Əliyevin vaxtilə xalqına ərməğan etdiyi idman kompleksləri baxımsızlıq üzündən dağıdılmış, dəryada batan gəmini xatırladan idmanımız taleyin ümidinə buraxılmışdı. Bunun obyektiv səbəbləri olsa da, subyektiv səbəbləri daha da çox idi. O illərdə idman sahəsində yaranmış vəziyyətə münasibət bildirərkən Heydər Əliyev demişdir:
"... 1990-1993-cü illərdə Azərbaycanda bütün idman qurğuları dağıdılmışdı. Azərbaycanın ən böyük stadionu bərbad vəziyyətə salınmışdı. Ayrı-ayrı adamlar orada müxtəlif bazarlar, dükanlar açmışdılar, oranı kababxanaya döndərmişdilər. Bilin, mən bu məsələ ilə tanış olanda Azərbaycanda çox şeylər dağıdılmışdı. Amma Azərbaycanın gəncliyi, idmanı üçün ən vacib olan bu stadionun dağıdılması məni həddindən artıq incitdi".
Ümummilli lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra ölkədə idmana münasibət kökündən dəyişdi. İdmanın və bədən tərbiyəsinin inkişafı dövlət siyasətinin prioritet qollarından birinə çevrildi, bu sahədə yüksəlişin əsası qoyuldu. Müstəqil Azərbaycanın həm də bir idman ölkəsi kimi beynəlxalq aləmdə tanınması və olimpiya hərəkatına qoşulması geniş vüsət aldı. İdmanın üzləşdiyi problemlərin aradan qaldırılması, idmançıların maddi rifahının yüksəldilməsi, onlara gələcək qələbələr üçün stimul verilməsi, habelə ölkədə yeni idman komplekslərinin yaradılması istiqamətində gələcək prioritetlər müəyyənləşdirildi. 1993-cü ilin noyabrında ulu öndər dünya və Avropa miqyaslı yarışlarda yüksək nəticələr göstərmiş Azərbaycan idmançılarını qəbul etdi. Bu görüşdə Heydər Əliyev qeyd etdi ki, idmançılar dövlətin xüsusi qayğısı ilə əhatə olunmalıdırlar. Bu qayğı həm də ölkəmizdə idmanın inkişafına, istedadlı idmançıların potensial imkanlarının açılmasına xidmət etməlidir. İdmanın inkişafı üçün geniş imkanlar yaradılacağını bildirən Heydər Əliyev bu sahənin həm də milli məfkurə, mədəni irs və düşüncə sistemi, ən əsası, oturuşmuş tarixi ənənələr əsasında inkişafını dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirmişdi.
Heydər Əliyevin Azərbaycanın idman siyasətinin həyata keçirilməsi sahəsindəki xidmətləri əvəzsizdir. Ulu öndər idmançıların cəmiyyət həyatındakı rolunun artması, özlərinə layiqli yer tutmaları üçün əlindən gələni əsirgəməmişdir. Dövlətin idman siyasətinin həyata keçirilməsi üçün 1994-cü ildə Heydər Əliyevin fərmanı ilə Gənclər və İdman Nazirliyi yaradıldı. Bu mənada, 1994-cü ili respublikanın idman həyatında dönüş ili adlandırmaq olar. 1995-ci il martın 5-də Heydər Əliyev yeni bir fərman imzaladı. Həmin fərmana əsasən, Azərbaycan Respublikası əhalisi arasında sağlam həyat tərzinin təbliğ edilməsi və bədən tərbiyəsinin maddi-texniki bazasının inkişaf etdirilməsi, bu sahədə ümumxalq yardımının təşkil olunması məqsədilə gənclərin idmana marağını artırmaq və Azərbaycan idmanının beynəlxalq miqyasa çıxmasına real zəmin yaratmaq üçün Azərbaycan Prezidenti yanında fond yaradıldı.
Heydər Əliyev Azərbaycanda idmanın kütləviliyinə nail olmaq, bədən tərbiyəsi və idmanı geniş coğrafi məkanda inkişaf və təbliğ etdirmək, yüksək nailiyyətlər qazanmaq və dünya şöhrətli idmançılar hazırlamaq üçün bu sahədə birbaşa məşğul olan qurumlar qarşısında konkret vəzifələr qoymuşdu. İdmanın inkişafı üçün həyata keçirilməli əsas tədbirlər sırasına mövcud idman bazalarının, stadionların, meydança və zalların qorunması, bərpası və təyinatı üzrə istifadəsinin təmin edilməsi, yeni idman bazalarının, meydançalarının, stadion və zalların tikilməsi, zəruri avadanlıqlarla təchizatı, idman klublarının açılması, mütəxəssislərinin yetişdirilməsi, ölkə birinciliklərinin və digər yarışların keçirilməsi, idmançılarımızın beynəlxalq yarışlarda iştirakının təmin edilməsi, yüksək nəticələri olan idmançılara diqqət və qayğı göstərilməsi, Azərbaycanda beynəlxalq yarışların keçirilməsi, uşaq və yeniyetmələrin daha geniş miqyasda idmana cəlb olunması daxil edilmişdi. Çox qısa zamanda həyata keçirilən mühüm tədbirlərin nəticəsi olaraq idmançılarımız tədricən möhtəşəm qələbələrə imza atdılar, üçrəngli bayrağımız beynəlxalq arenalarda dalğalanmağa başladı. Heydər Əliyev idmanın, bədən tərbiyəsinin inkişafını hər bir sivilizasiyalı xalqın ali ideallarının təcəssümü olmaqla yanaşı, həm də dövlətin beynəlxalq nüfuz və mövqelərinin təntənəsi kimi qiymətləndirirdi. Ulu öndər idmanın dövlətimizin dünyada tanınmasında, imicinin möhkəmlənməsində müstəsna rolunu önə çəkərək deyirdi: "İdman, bədən tərbiyəsi xalqın sağlamlığı ilə bağlı olan mühüm sosial sahədir. Azərbaycan bayrağı dünyada, demək olar ki, iki dəfə qaldırılır. Bu, bir Azərbaycanın dövlət başçısı hər hansı ölkəyə gələrkən və bir də idmançılarımız beynəlxalq yarışlarda çempion adını qazanarkən baş verir. Azərbaycan himni səslənir, dövlət bayrağı qaldırılır".
Heydər Əliyev idmançıların sosial vəziyyətlərini yaxşılaşdırmaq məqsədi ilə yüksək nailiyyətlər əldə etmiş idmançılar haqqında mükafat və təqaüdlərin verilməsi ilə bağlı sərəncam və fərmanlar imzalamışdır. Belə ki, Milli Olimpiya Komitəsinin təqaüdləri idmanın Olimpiya növlərində hər il, əvvəlki ildə dünya və Avropa çempionatlarında, dünya kuboku "A” kateqoriyalı beynəlxalq yarışlarda mükafata layiq yerləri tutumş idmançılar, eləcə də onların məşqçilərinə üç kateqoriya üzrə təqaüd nəzərdə tutulmuş və illər üzrə ödənilir.
I kateqoriya üzrə idmançılar və onların məşqçilərinə 233 min 225 min manat, II kateqoriya üzrə 220 min 750 min manat və III kateqoriya 667 min 450 manat təqaüd verilir. Fərəhli haldır ki, hər il təqaüdlərin məbləği artırılır. Olimpiya qabağı 2003-cü ildə təqaüdlərin yeni növünü, lisenziya təqaüdünü də təsis etmişdir. İdmançıların, məşqçilərin, veteranların sosial vəziyyətini yaxşılaşdırmaq məqsədi ilə Azərbaycan Milli Olimpiya Komitəsi öz vəsaiti hesabına təqaüdlər təsis etmişdir və 1998-2002-ci illərdə 3 milyard manat məbləğində təqaüd verilmişdir.
Dövlətin bədən tərbiyəsi və idmana diqqəti və qayğısı nəticəsində Milli Olimpiya Komitəsi Azərbaycan idmanının inkişafında müstəsna xidmətləri ilə seçilən veteran idmançılar üçün də xüsusi təqaüd təyin etmiş və 1998-ci ildən bəri bu təqaüdlər ödənilir. 1998-2000-ci illərdə idmançılara və onların məşqçilərinə 2 milyard 220 milyon 350 min manat məbləğində təqaüd vermişdir. Bu təqaüdlər 1998-ci ildə 309 milyon 600 min manat olmuşdursa, sonrakı illərdə onun miqdarı üç dəfəyə yaxın artmışdır.
Möhtərəm Prezidentimiz Heydər Əliyevin xüsusi sərəncamı ilə dövlət büdcəsindən ehtiyat fondundan şahmatçıların hər birinə 40 milyon manat vəsait ayrılmışdır. "İdmana xüsusi qayğını öz üzərimə götürürəm və əmin ola bilərsininz ki, bu qayğını daim hiss edəcəksiniz” – söyləyən ümummilli lider Heydər Əliyev axıra kimi idmançılarımızın qayğısına qaldı. Belə ki, dövlətin bədən tərbiyəsi və idmana diqqəti və qayğısı nəticəsində 1995-2002-ci illərdə 24 "Şöhrət” ordeni, 45 "Tərəqqi” medalı, 21 "Əməkdar müəllim”, 10 "Xüsusi Olimpiya təqaüdü” və 21 "Fərdi təqaüd” verilmişdir.
1994-2003-cü illərdə Azərbaycan idmançıları Olimpiya idman növləri üzrə Avropa və dünya çempionatlarında 89 medal qazanmışlar (onlardan 32 qızıl, 22 gümüş, 35 bürünc).
1997-ci ildə Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) növbəti sessiyası keçirilmişdir. Sessiyada Azərbaycan Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti İlham Əliyev MOK-un prezidenti seçilmişdir. 1997- ci il MOK-un fəaliyyətində əsas dönüş ili kimi tarixə düşüb. MOK-un fəaliyyətinə ən böyük qiyməti Beynəlxalq Olimpiya Komitəsinin (BOK) prezidenti cənab Jak Roqq vermişdir: "Azərbaycan Milli Olimpiya Komitəsi başqa Olimpiya Komitələri üçün örnək olmalıdır, Azərbaycan MOK-undan nümunə götürməlisiniz”. O, bunu dünyanın digər milli olimpiya komitələrinə müraciətində demişdir.
Ulu öndər Heydər Əliyevin idman sahəsində həyata keçirdiyi siyasət 1997-ci ildən mühüm mərhələyə qədəm qoydu. Rəhbərlik etdiyi bütün sahələrdə uğurlara imza atan cənab İlham Əliyevin Milli Olimpiya Komitəsinin prezidenti seçilməsi Azərbaycan idmanının həyatında mühüm və əlamətdar hadisə kimi tarixə yazıldı. Bu tarixi seçim ümummilli lider Heydər Əliyevin respublikada idmanın inkişafı ilə bağlı ideyalarının daha sürətlə gerçəkliyə çevrilməsini təmin etdi, idman sahəsində həyata keçirilən dövlət siyasətinin yeni şəraitdə gerçəkləşməsinə böyük imkanlar açdı. Cənab İlham Əliyevin idman və bədən tərbiyəsinin tərəqqisi, Azərbaycanın dünya idman ailəsinin bərabərhüquqlu üzvünə çevrilməsi üçün atdığı addımlar ölkənin bütün idman ictimaiyyəti tərəfindən razılıqla qarşılandı. Cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən tədbirlər qısa zaman kəsiyində öz bəhrəsini verməyə başladı. İdmançılara dövlət qayğısı ilə yanaşı, idmanın maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində mühüm işlərə start verildi. 2000-ci ildən etibarən Azərbaycanın müxtəlif bölgələrində müasir tipli olimpiya idman kompleksləri tikilib istifadəyə verilməyə başladı.

Azərbaycan xalqının fiziki-mənəvi sağlamlığına çalışan cənab İlham Əliyev Prezident seçildikdən sonra da idman və bədən tərbiyəsinin inkişafı sahəsində kompleks tədbirlərin həyata keçirilməsini diqqətdə saxlamış, daim respublikamızın idman imicinin yüksəlməsinə çalışmışdır. İdmana dövlət qayğısı daha da artmış, ölkəmizin iqtisadi inkişafına, artan maliyyə imkanlarına uyğun olaraq onun maddi-texniki bazasının möhkəmləndirilməsi yolunda ciddi işlərə başlanılmışdır. Dövlət başçısı Azərbaycanın bütün rayonlarında idmanla məşğul olmaq üçün müasir tələblərə cavab verən infrastrukturun formalaşdırılmasını mühüm vəzifələrdən biri kimi müəyyənləşdirmişdir. Bütün bunlar isə gənc nəslin sağlam ruhda tərbiyəsinə, respublikamızda idmanın kütləviləşməsinə xidmət edir.
Respublika hökumətinin tükənməz diqqəti sayəsində idmanın maddi – texniki bazasının, bədən tərbiyəsi və idmanın kütləviliyinin yaxşılaşdırılmasına və inkişafına imkan yaranmışdı.
Bədən tərbiyəsi və idman cəmiyyətdə şəxsiyyətin mənəvi və əxlaqi simasının formalaşması üçün təsirli vasitədir. Bunun əyani nəticələrinin bədən tərbiyəsi və idmanın kütləviliyndə, idman bazalarının kifayət qədər mövcud olmasında axtarmaq lazımdır.
Son 28 ildə ölkəmizdə bütün sahələrdə olduğu kimi, müasir idman infrastrukturunun yaradılması istiqamətində də genişmiqyaslı tədbirlər həyata keçirilir, yeni-yeni idman obyektləri tikilib istifadəyə verilir. Dünyanın qabaqcıl idman ölkələrindən biri olan Azərbaycan hazırda beynəlxalq Olimpiya hərəkatının fəal üzvlərindən biridir. İdmanın bütün sahələrinin inkişaf etdirilməsi Azərbaycan Prezidentinin daim diqqət mərkəzindədir. Paytaxt Bakıda və regionlarda inşa edilən, ən müasir avadanlıqla təchiz olunan Olimpiya İdman komplekslərinin sayı artıq 50-yə yaxın olmuşdur. Mövcud idman komplekslərinin əsaslı şəkildə yenidən qurulması isə beynəlxalq yarışların keçirilməsi üçün ölkəmizin imkanlarını daha da artırır.
İdmanın inkişafına göstərilən yüksək dövlət qayğısı nəticəsində Azərbaycan idmançıları dünyanın mötəbər yarışlarında və Olimpiya Oyunlarında ölkəmizi ləyaqətlə təmsil edir, uğurlarını ildən-ilə daha da artırırlar. 2015-ci ildə Bakıda keçirilən birinci Avropa Oyunlarına hazırlıq çərşivəsində beynəlxalq standartlara uyğun mühüm layihələr icra olundu, ölkəmizdə müasir idman infrastrukturunun yaradılması işində böyük irəliləyişlər baş verdi. Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın iştirakı ilə 2012-ci ildə Bakıda açılışı olan Milli Gimnastika Arenası idmanın bu növünün daha da inkişaf etdirilməsi işində mühüm rol oynayadı.
Azərbaycanda idman siyasətinin düzgün qurulduğunu bu sahədə qazanılmış uğurlu nəticələr təsdiqləyir. Bir vaxtlar maddi çətinliklər üzündən respublikamızı tərk etmiş çoxlu sayda idmançı gənc geri qayıdaraq respublikamızın idman şərəfini uca tutur, üçrəngli bayrağımızı göylərə qaldırır. Ölkəmizdə beynəlxalq səviyyəli yarışlar təşkil olunur, idmançılarımız hər il müxtəlif idman növləri üzrə keçirilən Avropa və dünya çempionatlarında uğurlu nəticələr göstərirlər. Dövlət başçısı İlham Əliyevin bu yarışları izləməsi, idmançılarımıza mənəvi və maddi dəstək verməsi, onları ruhlandırması da vacib məqam kimi vurğulanmalıdır.
Uğurlu idman siyasətinin nəticəsi olaraq Azərbaycan həm də dünyanın idman ictimaiyyəti tərəfindən ciddi tərəfdaş, idmançılarımız isə əsas rəqib kimi qəbul olunurlar. Azərbaycanın qısa müddətdə idman sahəsində əldə etdiyi nailiyyətlər beynəlxalq idman təşkilatlarının diqqətindən yayınmamış, məhz onların istəyi ilə son illərdə ölkəmizdə saysız-hesabsız mötəbər beynəlxalq turnirlər, dünya və Avropa çempionatları keçirilmişdir.
Təqdirəlayiq haldır ki, ölkəmizdə idmanın inkişafına olan qayğı tək olimpiya idman növlərini deyil, qeyri-olimpiya idman növlərini də əhatə edir. Aidiyyəti dövlət orqanları bu cür idman növləri ilə məşğul olan idmançılarımızın beynəlxalq yarışlarda iştirakını daim maliyyələşdirir, onları gələcək qələbələrə ruhlandırmaq üçün müxtəlif stimullaşdırıcı tədbirlər görürlər. Bunun nəticəsidir ki, Azərbaycan idmançıları ağırlıqqaldırmanın yalnız peşəkarların məşğul olduğu pouerliftinq növü, peşəkar boks, kikboksinq, qaydasız döyüş və digər idman növlərində ən yüksək nailiyyətlərə imza atırlar. Prezident İlham Əliyev bu barədə deyib: "Azərbaycanda idmanın həm Olimpiya, həm də qeyri-olimpiya növləri bərabər hüquqa malikdir. Heç bir ayrı-seçkilik yoxdur və bu siyasət Azərbaycanda uzun illərdir aparılır. İstər Olimpiya idman növü ilə, istərsə də qeyri-olimpiya idman növü ilə məşğul olan idmançılara biz həmişə eyni gözlə baxırıq. Bu, belə də olmalıdır. Çünki hər bir idmançı beynəlxalq yarışlarda Azərbaycanın idman şöhrətini ucaldır".
FİDE-nin sabiq prezidenti K.İlyumjinov xüsusi qeyd edib ki, Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində Azərbaycanda idmanın bütün növləri inkişaf edir: "Şahmata marağı xüsusi qeyd etməliyəm. Azərbaycanda olan şahmat ənənələri hamıya məlumdur.
Respublikamızda bədən tərbiyəsi və idmanın inkişafı habelə, bütün idman növləri üzrə müstəqilliyimiz dövründə qazanılmış medalların sayının ilbəil artması xalqımızın ümummilli lideri Heydər Əliyevin davamçısı Prezident cənab İlham Əliyev bədən tərbiyəsi və idmana göstərdiyi diqqət və qayğının nəticəsidir.
Xalqımızın ümummilli lideri Heydər Əliyev kimi böyük şəxsiyyətlərin fəaliyyətinin araşdırılması illər, bəlkə də onilliklər tələb edir, amma əlbəttə ki, hamını eyni dərəcədə xəbərdar olduğu çox adi bir həqiqət də var. Liderimiz Heydər Əliyevin həyat fəaliyyəti gənclərimiz üçün zəngin tərbiyə məktəbidir. Ulu Öndər Heydər Əliyev Azərbaycan xalqı üçün tarixin bəxş etdiyi misilsiz bir şəxsiyyət idi və hamı onun nə dərəcədə qiymətli olduğunu çox gözəl bilirdi.
Hər birimizin borcudur ki, Heydər Əliyevin bizə miras qoyduğu müstəqil dövlətçilik ənənələrini göz bəbəyi kimi qoruyaq. Onun layiqli davamçısı gənc və qətiyyətli prezident İlham Əliyevin ətrafında sıx birləşməklə biz o dahi şəxsiyyətin milli simvola çevrilməsinə nail olacağıq.





2787 oxunub

InvestAZ