XƏBƏR LENTİ
22 İyun 2021
21 İyun 2021
20 İyun 2021



Elnur Məmmədli: “O, sadəcə nazir deyil, bütün idmançılara dost, sirdaş, qələbəyə həvəsləndirən bir insan idi”
İdman 15:20 / 05.05.2021
"Bu acı xəbər hər kəs kimi, məni də çox sarsıtdı. Azad Rəhimovun dəfn olunduğu ikinci Fəxri Xiyabana gedib onun məzarına əklil qoydum. Amma etiraf edim ki, hələ də Azad müəllimin dünyasını dəyişdiyini qəbul edə bilmirəm”.

Bu sözləri "Olimpiya dünyası” qəzetinə Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti Elnur Məmmədli bildirib. Azad müəllimlə bağlı xeyli xatirələrinin olduğunu deyən Olimpiya çempionu onunla ən səmimi münasibətlərinin Pekin-2008 Yay Olimpiya Oyunlarına təsadüf etdiyini qeyd edib.

"Azad müəllim həmin ərəfədə 2 il olardı ki gənclər və idman naziri vəzifəsinə təyin olunmuşdu. Azad müəllimin Olimpiya Oyunlarında ilk yarışımdan əvvəl soyunub-geyinmə otağına gəlib, mənimlə etdiyi söhbət bugünki kimi yadımdadır. O, içəri daxil olaraq "Elnur çempion! Mən sənə inanıram. Sən artıq Avropa çempionusan, dünya 2-cisisən. Düzdür, çox həyəcanlıyam, amma sənə inanıram”, - sözlərini dedi. Bu sözlər xatirəmdə əbədi həkk olub. O, həmçinin cənab Prezident İlham Əliyevin, Mehriban xanım Əliyevanın zalda olduğunu və mənim var gücümlə güləşəcəyimə əminliyini bildirdi. Mən isə Azad müəllimə narahat olmamasını və layiqincə Azərbaycanı təmsil edəcəyimi demişdim. Bütün mərhələlərdə qalib gəlib, finala yüksəldiyimdə isə Azad müəllim yenidən yanıma gəldi. O, soyunub-geyinmə otağına sevinc hissləri ilə daxil olub, məni qucaqladı. Cənab nazir həmin an mənə "Mən istəyirəm ki, sən çempion olasan”, - dedi. Çempion olduqdan sonra Atletlər Kəndinə gedəndə komanda heyətimizin orada qələbəni qeyd etmək üçün yığıldığını və girişdə şəklimin divara vurduğunu görüb çox təsirlənmişdim. Azad müəllim məni yanına dəvət edib qucaqladı və mənimlə fəxr etdiyini bildirdi. O, həqiqətən də idmançılara çox səmimi, dostcasına yanaşır, insana hərtərəfli dəstək olurdu. Hətta biz bəzən Azad Rəhimovun nazir olduğunu unudurduq. Hər bir idmançıya xüsusi qayğı ilə yanaşır, problemimiz olanda isə dərhal canla-başla həll edirdi. O, sadəcə nazir deyil, bütün idmançılara dost, sirdaş, qələbəyə həvəsləndirən bir insan idi. Azad müəllim çox böyük bir ürəyə sahib, nurlu bir şəxs idi. Onun necə vətənpərvər bir şəxs olduğunu görmək üçün beynəlxalq yarışlarda dövlət himnimizin səsləndiyi zaman kövrəldiyini izləmək kifayət edirdi. Azad Rəhimov dövlət başçımıza, xalqımıza, millətimizə çox sədaqətli bir insan idi. Allah Azad Rəhimova rəhmət eləsin, ailəsinə səbr versin”, - deyə Elnur Məmmədli bildirib.

1980 oxunub

InvestAZ