Yasamal
rayon İcra Hakimiyyəti və Yasamal rayon Gənclər və İdman İdarəsi
tərəfindən Vətən müharibəsi şəhidlərinin doğum günləri ərəfəsində təşkil
olunan ənənəvi tədbirlər davam edir. Bu dəfə Vətən müharibəsində şəhid
olan Elvin Salahov, Ramil Ağayev, Rəşad Mikayılzadənin xatirəsinə həsr
olunmuş kikboksinq üzrə turnir təşkil olunub. Yeniyetmə və gənclər
arasında keçirilən turnirdə qaliblərin təntənəli mükafatlandırılma
mərasimi keçirilib.
Yasamal rayon Gənclər və İdman İdarəsinin rəisi
İlham Səfərov turnirin rəsmi açılış mərasimində çıxış edərək, müzəffər
ordumuzun Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında 44
günlük Vətən müharibəsində qəhrəmanlıq göstərmiş şəhidlərimizin
xatirəsini yaşatmaq və gənclər arasında təbliğ etmək məqsədi ilə idarə
tərəfindən təsdiq edilmiş xüsusi tədbirlər planına müvafiq olaraq
keçirilmiş turnirlərin önəmindən danışıb. Tədbirdə Millət Vəkili Səbinə
Xasayeva, Yasamal rayon İcra Hakimiyyəti Başçısı Aparatının şöbə müdiri
Xaqan Teymurov, "Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid
Ailələri” İctimai Birliyinin Yasamal rayon Təşkilatının sədri Bəhram
Şeydayev çıxış etmiş, Vətən müharibəsi şəhidlərinin xatirəsini
ehtiramla yad ediblər. Sonda Vətən müharibəsi şəhidlərinin ailə üzvləri
çıxış edərək övladlarının keçdiyi şərəfli döyüş yolundan danışmış,
turnirin təşkilatçılarına minnətdarlıqlarını bildirmişlər.
Turnirdə
Şahan İmanov (40 kq), Cəfər Cəfərli (50 kq), Elcan İbrahimov (60 kq),
İlkin Qafarov (70 kq), Rəsul Süleymanov (80 kq) qalib adını qazanıblar.
Qeyd edək ki, ümumilikdə yarışda 50-dək idmançı qüvvəsini sınayıb.