XƏBƏR LENTİ
21 İyun 2021
20 İyun 2021



Olimpiya Oyunlarının möcüzəsi- Los-Anceles-1984
İdman 15:04 / 09.06.2021

Dünya idmanı tarixinin ən mötəbər yarışı olan Olimpiya Oyunları ev sahibi ölkəyə külli miqdarda qazanc gətirir. Lakin Oyunlar ev sahibini inanılmaz miqdarda borca da sala bilər. 1976-cı ildə Kanadanın Monreal şəhərində keçirilən Yay Olimpiya Oyunları da belə olub. Kanadalılar həmin yarışları indi də ürək ağrısı ilə xatırlayırlar. İlk baxışdan hər şey yaxşı keçib: yarış obyektləri yüksək səviyyədə hazırlanıb, idmançılar və qonaqlar üçün lazımi şərait yaradılıb və s. Monreal - 1976 Olimpiadası, hətta "ən bahalı Olimpiya Oyunları” kimi tarixə düşüb. Lakin Oyunlardan sonra məlum olub ki, Kanada külli miqdarda borcun içindədir. Təsəvvür edin ki, ölkəyə dəymiş ziyan qazancı 720 faiz üstələyib. Kanada hökumətinin Oyunların təşkili üçün ayrı-ayrı dövlətlərdən götürdüyü krediti ödəməsinə 30 il lazım olub. Kanadanın üzləşdiyi bu acınacaqlı vəziyyət təsirsiz ötüşməyib. Belə ki, növbəti Olimpiya Oyunlarına ev sahibi iddiasında olan namizəd şəhərlərin sayı kəskin şəkildə azalıb. Nəticədə, 1980-cı ildə keçiriləcək Yay Olimpiya Oyunları uğrunda cəmi 2 şəhər mübarizə aparmalı olub - Moskva (SSRİ) və Los-Anceles (ABŞ). Sovet lobbisinin gücü və təsiri sayəsində Oyunların Moskvada keçirilməsinə qərar verilib.


Bir ölkənin iki namizəd şəhəri

1984-cü ildə təşkil olunacaq Olimpiya Oyunlarının ev sahibinin seçilməsi asan olmayıb. Yenə də cəmi 2 namizəd şəhər var idi: ABŞ-ın Los-Anceles və Nyu-York şəhərləri. Beynəlxalq Olimpiya Komitəsinin (BOK) qaydalarına görə, bir ölkənin iki şəhəri səsvermədə iştirak edə bilməz. Buna görə də, Olimpiada - 1984-ün ev sahibi, demək olar ki, ABŞ Milli Olimpiya Komitəsi tərəfindən seçilib.
Los-Anceles Yay Olimpiya Oyunları başa çatdıqdan sonra onu "əsl möcüzə” adlandırdılar. Bu, təsadüfi deyildi. Ona görə ki, Los-Anceles Olimpiadası təşkilatçılara 200 milyon dollar qazandırdı. Həmçinin bu Oyunlar müasir Olimpiya Hərəkatının ən uğurlu Olimpiadası kimi tarixə düşdü.


"Möcüzənin resepti”

Maraqlıdır, amerikalılar nə etdilər ki, planetin ən ziyanlı tədbiri ən çox qazanc gətirən tədbirə çevirildi?
Deməli, amerikalılar fikirləşiblər ki, baha başa gələn çoxsaylı idman obyekti inşa etmək lazım deyil. Planetin ən bahalı stadionunu tikmək də məqsədəuyğun olmaz. Olimpiya Oyunlarının açılış mərasimini 1932-ci ildə elə Los-Ancelesdə keçirilən Olimpiadanın əsas stadionunda təşkil etmək qərara alındı. Həmin stadion 1932-ci ildə inşa edilmişdi və I Dünya müharibəsində həlak olan amerikalıların xatirəsinə həsr olunmuşdur.
Beləliklə, Los-Anceles - 1984 Olimpiadası üçün cəmi iki yeni idman obyekti tikildi. Bu stadionların tikintisi özəl şirkətlərin (minimarketlər şəbəkəsi və dünyada məşhur olan fast-fud qida şirkəti) vəsaiti hesabına həyata keçirildi.
Los-Anceles - 1984 Yay Olimpiya Oyunlarının iqtisadi möcüzəsinin ikinci dayağı sahibkarlarla bağlı oldu. İdman obyektlərinin və hotellərin sahibləri özlərinə məxsus məkanları öz vəsaitləri hesabına Olimpiadaya hazırladılar. Oyunlar başa çatdıqdan sonra isə, həmin sahibkarlar əldə olunan qazancdan öz paylarını götürdülər.
Amerikalılara pul qazandıran bu "maşının” üçüncü təkəri teleyayım idi. Bu satışdan əldə olunan gəlir rekord məbləğdə oldu və oyunların ümumi büdcəsinin əsas hissəsinə çevrildi. Teleyayım Loc-Ancelesə Moskva-1980-dən iki dəfə, Monreal-1976-dan isə dörd dəfə çox pul qazandırdı.
"Dördüncü təkər” rolunu iri həcmli sponsor müqavilələri oynadı. Təşkilat Komitəsinin bacarığı sayəsində Beynəlxalq Olimpiya Komitəsi tanınmış ABŞ şirkətləri ilə müqavilə imzaladı. Hətta bəzi müqavilələr bir neçə Olimpiya tskli üçün nəzərdə tutulurdu. Beləliklə, Los-Anceles şəhəri təkcə özü qazanmadı, həmçinin növbəti Olimpiadaların ev sahiblərinin gəlir əldə etməsinə də şərait yaratdı.


"Çox istəyən azdan da qaldı”

200 milyon qazandıran Olimpiya Oyunlarında uduzan tərəf də var idi. Bu, fast-fud restoranlar şəbəkəsi idi. Bu şəbəkə, az qala, müflis olacaqdı. Şəbəkə rəhbərliyi daha çox qazanmaq istəyi ilə yeni metoda əl atmışdı. Deməli, şirkətin istehsal etdiyi qida məhsullarının üzərində xüsusi rəngli xətt çəkilmişdi. Qida məhsulunu alan alıcı həmin rəngi pozur və yarışın adını oxuyurdu. Əgər həmin yarışda ABŞ idmançısı qızıl medal qazanmışdısa, alıcıya ikinci qida məhsulu pulsuz təqdim olunurdu. Gümüş medala görə fri-kartof, bürünc medala görə isə bir stəkan qazlı suyu pulsuz əldə etmək mümkün idi.
Los-Anceles Olimpiadası SSRİ və Varşava hərbi blokunun bir neçə ölkəsi tərəfindən boykot edilmişdi. Belə demək mümkünsə, "meydan” amerikalılara qalmışdı. Məhz buna görə də, ABŞ idmançıları rekord sayda - 174 medal qazandılar.
83 nəfər ABŞ idmançısı qızıl medala layiq görüldü. Bu, turnir cədvəlində ABŞ-dan sonra 4 pillədə qərarlaşan ölkələrin əldə etdikləri medalların ümumi sayına bərabər idi. Şübhəsiz ki, fast-fud sahibləri belə nəticəni gözləmirdilər. Bu qədər pulsuz yemək paylamaq restoranlar şəbəkəsinə xeyli ziyan vurdu.

Hazırladı:
Anar Əhmədov



641 oxunub

InvestAZ