XƏBƏR LENTİ
26 Avqust 2025
25 Avqust 2025
22 Avqust 2025
21 Avqust 2025
20 Avqust 2025
19 Avqust 2025



Rəsul Əlizadə: “Çalışacağam ki, mənə inananların etimadını qələbələrimlə doğruldum” - MÜSAHİBƏ
İdman 20:30 / 25.08.2025
Yeniyetmə yaşda Avropa çempionu və EYOF-2025-in qalibi olmaq hər gənc idmançı üçün həm böyük şərəf, həm də ağır məsuliyyətdir. Bu uğurlar yalnız təbii istedadla qazanılmır. Onların arxasında əzm, fədakarlıq və böyük dəstək dayanır. Cüdo üzrə gənclər arasında ölkəmizi uğurla təmsil edən Rəsul Əlizadə də məhz belə idmançılardandır. O, Avropa çempionatında sonra Skopye-2025 Avropa
Gənclər Yay Olimpiya Festivalında da 55 kq çəki dərəcəsində eyni uğuru təkrarlayaraq, çempion adını qazanıb. Yeniyetmə cüdoçumuzla söhbətimizdə onun idman yoluna başlama hekayəsi, qarşılaşdığı çətinliklər, qələbə anlarındakı hissləri və gələcək hədəfləri barədə danışdıq. Həmin müsahibəni oxucularımıza təqdim edirik.

- Rəsul, söhbətimizə cüdoya gəlişindən başlayaq. Bu idman növünə gəlişin necə oldu və ilk dəfə tatami üzərinə çıxanda hansı hissləri keçirdin?

- 2008-ci il mayın 14-də Lənkəran şəhərində anadan olmuşam. Sonra ailəmlə birgə Bakıya köçdük. Cüdoya gəlişim 7 yaşımda olub. Şəxsi məşqçim Həsən müəllim məni bu idman növünə dəvət etdi. Buna qədər heç bir idman növü ilə məşğul olmamışdım. Uşaqlıqdan idmana marağım var idi. Məhəllədə futbol oynayırdıq və Həsən müəllim də bizim məhəllədən keçirdi. Hətta bir dəfə futbol oyunumuzu izlədiyini xatırlayıram. Sonra məni yanına çağıraraq idmanla məşğul olub-olmadığımı soruşdu. Mənim "xeyr” - cavabımdan sonra cüdo məşqlərinə dəvət etdi. Bu təklif məni çox sevindirdi. Ertəsi gün səhər vədələşdiyimiz vaxtda zala getdim. Atamla da danışıb, razılaşdıqdan sonra məni zala apardı və beləliklə, idman yoluma cüdo ilə başladım.

- Yeniyetmə yaşda belə böyük uğurlar qazanmaq asan deyil. Bu yolda qarşılaşdığın ən böyük çətinliklər hansılar oldu?

- Təbii ki, bu yaşda belə nəticələr əldə etmək heç də asan deyil. Qarşıma müxtəlif çətinliklər çıxdı. Amma bütün maneələrə baxmayaraq, səbr və əzimlə çalışaraq onların öhdəsindən gəldim və bu gün qazandığım uğurlara çatdım.

- Avropa çempionu olduqdan təxminən 26 gün sonra EYOF yarışlarının qalibi oldun. Olimpiya festivalını necə xatırlayırsan? Çıxışların barədə nə deyə bilərsən?

- Bəli, qeyd etdiyiniz kimi, Avropa çempionatından cəmi 26 gün sonra EYOF yarışlarında tatami üzərinə çıxdım. Demək olar ki, eyni ölkədə, eyni məkanda keçirilən yarış idi. Orqanizm tam toparlanmadan ikinci yarışa qatıldım. Buna baxmayaraq, çox şükür ki, burada da qalib gəldim və Vətənə qızıl medalla döndüm. Çıxışlarım asan olmadı. Rəqiblərim Avropa çempionu olduğumu bildikləri üçün daha ciddi hazırlaşmışdılar. Amma bütün çətinliklərə baxmayaraq, yenə də çempion olmağı bacardım.

- EYOF 2025-də ən çətin rəqibin kim olub və onun öhdəsindən necə gəldin?

- Ən çətin rəqibim finalda qarşılaşdığım xorvatiyalı idmançı Kristian Butuçi oldu. O, sındırıcı fənddən istifadə etsə də təslim olmadım. Qızıl xal bölümündə isə ona qalib gəldim və çempion oldum.


- Böyük uğurların arxasında mütləq dəstək dayanır. Sənə ən çox kimlər dəstək olub?

- Uğurlarımın arxasında, sözsüz ki, böyük dəstək göstərən insanlar var. İlk növbədə şəxsi məşqçim Həsən Əkbərli və anamı qeyd etməliyəm. Bu günə qədər onların mənə verdiyi dəstək çox böyükdür. Yeniyetmə oğlanlardan ibarət Azərbaycan millisinin baş məşqçisi Emin İskəndərov və Nicat Şıxəlizadəyə də xüsusi minnətdarlığımı bildirirəm. Hər birinin böyük zəhməti var. Hazırda yığmamızın əsas üzvlərindən olan Elcan Hacıyev də mənə böyük dəstək olur. Fürsətdən istifadə edib bizə yaradılan şəraitə görə, Azərbaycan Cüdo Federasiyasının rəhbərliyinə və məşqçilər heyətimizə minnətdarlığımı bildirirəm. Çalışacağam ki, mənə inananların etimadını qələbələrimlə doğruldum.


- Bu həftə Bolqarıstanın paytaxtı Sofiyada ilin ən mötəbər yarışlarından biri - dünya çempionatı keçiriləcək. Avropa çempionatı və EYOF-2025-dən sonra ardıcıl üçüncü qızıl medalı qazanmaq mümkündürmü?

- Bəli, dünya çempionatı bizim üçün ilin ən çətin və məsuliyyətli yarışı olacaq. Hazırlıq prosesimiz yüksək səviyyədə gedir, Qubada təlim-məşq toplanışında iştirak etmişik. Məqsədim odur ki, Avropa çempionatı və EYOF-2025-də əldə etdiyim uğurlardan sonra dünya çempionatında da qızıl medal qazanım. Çox istərdim ki, bu mövsümü "üçdə üç” nəticə ilə tamamlayım. İnanıram ki, bu mənə qismət
olacaq.

- Ali təhsillə çətin məşqləri necə uzlaşdırırsan? Heç olubmu ki, imtahana hazırlaşmaqla məşq arasında qalasan?

- Məktəbdə dərslərimi yaxşı oxuyurdum, amma peşəkar idmana keçəndən sonra dərsləri və məşqləri istədiyim səviyyədə davam etdirmək çətinləşdi. Orta səviyyəli təhsilim olub, amma hazırda Azərbaycan İdman Akademiyasının tələbəsiyəm. Çalışıram ki, təhsillə məşq bir-birinə mane olmasın.

Azər Əlizadə

762 oxunub

InvestAZ