XƏBƏR LENTİ
26 Avqust 2025
25 Avqust 2025
22 Avqust 2025
21 Avqust 2025
20 Avqust 2025
19 Avqust 2025



Bakıda keçiriləcək Formula 1 yarışı ilə əlaqədar viza prosedurları sadələşdirilir
İdman 13:34 / 25.08.2025

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Müəyyən edilsin ki, 2025-ci ildə Bakı şəhərində keçiriləcək Formula 1 yarışı ilə əlaqədar Azərbaycan Respublikasına gələn və bu Sərəncamın 2-ci hissəsində qeyd edilən sənədlərdən hər hansı birini təqdim edən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər 2025-ci il avqustun 25-dən sentyabrın 30-dək Azərbaycan Respublikasının beynəlxalq hava limanlarında viza ala bilərlər.

2. Aşağıdakı sənədlərdən biri viza verilməsi üçün əsas hesab edilsin:

2.1. Formula 1 yarışlarının beynəlxalq təşkilatçıları olan "Formula One Management Limited” Şirkətinin və Beynəlxalq Avtomobil Federasiyasının müvafiq qaydalarına uyğun olaraq akkreditasiyadan keçməni təsdiq edən akkreditasiya kartı və ya akkreditasiyadan keçməni təsdiq edən digər sənəd;

2.2. Bakı Şəhər Halqası Əməliyyat Şirkətində akkreditasiyadan keçməni təsdiq edən akkreditasiya kartı;

2.3. 2025-ci ildə Bakı şəhərində keçiriləcək Formula 1 yarışına bilet, o cümlədən elektron bilet və ya biletin əldə olunmasını təsdiq edən sənəd.

3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi:

3.1. 2025-ci ildə Bakı şəhərində keçiriləcək Formula 1 yarışı ilə əlaqədar Azərbaycan Respublikasına gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi barədə "Formula One Management Limited” Şirkətinə, Beynəlxalq Avtomobil Federasiyasına və xarici ölkələrin müvafiq orqanlarına məlumat versin;

3.2. 2025-ci ildə Bakı şəhərində keçiriləcək Formula 1 yarışı ilə əlaqədar Azərbaycan Respublikasına gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin "ASAN Viza” sistemi vasitəsilə elektron viza almaq imkanı barədə məlumatın Nazirliyin, eləcə də Azərbaycan Respublikasının xarici ölkələrdəki səfirliklərinin və konsulluqlarının internet informasiya ehtiyatlarında yerləşdirilməsini təmin etsin.

4. Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti Azərbaycan Respublikasına uçuşlar həyata keçirən aviasiya şirkətlərinə 2025-ci ildə Bakı şəhərində keçiriləcək Formula 1 yarışı ilə əlaqədar Azərbaycan Respublikasına gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi barədə məlumat versin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 25 avqust 2025-ci il


634 oxunub

InvestAZ