XƏBƏR LENTİ
15 Aprel 2026
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026
06 Aprel 2026
05 Aprel 2026
04 Aprel 2026
03 Aprel 2026



Professor Dilqəm Quliyev - 75 
İdman 15:35 / 04.08.2025

İllərin dostu, pedaqogika üzrə elmlər doktoru, professor, yazıçı-publisist, sərbəst güləş üzrə SSRİ idman ustası, Azərbaycan Respublikasının əməkdar məşqçisi, Əməkdar bədən tərbiyəsi və idman xadimi, "İdmançı" qəzetinin baş redaktoru, Milli Olimpiya Komitəsi, Milli Olimpiya Akademiyası, Azərbaycan Jurnalistlər Birliyi, Azərbaycan Yazıçılar Birliyi, Azərbaycan Respublikası Təhsil Nazirliyinin Elmi Metodik Şurası və Azərbaycan İdman Jurnalistləri Assiosiasiyasının üzvü, Prezidentin fərdi təqaüdçüsü Dilqəm Qasım oğlu Quliyevi dünyaya gəldiyi gün (6 avqust), ömür təqviminin 75 illiyi münasibətilə təbrik edir və qayəsi, əməl aynası işıqlı aydınımıza 25 il öncə yazdığım ithaf şeirimi bu günün ovqatı ilə süsləməklə könül ziyarəti olaraq ünvanlayıram.

Min illiyin həsrəti var gözündə,
Əsrlərin şöləsi var üzündə,
Qərinələr təpəri var dizində,
Zəkan iti, həyat qayən xoş dilək,
Ulu yaddaş, yetmiş beşin mübarək!

Məsləyinin təməlində - ədalət,
İnancının mayasında - həqiqət,
Umacağın olmayıbdır şan-şöhrət.
İllər ilə yaşatmısan saf ürək,
Alim yurddaş, yetmiş beşin mübarək!

Muğam, sazdan bələnibdir heyrətin
Xürrəmidən boy alıbdır qeyrətin,
Tapındığın Dədə Qorqud - hörmətin,
Keçdiyin yol əməlinlə bir örnək.
Ünlü yoldaş, yetmiş beşin mübarək

Aylar, illər ömrümüzə bir izdir,
Ötən günlər xatirətək əzizdir,
Qəlbdə arzu nə gecikmiş, nə tezdir...
Ömür bağın açsın hər vaxt gül-çiçək,
Əziz soydaş, yetmiş beşin mübarək!

El güvənir yetirdiyi mərdinə,
Şərik olur sevincinə, dərdinə.
Ömrün sığımır yetmiş ilin həddinə...
İnnən belə yenə səni şux görək,
Azman sirdaş, yetmiş beşin mübarək!

İnam, ümid ruhumuza məlhəmdir,
Sevincimiz can evinə məhrəmdir,
Duyğuların zirvələşən dəmidir..
Tapdıq hörüb sözdən sənə bir çələng,
Dilqəm qardaş, yetmiş beşin mübarək!

Tapdıq ƏLİBƏYLİ


13649 oxunub

InvestAZ