XƏBƏR LENTİ
09 May 2025
08 May 2025
07 May 2025
06 May 2025



Prezident İlham Əliyev 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycan qadınlarını təbrik edib
İdman 22:54 / 05.03.2025

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycan qadınlarına təbrik məktubu ünvanlayıb.

Olimpiyadunyasi.com xəbər verir ki, təbrik məktubunda deyilir:

"Hörmətli xanımlar!

Sizi Beynəlxalq Qadınlar Günü münasibətilə ürəkdən təbrik edirəm. Hamınıza cansağlığı, səadət və işlərinizdə müvəffəqiyyətlər arzulayıram.

Azərbaycan qadınları hər zaman cəmiyyətimizin mənəvi dayağı olmuş, daim ülvi amallarla yaşamışlar. Çoxəsrlik mədəni-mənəvi sərvətlərimizin günümüzədək layiqincə qorunub saxlanılmasında nəcib və gözəl analarımızın misilsiz xidməti vardır. Onlar öz güclü iradələri, vətənpərvərlik və fədakarlıqları ilə yurdumuzun mübarizə salnaməsində silinməz izlər qoymuşlar.

Azərbaycan qadınlarının dünyanın bir sıra qabaqcıl ölkələrinin qadınlarından daha əvvəl seçib-seçilmək hüququ qazanmaları yeni dövr tariximizin əlamətdar faktlarındandır. Mədəniyyət, elm, təhsil və səhiyyənin ən müxtəlif istiqamətləri üzrə müsəlman Şərqinin qadınları arasında ilk addımları atmaları onların yüksək yaradıcı potensialının nəticəsidir. Təqdirəlayiq haldır ki, müasir gənc xanımlarımız bu ənənələrə ehtiram bəsləyir, nəsillərin mənəvi varisliyi prinsipini lazımınca qoruyur, öz maarifpərvər, ziyalı sələflərinin yolunu uğurla davam etdirirlər.

Ötən müddət ərzində milli dövlət quruculuğu prosesində yaxından iştirak edərək bütün sahələrdə əzmlə çalışan qadınlarımız Vətənimizin qüdrətinin artırılması, xalqımızın rifahının yüksəlməsi naminə dolğun və səmərəli fəaliyyət göstərmiş, sosial-iqtisadi və mədəni inkişafda mühüm nailiyyətlər əldə etmişlər.

Müqəddəs ailə dəyərlərimizə dərin sədaqət nümayiş etdirən qadınlarımız ölkəmizin ictimai həyatında böyük nüfuza malikdirlər. Əminəm ki, onlar gənc nəslin Vətənə və milli ideallara bağlılıq ruhunda yetişməsi üçün bundan sonra da qüvvələrini əsirgəməyəcək, həmçinin ictimai-mənəvi mühitimizi yeni töhfələrlə zənginləşdirəcəklər.

Əziz xanımlar!

Bayramınız mübarək olsun!"

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 5 mart 2025-ci il


2224 oxunub

InvestAZ