Ölkəmizi beynəlxalq yarışlarda layiqincə təmsil edən atletlərimiz arasında qadın idmançılarımızın da sayı az deyil. Əks cinsin nümayəndələri ilə rəqabətə girən xanım atletlərimiz onlara bəslənilən ümidləri layiqincə doğruldublar. Onların arasında Olimpiya çempionları, dünya və qitə yarışlarının qaliblərinə də rast gəlmək mümkündür. Bir çoxları da uzun illərdən bəri qazandığı təcrübə ilə keçmişlə gələcək arasında sıx bağlar qurmağa müvəffəq olublar. Azərbaycan idmanında özunəməxsus nailiyyətləri ilə seçilən veteran idmançılardan biri də Svetlana İşməmmədovadır. Nailiyyətlərinin əksəriyyətini otüstü hokkey idman növündə əldə edən Svetlana xanımın 70 yaşı tamam olub.
Svetlana Bəşir qızı İşməmmədova 1955-ci il yanvar ayının 19-da Bakı şəhərində dünyaya göz açıb. Kiçik yaşlarından idmana böyük həvəs göstərib. Özünü bir sıra idman növlərindən sınayıb. Lakin otüstü hokkey onu özünə daha sıx bağlayıb. Bu bağlılığın nəticəsidir ki, o otüstü hokkey üzrə SSRİ İdman ustası, Əməkdar məşqçidir. Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə Bədən Tərbiyəsi və İdman xadimi fəxri adına və Tərəqqi medalına layiq görülüb.
Otüstü hokkey üzrə Azərbaycan yığma komandasının üzvü kimi əldə olunan nailiyyətlərdə onun da danılmaz xidmətləri olub. 1982-ci Yüksək Liqada SSRİ çempionatının bürünc mükafatçısı olan Svetlana xanım SSRİ Xalqlar Spartakiadasında da eyni uğuru təkrarlayıb. Bu nailiyyətlərdən sonra o, SSRİ-nin ən yaxşı qapıçısı seçilib, yığma komandanın 22 ən yaxşı hokkeyçisi sırasında yer alıb. Onun bu bacarığı həmin vaxt diqqət mərkəzindən yayınmayıb. Svetlana İşməmmədova Azərbaycanın otüstü hokkey üzrə ilk SSRİ İdman Ustası adına layiq görülüb.
"İdman mütəxəssisləri və o dövrün idmançıları yaxşı bilirlər ki, keçmiş SSRİ dövründə bu sahədə böyük rəqabət var idi. Azərbaycan idmançıları yığma komandaya düşmək üçün böyük zəhmət çəkməli idi. Görünür, mən də bu rəqabətdə özümü təsdiqləyə bilmişdim. Bunun nəticəsidir ki, otüstü hokkey üzrə ilk SSRİ İdman ustası fəxri adı mənə qismət olmuşdu. Onu da qeyd edim ki, bu uğurlarımdan sonra mənə ayrı-ayrı komandalardan təkliflər gəlirdi. Lakin vətənimə olan bağlılığım hər şeydən üstün olub. Bu səbəbdən həmin təklifləri qəbul etmədim", - deyə o qeyd edib.
Komanda idman növlərinə böyük marağı olan veteran idmançı paralel olaraq özün qadın futbolunda da sınayıb. 1987-ci ildən etibarən milli komandanın uğurları üçün çalışıb. 1989-cu ildə SSRİ Həmkarlar İttifaqlarının birinci çempionatında bürünc mükafatçılar sırasında yer alıb. Birinci Yüksək Liqada (1990), MDB çempionatında (1991) və sonrakı illərdə eyni nəticəni təkrarlayıb. Bu nailiyyətlərdən sonra onun adı SSRİ İdman ustası normasını yerinə yetirmiş idmançılar sırasında yer alıb. Otüstü hokkey idman növündə topladığı təcrübənin nəticəsidir ki, Svetlana xanım 1994-cü ildə məşqçilik fəaliyyətinə başlayıb. Gənclərdən və böyüklərdən ibarət yığma komandanın, eləcə də "Rabitəçi" klubunun əldə etdiyi nailiyyətlərdə onun da rolu olub. Belə ki, Pakistanda keçirilən Müsəlman ölkələrinin Oyunlarında yığma komandamız (1996) bürünc mükafat qazanıb. Bir il sonra komandamız Pakistanda mükafatçılar sırasında yer alıb. Təmsilçilərimiz bu dəfə "Qızıl Turnir"in gümüş medallarına yiyələnib. Millimiz 1998-ci ilə Cəbəllütariqdə, 1999-cu ildə isə Slovakiyada keçirilən Avropa Çelenc turnirinin qızıl medallarına layiq görülüb. O, 2002-ci ildə Polşa və Litvada keçirilən gənclərin qitə çempionatında məşqçi kimi gümüş medala yiyələnib. 2003-cü ildə Sloveniyada keçirilən Avropa Çelenc, 2004-2005-illərdə Bakıda keçirilən Avropa Profi turniri, Almaniyada təşkil olunan Avropa çempionlar Kuboku yaddaqalan olub. Həmin illərdə yığmamız yarışların qızıl medallarına yiyələnib. Təcrübəli mütəxəssisin məşqçilik fəaliyyətində yığmanın uğurları bununla kifayətlənməyib.
Sloveniyada gənclərin Avropa Çelenc turniri (2004), Niderlandda Avropa çempionlar Kuboku (2005), İtaliyada dünya çempionatının seçmə mərhələsi (2006) və Bakıda Pekin-2008 Yay Olimpiya lisenziya vəsiqə verən seçmə turnir ikinci yerlə tamamlanıb. O, 2009-2017-ci ildə gənclərdən ibarət yığma komandanın qapıçılar üzrə məşqçisi kimi də böyük etimad qazanıb.
"Hər bir idmançının arzusudur ki, Olimpiya Oyunlarında ən azı iştirak etsin. Bir idmançı kimi hər zaman bu arzu ilə yaşamışam. İdmançı kimi olmasa da, məşqçi kimi bu xoşbəxtliyin bir addımlığında olmuşam. Pekin-2008 Yay Olimpiya Oyunlarına lisenziya verən yarışda komandamız son məqama qədər mübarizə apardı. Qapımızdan keçən iki topun əvəzini Dilfuzə Mirzəliyeva sayəsində çıxa bilmişdik. Amma görüşün sonuna 3 dəqiqə qalmış buraxılan top bizi məyus etmişdi. Pekinə biz deyil, 3:2 hesab ilə qalib gələn İspaniya yığması yollanmışdı. Doğrudan da həmin vaxt gözəl bir komandamız var idi", - deyə o vurğulayıb
Svetlana xanım ən çətin idman növlərindən biri olan otüstü hokkeyin tərəqqisi üçün bütün qüvvə və bacarığını əsirgəməyən mütəxəssislərdən biridir. O, uzun illər ərzində qazandığı təcrübəni gənc idmançılarla bölüşüb. Tərcümeyi-halında qeyd olunduğu kimi Avropa və dünya miqyaslı, eləcə də Olimpiya xarakterli yarış və turnirlərdə mükafat qazananlar arasında onun da adına rast gəlinir. Veteran idmançının idmandakı fəaliyyəti dövlətimiz tərəfindən yüksək səviyyədə qiymətləndirilib. Ölkə Prezidenti tərəfindən ona fəxri adlar və mənzil hədiyyə olunub. "Olimpiya dünyası" qəzetinin kollektivi adından Svetlana xanımı yubiley münasibətilə təbrik edir, ona cansağlığı arzulayırıq.
Anar Əhmədov