XƏBƏR LENTİ
20 Mart 2026
19 Mart 2026
18 Mart 2026
17 Mart 2026
16 Mart 2026
14 Mart 2026
13 Mart 2026



Olimpiya mükafatçımız iki illik fasilədən sonra karyerasını bərpa etdi
İdman 21:40 / 01.12.2024

Cüdo üzrə Olimpiya, dünya və Avropa mükafatçısı Elmar Qasımov karyerasını bərpa edib. O, böyük idmana qayıdışını Azərbaycan çempionatında rəsmiləşdirib. "Atilla” klubun üzvü olan 34 yaşlı cüdoçu fərdi yarışların ikinci günündə tatami üzərinə çıxıb. -100 kq çəki dərəcəsində qüvvəsini sınayan Olimpiya mükafatçımız bütün rəqiblərinə qalib gələrək, qızıl medala layiq görülüb. Arenalara qayıdışını çempionluqla qeyd edən titullu cüdoçu sevinc təəssüratlarını bölüşüb:
"Əsas məqsəd özümü yoxlamaq idi. Bunun üçün ilk olaraq respublika çempionatında iştirak etdim. Bildiyiniz kimi iki il idi ki, böyük arenalarda güləşmirdim. Məşqlə yarış fərqli olur. Bu, ilk görüşlərdə də özünü büruzə verdi. Birinci qarşılaşmada bir az barmaqlarım da ağrıyırdı. Amma finalda özümə gəldim”.
Təcrübəli cüdoçu başqa turnirlərdə də mübarizə aparmaq istədiyini söyləyib: "Təlim-məşq toplanışlarında bir az da hazırlaşıb, daha yaxşı formaya düşmək olar. Normal formaya düşsəm, cüdoya davam edəcəyəm. Azarkeşlərin dəstəyini hiss etdim. Bu, sevindiricidir. Hətta idmanla məşğul olmadığım vaxtlarda da küçədə azarkeşlər mənə yaxınlaşaraq, idmana qayıtmağımı istəyirdilər. Həmin azarkeşlərə görə də istəyirəm ki, güləşim”.

Qeyd edək ki, Elmar Qasımov 2016-cı il Rio Yay Olimpiya Oyunlarının gümüş medalçısı olmaqla yanaşı, 2009-cu ildə İrəvan şəhərində keçirilmiş gənclərin Avropa çempionatında qızıl medal qazanıb. O, dünya və Avropa çempionatlarının mükafatçısıdır. İki dəfə nüfuzlu "Masters” turnirinin qalibi olan Elmar Qasımov ötən il fevralın 27-də Azərbaycan Cüdo Federasiyasının saytına açıqlamasında karyerasını bitirdiyini açıqlamışdı.


16082 oxunub

InvestAZ