XƏBƏR LENTİ
08 Dekabr 2024
06 Dekabr 2024
05 Dekabr 2024
04 Dekabr 2024
02 Dekabr 2024
01 Dekabr 2024
30 Noyabr 2024
29 Noyabr 2024
28 Noyabr 2024
27 Noyabr 2024
26 Noyabr 2024
25 Noyabr 2024



Tanınmış idman mütəxəssisinin 70 yaşı tamam olur
İdman 16:12 / 01.11.2024

"Zenit” Bədən Tərbiyəsi İdman Cəmiyyəti İctimai Birliyinin sədri, Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi Fazil Hadıbəyovun 70 yaşı tamam olur.

Fazil Məmmədəli oğlu Hadıbəyov 1954-cü il noyabrın 1-də Qazaxıstanın Cambul vilayətinin Çu şəhərinin yaxınlığındakı Yeniyol kəndində anadan olub. Orta təhsilini Masallı şəhərindəki 1 saylı tam orta məktəbdə alıb. Məktəbdə dərslərini yaxşı oxumaqla yanaşı, həm də futbolla məşğul olub. Əməkdar məşqçi Məhbub Ağayevin rəhbərliyi altında rayonun yığma futbol komandasında oynayıb.

Masallıdakı məşhur "Viləş” futbol komandasının baş məşqçisi, Azərbaycan Respublikasının Əməkdar məşqçisi Çingiz Həşimov da ona futbolu çox sevdirib. O, həmçinin məktəbdə atletika və güllə atıcılığı ilə də məşğul olub. Sonradan Azərbaycanın Əməkdar məşqçisi Nadir Ağayevin rəhbərliyi altında yunan-Roma güləşinin sirlərinə yiyələnib.

İdmana böyük maraq göstərdiyinə görə, orta məktəbi bitirdikdən sonra 1972-ci ildə sənədlərini Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutuna (indiki Azərbaycan İdman Akademiyası) verib, 1977-ci ildə həmin institutu bitirib.

Əmək fəaliyyətinə Bakı Şəhər Xalq Maarif Şöbəsinin Uşaq-Gənclər İdman Məktəbində təlimatçı kimi başlayan Fazil Hadıbəyov 1979-cu ildən 1987-ci ilədək "Məhsul” Kənd Könüllü İdman Cəmiyyətinin Respublika Şurasında baş təlimatçı vəzifəsində çalışıb.

1987-ci ildən 1992-ci ilə qədər Ümumittifaq Həmkarlar İttifaqları KBTC-nin Azərbaycan Respublikası Şurasında baş mütəxəssis, 1992-1993-cü illər ərzində "Neftçi” İdman Cəmiyyətində idman idarəsinin rəisi vəzifəsində işləyib.

Fazil Hadıbəyov 1993-ci il avqustun 10-da təsisçilərin təklifi ilə yenidən bərpa olunan "Zenit” İdman Cəmiyyəti Respublika Şurasına sədr vəzifəsinə seçilib. Yubilyar bu sahədəki fəaliyyəti ərzində respublikada bədən tərbiyəsi və idmanın, Olimpiya Hərəkatının inkişafında, zəhmətkeşlərin sağlamlığının möhkəmləndirilməsi və yüksək dərəcəli idmançıların hazırlanması sahəsində xidmət göstərib. "Zenit” İdman Cəmiyyəti onun rəhbərliyi altında ölkədə bədən tərbiyəsi və idman hərəkatında özünə məxsus mövqe tuta bilib.

Fazil müəllim "Zenit” İC-ə sədr seçildikdən sonra onun rəhbərlik etdiyi cəmiyyətin idmançıları Olimpiya, dünya, Avropa və beynəlxalq miqyaslı yarışlarda dəfələrlə mükafatalayiq nəticələr əldə ediblər.

Pekin-2008 Yay Olimpiya Oyunlarının cüdo yarışlarının qalibi Elnur Məmmədli (-73 kq) və Afina-2004 Yay Olimpiya Oyunlarının yunan-Roma güləşi üzrə qalibi, dünya çempionu Fərid Mansurov da ilk addımlarını "Zenit” Bədən Tərbiyəsi İdman Cəmiyyətində atıb.

Dünya çempionatının mükafatçısı, Avropa çempionu, Rio-2016 Yay Olimpiya Oyunlarının bürünc medalçısı Cəbrayıl Həsənov "Zenit” İdman Cəmiyyətinin yetirməsi olub. Bundan başqa Əliabbas Rzazadə, Əfqan Xaşalov, Turan Bayramov, Elmira Qurbanova və bu kimi bir sıra titullu idmançılar da onun fəaliyyəti dövründə ölkə səviyyəli və beynəlxalq yarışlarda uğurlar qazanıblar.

Fazil Hadıbəyovun bu quruma rəhbərlik etdiyi dövrdə "Zenit”in uğurları üçün öz təcrübəsini əsirgəməyən 10-a yaxın mütəxəssis Azərbaycanın Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi fəxri adına layiq görülüb. Cəmiyyətin işçi heyətinin üzvləri "Tərəqqi” medalı, Əməkdar məşqçi, həmçinin bir sıra fəxri adlar və diplomlarla da təltif olunub.

İdman sahəsindəki xidmətlərinə görə Fazil Hadıbəyov 2007-ci ilin aprel ayının 18-də Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə "Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi” fəxri adına layiq görülüb.

"Olimpiya dünyası” qəzeti və çoxsaylı oxucularımız adından Fazil Hadıbəyovu yubiley münasibətilə təbrik edirik, ona uzun ömür, cansağlığı və gələcək fəaliyyətində də uğurlar arzulayırıq.



2254 oxunub

InvestAZ