Azərbaycanın akrobatika gimnastları Dünya Kuboku seriyası üzrə ən yüksək nəticəni əldə ediblər.
Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, kişi cütlüyü Murad Rəfiyev və Daniel Abbasov Bolqarıstan, Portuqaliya və Polşada müvafiq olaraq, gümüş, qızıl və bürünc medal qazanaraq Dünya Kuboku seriyasının ümumi nəticəsinə əsasən kuboka layiq görülüblər.
Ağasif Rəhimov və Raziyə Seyidlinin təmsil etdiyi qarışıq cütlük isə ötən il qazandıqları Dünya Kuboku seriyasının qalibi adını bu il də qoruya biliblər. Bolqarıstandakı çıxışlarına görə birinci yerə layiq görülən idmançılar Portuqaliyadakı yarışa gümüş medalla yekun vurublar. Polşada da bütün rəqiblərini geridə qoyan gimnastlarımız fəxri kürsünün ilk pilləsinə qalxıblar.
Qeyd edək ki, Azərbaycanın akrobatika gimnastları sentyabrın 12-15-də Portuqaliyanın Gimarayeş şəhərində təşkil olunacaq dünya çempionatında mübarizə aparacaqlar.