XƏBƏR LENTİ
13 İyun 2024
12 İyun 2024
11 İyun 2024
10 İyun 2024
09 İyun 2024
08 İyun 2024
07 İyun 2024
06 İyun 2024
05 İyun 2024
04 İyun 2024
03 İyun 2024



Pəhləvanlarımız Bakıda keçirilən Avropa çempionatını uğurla başa vurdular
İdman 10:03 / 27.05.2024

Mayın 20-dən 26-dək Bakı İdman Sarayında keçirilən güləş üzrə U-23 Avropa çempionatı Azərbaycan idmançıları üçün uğurla başa çatıb.

Ölkəmizdə İlk dəfə təşkil edilən yarışda Azərbaycan komandası güləşin hər üç növündə mübarizə aparıb. Yarışa ilk olaraq yunan-Roma güləşçilərimiz başlayıblar. Millimiz qitə birinciliyində uğurlu çıxış edərək tarixi nəticəyə imza atıb. Belə ki, 3 qızıl, 1 gümüş və 4 bürünc medal qazanan yığmamız 163 xal toplayaraq ilk dəfə komanda hesabında U-23 Avropa çempionu olub. Yarışda toplanan xallara və medalların sayına görə də özünün ən yaxşı nəticəsini qazanan millimiz ən yaxın izləyicisi Gürcüstanı 25 xal qabaqlayıb. Türkiyə 135 xalla üçüncü yeri tutub.

Komandamızın tərkibində Ziya Babaşov (63 kq) Xasay Həsənli (77 kq), Qurban Qurbanov (82 kq) qızıl, Nihad Quluzadə (60 kq) gümüş, Rəşad Məmmədov (55 kq), Ruslan Nurullayev (72 kq), Laçın Vəliyev (87 kq) və Murad Əhmədiyev (97 kq) isə bürünc medal qazanıb.

Qadın güləşi üzrə millimiz də qitə birinciliyində uğurlu çıxış edərək tarixinin ən yüksək nəticəsinə imza atıb. Belə ki, 1 dəst (1 qızıl, 1 gümüş, 1 bürünc) medal qazanan yığmamız 76 xal toplayaraq ilk dəfə komanda hesabında U-23 Avropa çempionatında 3-cü yeri tutub. Ukrayna (168) birinci, Türkiyə (118) isə ikinci olub.

Komandamızın tərkibində Jalə Əliyeva (57 kq) bütün rəqiblərinə qalib gələrək Avropa çempionu olub. Elnurə Məmmədova (53 kq) gümüş, Ruzanna Məmmədova (59 kq) isə bürünc medal qazanıb.

Mübarizəyə son olaraq sərbəst güləşçilər başlayıblar. Yarışı 1 qızıl, 2 gümüş və 2 bürünc medalla başa vuran yığmamız 137 xal toplayaraq komanda hesabında Avropa çempionu olub. Türkiyə (119) ikinci, Moldova (96) isə üçüncü yeri tutub.

Millimizin heyətində Cəbrayıl Qadjiyev qızıl, Kənan Heybətov (70 kq) və Ali Tsokayev (79 kq) gümüş, Nürəddin Novruzovla (61 kq) Arseniy Djioyev (86 kq) isə bürünc medal qazanıb.


1733 oxunub

InvestAZ