XƏBƏR LENTİ
20 Aprel 2024
19 Aprel 2024
18 Aprel 2024



MOK və AVF arasında birgə əməkdaşlığa dair niyyət protokolu imzalanıb
İdman 13:02 / 29.02.2024

Fevralın 29-da Milli Olimpiya Komitəsi (MOK) və Azərbaycan Voleybol Federasiyası arasında birgə əməkdaşlığa dair niyyət protokolunun imzalama mərasimi keçirilib. 

 

MOK-un inzibati binasında təşkil olunan tədbirdə Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, Azərbaycan Voleybol Federasiyasının prezidenti Şahin Bağırov, komitənin və federasiyanın nümayəndələri iştirak ediblər.

 

Mərasimi MOK-un beynəlxalq  proqramlar idarəsinin müdiri Mehman Kərimov açaraq MOK-la Azərbaycan Voleybol Federasiyası arasında qarşılıqlı əlaqələrdən və bu günə qədər həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verib. Daha sonra birgə layihələrin icrasına dair video çarx nümayiş olunub. 

 

Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə Azərbaycan Voleybol Federasiyasının son illərdə həyata keçirdiyi layihələrin təqdirəlayiq olduğunu bildirib. Çingiz Hüseynzadə həmçinin MOK-un əvvəlki illərdə Azərbaycan Voleybol Federasiyası ilə əməkdaşlığından da danışıb. 

 

AVF-nin prezidenti Şahin Bağırov birgə əməkdaşlıqdan məmnun olduğunu bildirib. 
Federasiya rəsmisi MOK-la bu əməkdaşlığın ölkəmizdə voleybolun inkişafına daha da təkan verəcəyinə inandığını qeyd edib. 

 

Sonra MOK-un Beynəlxalq proqramlar idarəsinin əməkdaşı Ceyhun Rəhmanov "Kompleks İnkişaf Modeli” haqda təqdimatla çıxış edib. 

 

Tədbirin sonunda Milli Olimpiya Komitəsi ilə Azərbaycan Voleybol Federasiyası arasında birgə əməkdaşlığa dair niyyət protokolu imzalanıb. Sənədi MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə və AVF-nin prezidenti Şahin Bağırov imzalayıb.

 

Müqaviləyə əsasən tərəflər voleybol idman növünün Beynəlxalq Olimpiya Komitəsi (BOK) və Beynəlxalq Voleybol Federasiyasının (BVF) mövcud qaydaları və tövsiyələrinə uyğun hərtərəfli və sistemli inkişafı üçün məşqçi hazırlığı, idmançıların yetişdirilməsi və ehtiyat heyətin hazırlanması, həmçinin digər sahələrdə əməkdaşlığa dair fəaliyyətlər və tədbirlər həyata keçirəcəklər.

 

Voleybol üzrə milli yaxud regional mərkəzin yaradılmasına dair strateji fəaliyyət planın hazırlanması, beynəlxalq səviyyəli məşqçi hazırlığı kurslarının təşkili, müvafiq idman növü üzrə gənc istedadların müəyyən olunması, yeniyetmə və gənclər, o cümlədən məktəblilər arasında voleybolun təbliği və təşviqi də müqavilədə öz əksini tapıb.


3187 oxunub

InvestAZ