XƏBƏR LENTİ
20 Aprel 2024
19 Aprel 2024



Xankəndi – Bakı ultra marafonu start götürdü - FOTO
İdman 08:14 / 29.02.2024

Fevralın 29-da Gənclər və İdman Nazirliyinin,  Azərbaycan Atletika Federasiyasının və "Bakı Şəhər Halqası" Əməliyyat Şirkətinin birgə təşkil etdiyi Xankəndi-Bakı ultra marafonunun açılış mərasimi keçirilib. Tədbir torpaqlarımızın azadlığı uğrunda şəhidlik zirvəsinə ucalan qəhrəman hərbçilərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. 

 

Açılış mərasimində çıxış edən Azərbaycan Atletika Federasiyasının prezidenti Cavid Qurbanov ilk dəfə olaraq tarixi torpaqlarda ultra marafona start verildiyini bildirib. O, marafonun proqramı haqqında danışaraq, qeyd edib ki yarışda yerli idmançılarla yanaşı, xarici idmançılar da iştirak edirlər. 

 

Gənclər və İdman Nazirliyinin idman şöbəsinin müdiri Elnur Məmmədov isə marafonun iştirakçılarını tarixi an münasibəti ilə təbrik edib. O, qeyd edib ki, 380 km məsafədə ilk dəfədir ki, marafon yarışı təşkil olunur. 

 

Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra "Qürurla irəli” şüarı ilə ilk dəfə keçirilən ultra marafona Xankəndidə  start verilib. 

 

Marafon iştirakçıları ilk olaraq 83 km məsafə qət edərək, Yevlaxa çatacaqlar. Ardından Yevlax - Ucar (84 km), Ucar - Hacıqabul (88 km), Hacıqabul - Qobustan (70 km) və Qobustan - Bakı (55 km) mərhələlərini keçməklə, martın 4-də Bakıya çatacaqlar.

 

Ultra marafonda ümumilikdə 64 idmançı mübarizə aparır. Onlar arasında Türkiyə (5 nəfər), Meksika (4) və Moldova (1) təmsilçiləri də var.

 

Qeyd edək ki, qaliblər mərhələyə uyğun olaraq təltif ediləcəklər. Ultra marafonun ümumi qalibləri isə baş mükafatı qazanacaqlar.


3866 oxunub

InvestAZ