XƏBƏR LENTİ
20 Aprel 2024
19 Aprel 2024
18 Aprel 2024



Azərbaycan Boks Federasiyasında ötən ilin yekunları və yeni hədəflər müzakirə edilib
İdman 11:46 / 27.02.2024

Azərbaycan Boks Federasiyasının ümumi yığıncağı keçirilib.

Federasiyanın mətbuat xidmətindən verilən məlumata görə, iclasda ilin yekunları, qurumun maddi-texniki bazasının möhkəmləndirilməsi tədbirləri, hakimlərin fəaliyyəti ilə bağlı hesabatlar dinlənilib.

ABF-nin prezidenti Sahil Babayev Prezident İlham Əliyevin ölkə idmanının inkişafına xüsusi diqqət və qayğısı nəticəsində Azərbaycan idmanının böyük qələbələrə imza atdığını vurğulayıb. O, boksçuların da daim yeni nailiyyətlər əldə etmək, xüsusilə beynəlxalq yarışlarda ölkəni uğurla təmsil etmək əzmində olduğunu bildirib, əldə olunan nailiyyətləri diqqətə çatdırıb. S.Babayev boksçuların ötən il 179 medal qazandıqlarını söyləyib.

Yığıncaqda iştirak edən gənclər və idman naziri Fərid Qayıbov Azərbaycan boksunun uğurlar seriyasının yüksələn xətlə davam etdiyini qeyd edib. O, boksun maddi-texniki bazasının möhkəmləndirilməsinin, klubların sayının artmasının, bölgələrdə bu idman növünün geniş yayılması üçün aparılan işlərin önəmini vurğulayıb. "Paris-2024” Yay Olimpiya Oyunlarında da boksçuların parlaq qələbələrə imza atacaqlarına və lisenziya sayının artacağına əminliyini bildirib.

Qeyd olunub ki, Azərbaycan boksçuları 2022-ci ildə rəsmi və beynəlxalq yarışlarda 30 qızıl medal qazanıbsa, ötən il 35 dəfə fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Yeniyetmə boksçuların uğurları da artıb. Onlar ötən il 7 beynəlxalq yarışda 60 mükafat əldə ediblər. Avropa birinciliyinə qatılan məktəbli boksçuların nailiyyətləri də əlavə olunmaqla, medal sayı 64 olub.

Beləliklə, boks üzrə yeniyetmələrdən ibarət yığma 2022-ci illə müqayisədə ötən il 3,3 dəfə çox medal qazanıb. Gənc boksçuların medal sayı isə 3,2 dəfə artaraq əvvəlki ilə nisbətən 16-dan 51-ə yüksəlib.

Bu il 100 illik yubileyini qeyd edən Azərbaycan boksu üçün əsas hədəf "Olimpiya qızılına doğru” devizi ilə yollanacağı Paris Olimpiadasında qızıl medal əldə etməkdir.

İclasda boksun yeni qələbələr əldə etməsi üçün görülən işlər və qarşıda duran hədəflər də müzakirə olunub.


2953 oxunub

InvestAZ