XƏBƏR LENTİ
20 Aprel 2024
19 Aprel 2024



Gələcəyin perspektiv vəd edən idmançısı
İdman 16:17 / 26.02.2024

Güləş Azərbaycanda ən populyar idman növlərindən biridir. Bu gün həm sərbəst, həm də yunan-Roma güləşi paytaxtımızla yanaşı, bölgələrdə də inkişaf etdirilir. Bu idman növündə nailiyyətlərin ildən-ilə yüksəlməsi isə bunun bariz nümunəsidir.

Ölkəmizdə bu idman növü ilə məşğul olan yetərincə istedadlı idmançılar var. Belə idmançılardan biri də Məhəmməd Qulizadədir. 2011-ci il noyabrın 25-də Bakı şəhərində anadan olan Məhəmməd iki ilə yaxındır ki, Sumqayıt şəhər 33 saylı məktəbin idman zalında güləşin sirlərinə yiyələnir. Sərbəst güləşlə məşğul olan yeniyetmə idmançı artıq öz uğurları ilə fərqlənib. Yaşının az olmasına baxmayaraq o, bir neçə dəfə sərbəst güləş üzrə yeniyetmələr arasında birincilik yarışında 3-cü yerə sahib çıxıb.

Məhəmməd Qulizadənin ən böyük arzusu ölkəmizin sayılıb-seçilən güləşçilərindən biri olmaq, Azərbaycan millisinin tərkibində dünya və Avropa çempionatlarında, Olimpiya Oyunlarında uğurlu çıxış edərək, bayrağımızı yüksəklərə qaldırmaqdır. O, bunun üçün həftə ərzində təşkil olunan məşqlərdə səylə hazırlaşır, məşqçilərin verdiyi tapşırıqları dəqiqliklə yerinə yetirir.

Məhəmmədin məşqçiləri Nicat Alverdiyev və Namiq İmanov onun gələcəkdə Azərbaycanın sərbəst güləş üzrə milli komandasının əsas simalarından biri olacağına inanırlar.

Biz də "Olimpiya dünyası” qəzeti olaraq, azyaşlı idmançımıza inanır, ona gələcək yarışlarda daha böyük uğurlar əldə etməyi arzulayırıq. İnanırıq ki, növbəti illərdə onun əldə edəcəyi nailiyyətlərdən qəzetimizdə yazılar hazırlayacağıq.


Azər Əlizadə



4123 oxunub

InvestAZ