XƏBƏR LENTİ
28 Mart 2024
27 Mart 2024
26 Mart 2024
25 Mart 2024



O, futbolun Çarli Çaplini idi
İdman 19:54 / 25.11.2022

"Xalqın sevimlisi”, "futbolun Çarli Çaplini”, "ipə-sapa yatmayan”, "əyriqıç”, Mane və nəhayət, Qarrinça. Bu adlar dünya futbolunda silinməz iz qoyan əfsanəvi braziliyalı Manuel Fransisku Duş Santuşa azarkeşlər tərəfindən verilən adlardır. Qarrinçanı "futbolun möcüzəsi" də adlandırıblar. Fikrimizcə, futbol ulduzuna yaraşan ad məhz budur. Qarrinça, doğrudan da, möcüzə idi. Onun futbol meydanlarında göstərdiyi fəndləri təkrarlamaq heç bir futbolçuya nəsib olmayıb. Çünki Qarrinça əvəzsiz, təkrarolunmaz futbolçu idi. O, fiziki sağlamlığına görə də milyonlarla futbolçu arasında fərqlənib. Dünya futbol tarixində ayağının biri digərindən qısa olan ikinci bir futbolçu qeydə alınmayıb. Axsamasına baxmayaraq, Mane Qarrinça fitri istedada malik, futbolda hamını məəttəl qoyan bir ulduz idi. Futbol dünyası heç vaxt Qarrinçanı qəlbindən silməyəcək.

Fabrikdən böyük futbola

Futbol dünyasının unudulmayacaq simalarından biri, bəlkə də birincisi Mane Qarrinça (tam adı Manuel Fransisko Duş Santuş) 1933-cü ilin oktyabr ayında Braziliyanın Pau-Qrandi şəhərində doğulub. Onun ailəsi Brazilyanın minlərlə kasıb ailələrindən biri idi. Uşaq vaxtı ağır xəstəlik keçirən Qarrinçanı tam müalicə etmək mümkün olmayıb. Xəstəlik nəticəsində gələcəyin futbol ulduzunun sağ ayağı sol ayağından 6 sm qısa qalıb. Həkimlər onun ömrünün sonuna kimi əsa ilə gəzəcəyini söyləyiblər. Heç kimin ağlına gəlməzdi ki, bu şikəst uşaq gələcəkdə bütün dünyanı heyrətə salacaq futbolçu, ikiqat dünya çempionu olacaq.

Qarrinça braziliyalı uşaqlardan fərqlənmirdi: hər gün məhəllədə top qovar, futboldan doymazdı. O, futbolun texnikasına bələd olmasa da, gözəl fəndləri ilə hamını heyrətləndirərdi. Mane futbola çox gec - 20 yaşında gəlib. Məhəllə dostları Svinq və Pilse ilə birlikdəPau- Qrandinin yığma komandasında hücum xəttində oynayırdı. Üçlük futbol meydançasında xarüqələr yaradırdı. Qarrinça komandanın aparıcı oyunçusu idi. Sağ kənarda oynayan Mane sürətlə irəliləyərək bir neçə müdafiəçini aldadar, topu cərimə meydançasında dayanan komanda yoldaşlarına elə dəqiqliklə ötürərdi ki, onlar topa sadəcə toxunmaqla qol vurardılar. Futbol Qarrinçanın əsas məşğuliyyəti deyildi. O, nə zamansa peşəkar futbolçu olacağını ağlına belə gətirmədiyi üçün fabrikdə işləyirdi. Elə fabrikdə bəlli oldu ki, onun ikinci adı yoxdur. Məsələ burasındadır ki, Braziliyada 10 minlərlə adamın adı Manuel və ya Santosdur. Təbii ki, bu adı daşıyanlar Qarrinçanın işlədiyi fabirkdə də az deyildi. O, adaşlarından seçilmək üçün özünə ikinci ad götürür - Fransisko. Yaxşı futbol oynadığına görə qonşu şəhərin komandasına dəvət olunan Qarrinça Pau-Qrandidə qalmaq qərarına gəlir və bu qərar onun gələcək karyerasının təməlini qoyur.


Müdafiəçini təlxək vəziyyətinə salan "əyriqıç"

Bir dəfə "Botafoqo"nun əvəzedici heyətində çıxış edən Arati Pau-Qrandiyə gəlir. Onu Qarrinçanın da iştirak etdiyi oyuna hakim kimi dəvət edirlər. Gənc hücumçunun oyun üslubu Aratini heyran qoyur və o, Qarrinçanı paytaxta gətirir. Arati gələcəyin dahi futbolçusuna butsi və idman forması alaraq "Botafoqo"nun məşqinə aparır. Tanınmış məşqçi Jentil Kardoza komandanın məşqi başa çatandan sonra yeni oyunçunu stadiona dəvət edir. Əyriqıçın meydançaya çıxması azarkeşlərin (braziliyalı azarkeşlər sevimli komandalarının məşq prosesində mütləq iştirak edirlər) və futbolçuların gülüşünə səbəb olur. Hətta Kardoza da bu "əcayib" oğlana gülür. Ayaqlarından biri digərindən qısa olan Qarrinçanı heç kim futbolçuya bənzətmir. Kardoza əyalətdən gəlmiş bu gəncdən hansı mövqedə oynadığını soruşur. Qarrinça isə qapıdan başqa istənilən mövqedə oynaya biləcəyini deyir. Qarrinçanın nəyə qadir olduğunu yoxlamaq Braziliya yığmasının və "Botafoqo"nun kapitanı, təcrübəli müdafiəçi Nilton Santosa həvalə edilir. Qarrinça Niltonu sifətdən tanımırdı və kimə "imtahan" verəcəyinin onun üçün fərqi yox idi. Təcrübəli müdafiəçi "dünənki uşağın" qarşısında aciz qalır. Qarrinça ustalıqla yerinə yetirdiyi driblinqlərlə Santosu iki dəfə yerə yıxılmağa məcbur edir. Sonra isə komandanın bütün heyətini "barmağına dolayır". Bayaqdan bəri qəhqəhə ilə gülənlər Qarrinçanın ecazkar hərəkətlərindən heyrətə gəlirlər. Məşqdən sonra geyinib-soynma otağında Niltonun yerə yıxıldığnı xatırlayan futbolçular gülüşürlər. "Botafoqo"nun masajçısı isə Qarrinçanın qulağına pıçıldayır: "Heç bilirsən, kimi təlxək vəziyyətinə salmısan? Bu, Niltondur, başa düşürsən, Nilton. Əgər o səndən inciyibsə, deməli, evinə qayıtmalı olacaqsan, səni komandaya götürməyəcəklər". Ancaq Nilton Santos nəinki inciyir, hətta əyriqıçın komandaya götürülməsində xüsusi rol oynayır. Beləliklə, "xalqın sevimlisi"nin futbol karyerası başlayır.


Bir dəqiq ötürməsi komandasını dünya çempionu edib

Qarrinça futbolda keçirdiyi 15 il ərzində ustalığı ilə bütün dünyanı heyran qoyur. "Sambaçı" nadir texnikaya malik futbolçu idi. O, hər iki ayağı ilə topu məharətlə idarə etməyi bacarırdı. Top yüksək sürətlə hərəkət edərkən qəflətən dayanmaq və istiqaməti dəyişmək yalnız Qarrinçaya məxsus olub. "Botafoqo"nun heyətində məşhurlaşan Qarrinçanı tezliklə Braziliya yığmasına dəvət edirlər. O, yığmada sağ kənar hücumçusu mövqeyində çıxış edərək, rəqibin cərimə meydançasında olan komanda yoldaşlarına dəqiq ötürmələri ilə yadda qalıb. 1958-ci il dünya çempionatının final oyununda Braziliya yığmasının qələbə topu məhz Qarrinçanın ötürməsindən sonra vurulub. 1955-ci il sentyabrın 18-də Çili yığmasına qarşı oyunda debüt edən Qarrinça komandanın aparıcı simalarından idi. "Sambaçılar"ın 1958-ci ildə İsveçdə keçirilən dünya çempionatında və 1962-ci ildə Çilidə təşkil edilən DÇ-də çempion adına layiq görülməsində onun xüsusi rolu olub. Çilidə vurduğu 4 qolla turnirin bombardirlərindən biri seçilib. Qarrinça DÇ-66-da millinin şərəfini qoruyub. Həmin çempionatda Braziliya yığması çox zəif çıxış edib və bu matçdan sonra Qarrinça beynəlxalq karyerasına son qoyub. Qeyd edək ki, Qarrinça yığma komandada oynadığı 1955-1966-cı illər ərzində 50 rəsmi oyuna çıxıb. Bu görüşlər ərzində futbolçu 13 dəfə rəqib qapılarına yol tapa bilib.


"İpə-sapa yatmayan"və ...

Qarrinçanı dəfələrlə Braziliya yığmasından kənarlaşdırmaq istəyiblər. Çünki meydançada nə edəcəyi qabaqcadan bilinməyən futbol ulduzu məşqçiləri narahat edirdi. Məşqçilər başlarını itirmişdilər. İstedadlı və populyar hücumçunu ehtiyat oyunçular skamyasında saxlamaq da onlara sərf etmirdi. Ona görə ki, Qarrinçanın fitri istedadı qələbənin yarısı demək idi. Məşhur braziliyalı duzlu, məzəli zarafatları ilə də seçilirdi. Komandanın baş məşqçisi Fiola "ipə-sapa yatmayan" hücumçunun zarafatları qarşısında bəzən aciz qalır, yalnız başını bulayırdı. Braziliya yığmasının İngiltərə millisi ilə qarşılaşmasından əvvəl Fiola son tapşırıqlarını verirmiş: birinci hissənin ilk 15 dəqiqəsində belə etmək lazımdır, hissənin sonlarında belə etməlisiniz, ikinci hissədə belə oynamalısınız və s. Hamının diqqətlə baş mşqçiyə qulaq asdığı bir anda Qarrinça belə bir sual verir: "Maraqlıdır, siz ingilislərlə bu planı razılaşdırmısınız?" Bu söz futbolçuların gülüşünə, Fiolanın isə yenə də başını bulamasına səbəb olur.

…iki arvadı olan qara dərili

Dahi futbolçunun meydançadan kənar həyatı problemlərlə dolu olub. Dəfələrlə avtomobil qəzasına düşən «sambaçı» təsadüf nəticəsində sağ qalıb. Qarrinçanın üzləşdiyi problemlər onu alkoqol düşkününə çevirib. «Xalqın sevimlisi» qazandığı pulları barlarda «əridərdi». Deyilənlərə görə, dahi futbolçunun atası da sərxoşluq edirmiş və ağ ciyər serrozundan dünyasını dəyişib. Qarrinça iki dəfə ailə qurub. Birinci həyat yoldaşı Nair məşhur futbolçuya 8, sonradan evləndiyi Elza Saures isə 3 uşaq bəxş edib.

Qarrinçanın meydançada etdiyi hərəkətlər məşhur komediya ustası Çarli Çaplini xatırladırdı. Fərq bunda idi ki, Çaplinin hərəkətləri tamaşaçıda gülüş, Qarrinçanın driblinqləri isə azarkeşlərdə heyrət doğururdu. Jurnalistlər dahi futbolçunu «futbolun Çarli Çaplini» adlandırırdılar.


"Sambaçılar» «qırmızılar»a qarşı

Futbol üzrə dünya çempionatı 1958-ci ildə İsveçdə keçirildi. Dünyanın ən güclülərinin toplaşdığı turnirin favoriti Braziliya yığması idi. Həmin vaxt "sambaçılar"la bərabər səviyyədə oynayacaq komanda yox idi. Çempionatın yarımfinalında Braziliya millisi fransızları darmadağın etdi - 5:2. Finalda isə meydan sahiblərinə qalib gələn "sambaçılar" dünya çempionu adına layiq olduqlarını göstəriblər.Keçmiş SSRİ yığması həmin çempionatda Braziliya yığması ilə ilk dəfə qarşılaşıb. Sovet komandasını çox çətin oyun gözləyirdi. "Sambaçılar"ın ardıcıl qələbələri onları çempionluğa doğru aparırdı. Sovet yığmasının braziliyalılar qarşısında yüksək səviyyəli oyun nümayiş etdiricəyinə inananlar az idi. Braziliya yığmasının heyəti çox güclü idi. Jilmar, Calma Santos, Didi, Vava, Pele və Qarrinça kimi ulduzlarla "döyüşmək" komandalar üçün asan başa gəlmirdi. Əfsanəvi futbolçuların məşqlərinə baxmaq istəyən komandalar buna nail ola bilmirdilər. "Sambaçılar"ın tez-tez məşq yerini dəyişdirirməsi bu işi əngəlləyirdi.

Anar Əhmədov

Ardı var...


14004 oxunub

InvestAZ