XƏBƏR LENTİ
02 Avqust 2021
31 İyul 2021
30 İyul 2021
29 İyul 2021
28 İyul 2021
27 İyul 2021



Olimpiya qurğuları öz möhtəşəmliyi ilə seçilir
Maraqlı 12:00 / 19.06.2021



İlk Olimpiya kəndi Los-Anceles olimpiadasına məxsusdur

1932-ci ildə Amerikanın Los-Anceles şəhərində X Olimpiya oyunları keçirildi. Şəhərin yenidən qurulan "Kolizey" (1923) stadionunda 100 mindən artıq tamaşaçı yerləşirdi. Bu qurğu həmin dövrün ən möhtəşəm və unikal stadionu sayılırdı. Onun mərkəzi arkası üzərində Olimpiya məşəli alovlanırdı. Avarçəkənlər yenicə hazırlanmış Lonq Beach kanalında, velosipedçilər müvəqqəti fəaliyyət göstərən velotrekdə təşkil edilmiş yarışlarda iştirak edirdilər.
İlk dəfə olaraq olimpiada yarışları zamanı idmançıların yaşaması üçün 700 evdən ibarət Olimpiya kəndi inşa edildi. Hər bir şəraiti olan Olimpiya kəndi həm də dünyanın müxtəlif regionlarından gəlmiş idmançılar arasında dostluq münasibətləriinin yaranmasına səbəb oldu.
1932-ci ildə XI Olimpiya oyunlarının Berlində keçirilməsi qərara alındı. Almaniya höküməti oyunlara çox ciddi sürətdə hazırlıq görməyə başladı. Berlində olimpiada üçün inşa edilmiş idman kompleksi möhtəşəmliyi ilə əvvəlkilərdən fərqlənirdi. İdman kompleksinin layihəsinə görə memar Verner Marxa qızıl medala layiq görüldü. Olimpiadanın əsas stadionuna 100 min nəfərdən artıq tamaşaçı yerləşirdi. Daha 150 min azarkeş üzgüçülük hovuzunda təşkil edilən üzgüçülük yarışlarını və idman zalındakı hokkey turnirlərini izləyirdi.


Olimpiya Hərəkatı yenidən
sülh və qardaşlığın rəmzinə çevrildi

1948-ci ildə Londonda keçirilən XIV olimpiada insanların sülhə və dostluğa nə qədər meyilli olduqlarını bir daha göstərdi. Uzun sürən hərbi rejim və iqtisadi tənəzzül insanları ruhdan sala bilməmişdi. Olimpiadada o dövr üçün rekord sayda (59 ölkədən idmançılar) atletlər iştirak edirdi. Olimpiya oyunlarını izləmək üçün dünyanın hər yerindən Londona çoxlu qonaqlar və turistlər gəlmişdi. Olimpiada üçün xüsusi olaraq, idman qurğuları inşa edilmədi. 1908-ci il Olimpiya oyunları üçün tikilən köhnə Olimpiya stadionun qaçış zolağı isə standartlara cavab vermirdi. Buna görə də olimpiada Uemblidə yerləşən 60 min nəfərlik tribunaya malik stadionda keçirildi. "Uembli" stadionunda oyunların açılış və bağlanış mərasimi keçirildi.

Şübhəsiz belə bir dövrdə olimpiadanın yüksək səviyyədə təşkili və idmançıların uğurlu nəticələrindən danışmağa dəyməzdi. Uzun sürən II dünya müharibəsindən sonra ümumdünya idman bayramının - olimpiadanın keçirilməsi faktının özü Olimpiya Hərəkatının yenidən dirçəlməsi demək idi.


Olimpiya Hərəkatı yeni inkişaf mərhələsində

1952-ci ildə Helsinki Olimpiya oyunlarında daha çox ölkə iştirak etdi. Sovetlər İttifaqının 69 milli komandası Olimpiya oyunları tarixində ilk dəfə olaraq yarışlara qatıldı. Debyütantlar inanılmaz qələbələr qazandılar. Qeyri rəsmi hesablamalara görə onlar xal hesabı ilə oyunların favoriti ABŞ komandası ilə I və II yerləri bölüşdülər. Helsinki-1952 olimpiadasında yüksək nailiyyətlərin qazanılmasının səbəblərindən biri də oyunlar üçün xüsusi idman qurğularının inşa edilməsi idi. Oyunların əsas stadionunda qaçış zolağı (400 metr), futbol meydançası, atletika bölməsi idmançıların daha yüksək uğurlar əldə etmələrinə imkan yaratdı.
1956-cı ildə Olimpiya Hərəkatı özünün yeni inkişaf mərhələsinə qədəm qoydu. XVI Olimpiada ilk dəfə olaraq Avstraliya regionunda Melburn şəhərində keçirildi. Oyunların təşkilatçıları ciddi hazırlıq görməyə başladılar. Olimpiadaya hazırlıq avstraliya memarlığının gələcək inkişafında xüsusi rol oynadı. İnkişaf etmiş Avropa ölkələrindən xeyli aralıda yerləşən yeni Olimpiya paytaxtının özünəməxsus iqlimi "yaşıl regiona" təşrif gətirmiş yarış iştirakçıları üçün müəyyən çətinliklər yarada bilərdi. Oyunların təşkilatçıları bütün bu çətinlikləri aradan qaldırmaq üçün müəyyən tədbirlər həyata keçirdilər. Nəticədə dünyanın müxtəlif ölkələrindən gələn idmançılar böyük nailiyyətlər əldə etdilər. Bu isə Təşkilat Komitəsinin işinə verilən ən yüksək qiymət hesab oluna bilər.


Olimpiada oyunların paytaxtlarının
infrastrukturunda ciddi dəyişikliyə səbəb oldu

İtaliyada keçirilən XVII Olimpiadaya (1960) hazırlığı növbəti oyunlara hazırlıq mərhələsi kimi hesab etmək olar. Bu zaman ilk dəfə olaraq İtaliyada təşkilati məsələlər ətraflı olaraq öz həllini tapdı. Belə ki, Olimpiya oyunlarına hazırlıq zamanı Olimpiya İdman Komplekslərinin tikintisi ilə yanaşı, həm də paytaxt Rim şəhərinin infrastrukturunda ciddi dəyişikliklər aparıldı. Qədim şəhərin avtomobil yolları təzələndi, köhnə tikililər dağıdılaraq, yenisi ilə əvəz edildi. Rimdə qədim memarlıq abidələrinin bəziləri yenidən qurularaq burada müxtəlif növlər üzrə yarışların təşkili üçün müəyyən şərait yaradıldı. Oyunların əsas stadionu isə 100 min yerlik "Stadio Olimpiko" stadionu idi. Bu stadionda oyunların açılış və bağlanış mərasimi, həmçinin atletika və atçılıq idmanı üzrə yarışlar təşkil edildi. Velosiped yarışlarının keçirildiyi "Velodromo olimpiko" isə bu günə qədər dünyanın ən yaxşı velodromlarından biri sayılır. VII Olimpiya oyunlarından onunla fərqlənir ki, yarışlar Avropanın bir sıra ölkələrinə televiziya vasitəsilə çatdırılırdı.
Tokioda 1964-cü ildə keçirilən VIII Olimpiya oyunlarına hazırlığa 2.668 milyon ABŞ dolları məbləğində vəsait xərcləndi (460 milyon ABŞ dolları maddi texniki bazanın yaradılmasına, qalan məbləğ isə şəhərin infrastrukturunun inkişafına sərf edilmişdi). Asiya regionunda keçirilən ilk Olimpiya oyunlarının təşkilatçıları yarışlar və məşqlər üçün 110-dan çox müxtəlif idman qurğuları hazırlayaraq idmançıların istifadəsinə verdi. Tokioda yeni metro xətləri və çoxxətli dəmir yolu inşa edildi. Nəqliyyat sahəsində mövcud problemləri aradan qaldırmaq üçün nəqliyyat sistemində köklü dəyişikliklər aparıldı. Tokio olimpiadasının əsas mərkəzi isə "Yoyoqi" parkında yerləşən bağlı idman qurğuları idi. Tokio oyunlarının xarakter xüsusiyyətlərindən biri də yarışlar zamanı texniki vasitlərdən geniş istifadə olunması idi. Bu vasitələrin tətbiqi hakimlərin daha dəqiq və operativ işləməsinə imkan yaratdı. Kosmos vasitəsilə yayımlanan televiziya verilişləri bütün dünyanın diqqətini olimpiya arenalarında baş verənlərə cəlb etdi. Olimpiya oyunlarını dünyanın hər bir yerindən izləmək imkanı yarandı. Bu isə Olimpiya Hərəkatının populyarlığının son dərəcə artmasına səbəb oldu.
1968-ci ildə Olimpiya oyunları ilk dəfə olaraq Latın Amerikası ərazisində keçirildi. Mexiko şəhəri bu möhtəşəm oyunlara ev sahibliyi etməyin öhdəsindən layiqincə gəldi. Müxtəlif ölkələrdən şəhərə axışan turist axınının Mexikonun iqtisadiyyatının inkişafına böyük təsiri oldu.
Münhendə keçirilən X Olimpiya oyunlarının təşkilatçıları Roma, Tokio və Mexikonun təcrübəsindən bəhərlənərək, Olimpiadanın daha yüksək səviyyədə keçirilməsi üçün əllərindən gələni etdilər. Stadion, universal idman sarayı, bağlı velotrek və üzgüçülük hovuzunun yerləşdirildiyi
"Obervizenfeld" stadionu yenidən quruldu. Bundan başqa atıcılıq kompleksi, avarçəkmə kanalı, ippodrom və bir sıra digər idman qurğuları inşa edildi. Qeyri-adi turist axını nəzərə alınaraq, şəhərdə yeni metro xətləri, avtomagistral yollar çəkildi. Şəhərin mehmanxanalarının sayı 10 dəfəyə qədər çoxaldıldı. İdmançıların yerləşdirilməsi üçün 10-15 min yerlik Olimpiya kəndi inşa edildi.

2266 oxunub

InvestAZ