XƏBƏR LENTİ
02 Avqust 2021
31 İyul 2021
30 İyul 2021
29 İyul 2021
28 İyul 2021
27 İyul 2021



Ölkəmizdə peşəkar boks döyüşləri keçiriləcək
İdman 16:21 / 17.06.2021

İyunun 20-də Xocalıya ədalət şüarı altında "Khojaly Global Promotion -3” beynəlxalq peşəkar boks turniri keçiriləcək. Mərdəkanda yerləşən "Dalğa Beach-Aqua Park” istirahət mərkəzində keçirilən yarışda Azərbaycanla yanaşı, Gürcüstan və İranı da təmsil edən peşəkar idmançılar mübarizə aparacaqlar. Turnir haqqında ətraflı məlumat əldə etmək üçün "Khojaly Global Promotion” şirkətinin prezidenti, promouter Ehram Məcidovla görüşdük. Federasiya rəsmisi turnirin keçirilməsində əsas məqsədin Xocalı soyqırımını dünya idman ictimaiyyətinə tanıtmaqdan ibarət olduğunu dedi: "Bildiyiniz kimi, mən "Khojaly Global Promotion” şirkətinin prezidentiyəm. Bu şirkət Azərbaycanda ilk növbədə peşəkar idmanın inkişafı ilə məşğuldur. Azərbaycan Gənclər və İdman Nazirliyinin dəstəyi ilə, eləcə də, Azərbaycan Kikboksinq Federasiyası, Azərbaycan Kunq-Fu Federasiyası, Azərbaycan Muay-Tay və MMA Federasiyası və Peşəkar Boks Federasiyasının idmançıları "Khojaly Global Promotion” şirkətinin təşkil etdiyi yarışlarda iştirak edirlər. İdmançılarımız rəsmi olaraq iştirak etdikləri reytinq döyüşlərində, eləcə də Azərbaycanda "Khojaly Global Promotion” şirkətinin təşkil etdiyi turnirlərdə reytinq xalları qazanırlar.
İyunun 20-də bizim növbəti yarışımız təşkil olunacaq. Mərdəkanda "Dalğa Beach-Aqua Park” istirahət mərkəzində keçiriləcək yarışda 7 peşəkar boksçumuz iştirak edəcək. Turnirdə Azərbaycan idmançıları ilə yanaşı Gürcüstan və İranı təmsil edən peşəkar boksçular da yarışacaqlar. Qeyd edim ki, budəfəki yarışda peşəkar boksçularla bərabər, peşəkar K1, MMA, kunq-fu, muay-tay döyüşləri də olacaq.  "Khojaly Global Promotion” şirkəti olaraq əsas məqsədimiz ilk növbədə Azərbaycanda bu idman növünü inkişaf etdrimək və xalqımızın başına gətirilən Xocalı soyqırımını dünya idman ictimaiyyətinə tanıtmaqdır. Təbii ki, bu yolda da bizim xüsusi təbliğat proqramımız var. Belə ki, şirkətimiz xarici və yerli idmançılara kitab şəklində hazırlanmış buklet təqdim edir. Həmin bukletlərin bir üzündə yarışda iştirak edəcək idmançıların fotoları, digər üzündə isə Xocalı faciəsi ilə bağlı ingilis dilində məlumatlar dərc olunur. Burada Xocalı faciəsində həlak olmuş insanların fotoları və ingilis dilində statistik məlumatlar (neçə qadın, neçə yaşlı və neçə uşaq) yerləşdirilib. Düşünürük ki, yarışa gələn idmançıların bu bukletlərin üzərində şəkli olduğu üçün həmin bukletləri özləri ilə birgə vətənlərinə aparıb, evlərinin ən gözəl güşəsinə yerləşdirəcəklər. Zaman keçdikcə isə bu bukleti idmançının ailəsi, dostları və tanışları görüb, erməni vandallarının Xocalıda törətdiyi vəhşilik barədə məlumatları olacaq. Heydər Əliyev Fondunun Birinci vitse-prezidenti hörmətli Leyla xanım Əliyevanın dünyada apardığı "Xocalıya ədalət” kompaniyasının biz də kiçik bir qismi olaraq Xocalı soyqırımını dünya ictimaiyyətinə tanıdırıq.
"Khojaly Global Promotion” şirkəti olaraq təşkil etdiyimiz peşəkar döyüşlərdə idmançılar daxili reytinqlər əldə edirlər. Gələcəkdə "Khojaly Global Promotion” şirkətinin filiallarını açacaq və şirkətin inkişafı üçün çalışacağıq. Həmçinin dünya idmanının tanınmış simalarını Xocalı faciəsi ilə tanış edərək məlumatlandıracağıq. Təbii ki, bu işimizdə bizə Azərbaycan Gənclər və İdman Nazirliyi və Milli Olimpiya Komitəsi (MOK) çox böyük dəstək olur. Kikboksinq Federasiyası, Pankration Federasiyası, Muay-tay Federasiyası, MMA Federasiyası və Kunq-fu Federasiyası və Peşəkar Boks Federasiyası da bizə dəstək olurlar. Biz də öz növbəmizdə çalışırıq ki, Azərbaycanın peşəkar idmançıları daha da inkişaf etsin və dünya idman arenasında böyük uğurlar əldə etsinlər”, - deyə "Khojaly Global Promotion” şirkətinin prezidenti qeyd etdi.
Ehram Məcidov həmçinin bildirib ki, turnir pandemiya şəraitində olduğu üçün açıq havada təşkil olunacaq.

"Döyüşlər Operativ Qərargah tərəfindən təyin edilən qaydalar çərçivəsində həyata keçiriləcək. Həm yerli, həm də xarici iştirakçıların hər biri COVİD-19 testi verəcəklər. Pandemiya şəraitində oluğumuza baxamayaraq, yarışların təşkilinə icazə verdikləri üçün Azərbaycan Nazirlər Kabinetinin yanında fəaliyyət göstərən Operativ Qərargaha öz təşəkkürümü bildirirəm. Bundan əlavə bizə bu işdə dəstək olan şirkətlərə və federasiyalara minnətdarlığımı bildirirəm. Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev hər zaman idmanın inkişafına xüsusi diqqət və qayğı göstərir. Buna görə də, biz də əlimizdən gələni edirik ki, bu yolda az da olsa rolumuz olsun”, - deyə o bildirdi.



Azər Əlizadə



2994 oxunub

InvestAZ