XƏBƏR LENTİ
26 Aprel 2024
24 Aprel 2024
23 Aprel 2024
22 Aprel 2024
21 Aprel 2024



Gözlənilməz hadisələr və çempionlarla zəngin möhtəşəm turnir
İdman 18:50 / 16.06.2021

(əvvəli qəzetimizin 78-ci sayında)

1988
Səkkizinci Avropa çempionatı Niderland komandasının qələbəsi ilə başa çatıb. "Narıncılar” 70-ci illərdə iki dəfə dünya çempionatının finalında oynasalar da, çempion ola bilməmişdilər. Nəhayət, ölkə futbolunun atası sayılan Rinus Mihelsin başçılıq etdiyi yığma bu dəfə azarkeşlərini sevindirə bilib.
Niderlandlılar həlledici matçda SSRİ futbolçularını məğlub edərək, mükafatı əldə etdilər. Maraqlıdır ki, qrup mərhələsində sovet oyunçuları "narıncılar”ı məğlubiyyətə uğratmışdılar. Amma finalda Ruud Qullit, Marko van Basten, Frank Raykaard kimi futbolçulara malik Niderland yığması titulu əldə etməyə layiq olduğu sübuta yetirib. Finalda Bastenin Rinat Dasayevin qapısına vurduğu gözəl qol hələ də yaddaşlardan silinməyib.


1992
Dörd ildən sonra İsveçdə keçirilən qitə birinciliyində Hollandiya yığmasının titulu qoruyacağı gözlənilirdi. Amma tarixin gözlənilməz hadisələri AVRO-1992-nin ən sürpriz çempionat kimi yadda qalmasına səbəb olub.
90-cı illərin əvvəllərində SSRİ və Yuqoslaviya dövlətləri süquta uğradığından bu ölkələrin yığmaları final mərhələsində iştirak etməmək təhlükəsi ilə üzləşiblər. SSRİ-ni turnirdə Müstəqil Dövlətlər Birliyi komandası əvəz etsə də, yuqoslavlar eyni imkanı qazanmayıblar. Nəticədə, onları seçmə mərhələsində ikinci yeri tutan Danimarka yığması əvəz edib. Çempionatın startına bir həftə qalmış toplanan skandinaviyalılar isə İsveçdə birinci olublar. Özü də Danimarka yığması ilk iki oyunda İngiltərə ilə heç-heçə oynayıb, meydan sahibləri uduzublar. Sonuncu qrup matçında 8 il əvvəl Avropa çempionu titulunu qazanmış Mişel Platinin rəhbərlik etdiyi Fransa yığması bütün proqnozları alt-üst edərək, danimarkalılara uduzub. Qeyd edək ki, bu hadisədən sonra Mişel Platini bir daha məşqçi olmayacağını söyləyib.
Pley-offda isə Danimarka komandası əvvəlcə Hollandiya yığmasını məğlubiyyətə uğradıb. Marko van Bastenin lideri olduğu komanda onibirmetrlik zərbələr seriyasında titulla vidalaşıb. Maraqlıdır ki, oyun zamanı belə zərbəni dəqiq yerinə Basten həlledici anda qeyri-dəqiq olub.
Finalda bir vaxtlar yığmamıza başçılıq edən Berti Foqtsun komandası Almaniyada skandinaviyalıların qarışısını ala bilməyib. Nəticədə, danimarkalılar istirahətdən gəlib Avropa çempionu titulunu qazanaraq, bütün dünyanı şoka salıblar.


1996
1996-cı ildə futbol öz vətəninə dönüb. İngiltərədəki çempionatda ilk dəfə final mərhələsində 16 komanda yarışıb. Birincilik Almaniya yığmasının əzmkar qələbəsi ilə başa çatıb.
Qrup mərhələsini uğurlu keçirən almanlar yarımfinalda meydan sahiblərinə qalib gəliblər. Onların finaldakı rəqibi Çexiya komandası isə pley-offda Portuqaliya və Fransa yığmalarını mübarizədən kənarlaşdırıb. Çoxları həlledici oyunda almaniyalı futbolçuların 1976-cı ilin finalındakı məğlubiyyətin əvəzini çıxacağını gözləyirdi.
Düzdür, "Uembli” stadionundakı matç heç də almanların istədiyi kimi alınmayıb. Məğlub vəziyyətinə düşən yığma yalnız Oliver Birhoffun meydana çıxması nəticəsində hesabı bərabərləşdirib. Həmin çempionatda "qızıl qol” qaydası tətbiq olunduğundan əlavə vaxtda Birhoffun vurduğu ikinci top Almaniya yığmasını qitə çempionu edib.


2000
AVRO-2000 ilk dəfə iki ölkənin ərazisində təşkil olunub. Niderland və Belçika qitənin ən güclü yığmalarını bir araya toplayıb. Budəfəki birincilik də öz gözəlliyi və gözlənilməz nəticələri ilə yadda qalıb.
1998-ci ildə dünya çempion titulunu qazanan Fransa yığması çempionatın favoriti hesab olunurdu. Onunla yanaşı Hollandiya, Portuqaliya və İtaliya komandaları da yarımfinalda oynamaq hüququ qazanıb. Xüsusilə, "narıncılar”ın meydan amilindən istifadə edərək, uğur qazanacağı gözlənilirdi. Amma 1/2 finalda İtaliya yığması qapısına təyin olunmuş iki 11 metrlik cərimə zərbəsini yerinə yetirə bilməyən hollandlar oyundan sonra da uğursuzluğu davam etdiriblər. Digər yarımfinal matçında isə Fransa yığması Zidanın vurduğu qol sayəsində finalçı olub.
Finalda İtaliya yığması 92 dəqiqə hesabda irəli olsa da, hakimin əlavə etdiyi üçüncü dəqiqədə qapısından qol buraxıb. Çempion titulunu bayram etməyə hazırlaşan italiyalılar Silvyen Viltordun vurduğu qolla gözlənilməz zərbə alıblar. Bundan özünə gələ bilməyən italyanlar əlavə vaxtda daha bir qol buraxaraq, 32 ildən sonra çempion olmaq imkanını əldən verib. Əvəzində Fransa futbolçuları ikinci dəfə qitənin ən güclüsü olublar.


2004
2004-cü ildə Portuqaliyada təşkil olunmuş qitə birinciliyində Yunanıstan yığması bütün proqnozları alt-üst etmişdi. Turnirin açılış və bağlanış matçlarında eyni komandalar üz-üzə gəliblər. Amma hər iki halda yunanlar meydan sahiblərini məğlub etməyin yollarını tapıblar.
Otto Rehagelin başçılıq etdiyi komanda pley-offda Fransa və Çexiya kimi komandalar üzərində gözlənilməz qələbələr qazanıb. Lakin hamı finalda Portuqaliya yığmasının meydan amilindən istifadə edərək, çempion olacağını gözləsə də, nizam-intizamlı yunanlar başqa şey düşünüblər. Maraqlıdır ki, çempion komanda pley-off mərhələsində qapısından top buraxmayaraq, mükafata layiq olduğunu sübuta yetirib.

2008
2008-ci il Avropa çempionatı 2000-ci ildə olduğu kimi, yenidən iki ölkədə təşkil olundu. Qitə birinciliyində komandaların çempionluq uğrunda apardığı amansız mübarizəyə bu dəfə Avstriya və İsveçrə ev sahibliyi edib. Hələ çempionatın əvvəllərindən azarkeşlər İspaniya və Almaniya yığmalarını favorit hesab edirlər. Komandaların heyətləri də bunu deməyə əsas verirdi. Elə ehtimallar da özünü doğrultdu. Çempionatın finalında məhz bu iki komanda üz-üzə gəldi. Gərgin və maraqlı mübarizə şəraitində keçən oyunda İspaniya millisi Almaniya yığmasına qalib gələrək çempionluq sevincini yaşadı. Üçüncü yerləri isə Rusiya və Türkiyə komandaları tutdular.


2012
4 il sonra Avropa çempionatına Polşa və Ukrayna birgə ev sahibliyi etdi. 2008-in qalibi olan İspaniya millisi bu yarışda da əsas mükafatlara namizədlik iddiasını ortaya qoydu. Finalda İtaliya millisinə böyük hesabla (4:0) qalib gələn "Qırmızı furya” ardıcıl ikinci dəfə, ümumilikdə isə üçüncü dəfə qitə çempionatının kubokunu başı üzərinə qaldırdı. Almaniya və Portuqaliya milliləri isə bürünc medallara sahib çıxıb.



2016
AVRO-2016 4 ildən sonra Fransada təşkil olundu. "Xoruzlar ölkəsi”nin yığma komandası doğma azarkeşlər önündə çempionatın qalibi olmağa əsas iddialılardan olsa da, onların bu istəyi həyata keçmədi. Finala qədər doğma azarkeş amilindən istifadə edən Didye Deşamın yetirmələri Portuqaliya yığması ilə üz-üzə gəldi. Çempionluğa gedən yolda bütün rəqiblərinə qalib gələn Portuqaliya yığması həlledici görüşdə güclü rəqibdən üstün oldu. Həmin görüşün müqəddəratını cəmi bir qol həll etdi ki, bununla da Portuqaliya tarixində ilk dəfə Avropa çempionu oldu.

27607 oxunub

InvestAZ