XƏBƏR LENTİ
10 May 2021
09 May 2021
07 May 2021
06 May 2021
05 May 2021
04 May 2021



“Azərbaycana Tokiodan qızıl medal gətirmək istəyirəm”
İdman 19:21 / 14.04.2021
Rusiyanın paytaxtı Moskvada keçirilən ağırlıqqaldırma üzrə kişilər və qadınlar arasında Avropa çempionatı başa çatdı. Yarışlarda ölkəmizə üç medal qazandıran Boyanka Kostova dördüncü dəfə qitənin ən güclü idmançısı adına layiq görüldü. Yığma komandamızın üzvü iki hərəkətin cəmində 211 kq (95 kq + 116 kq) nəticə göstərdi. "Olimpiya dünyası” qəzeti yarışdan sonra xanım idmançı ilə əlaqə saxlayıb, onun qələbə təəssüratlarını öyrəndi.


- Boyanka, səni qələbə münasibətilə təbrik edirik. Moskvada keçirilən Avropa çempionatında bayrağımızı dalğalandırdın. Çıxışını necə qiymətləndirirsən?


- Qələbə qazandığıma görə çox sevincliyəm. Çünki bu nailiyyət üçün yetərincə böyük əmək sərf etmişdim. Avropa çempionatı güclü turnirdir və burada qalib gəlmək həmişə qürurvericidir. Əsas odur ki, hazırlığımız hədər getmədi. Uzun müddətdən sonra lazımi nəticəni əldə etdim.

- Çıxış etdiyin çəki dərəcəsində yeni rəqiblərin var idi. Lakin illərdən bəri qazandığın təcrübə öz sözünü dedi. Bu barədə nə deyərdin?

- Bəli, düz vurğuladınız. Təcrübə çox vacib amildir. İdman dinamikdir. Hər dəfə yeniliklərlə, yeni rəqiblərlə üz-üzə gəlirsən. Hədəfə çatmaq üçün yeniliklərlə ayaqlaşıb, rəqibləri qabaqlamalısan. Mən bütün rəqiblərimə hörmətlə yanaşıram. Onları bir rəqib kimi çox ciddi qəbul edirəm. Bu, idmanda çox vacibdir. Beynəlxalq arenada uğur qazanmaq istəyən hər kəs belə etməlidir. Yarışa doğru köklənmə və analiz məşqlərin özü qədər vacibdir. Bu işdə məşqçilər heyətimizin xüsusi rolu əldə etdiyim qələbədə də mənə çox yardımçı oldu.

- Pandemiya səbəbindən bir sıra yarışlar təxirə salınıb. Təlim-məşqlər əvvəlki kimi keçirilmir. Bu yarışa necə hazırlaşmışdın?

- Dünyada tüğyan edən pandemiya hər kəsin planlarına, məşq prosesinə, hazırlığına mane oldu. Bir sıra çətinliklərlə üzləşsəm də, bu işin öhdəsindən gəldik. Çempionata daha çox fərdi şəkildə məşğul olub, hazırlaşdım. Azərbaycan Ağır Atletika Federasiyasının rəhbərliyi mənə çox dəstək oldu. Yarışlara köklənməyim üçün bütün imkanlar yaradıldı. Biz bir komanda olaraq çalışdıq və nəticəsi də bu qızıl medal oldu.

- Tokio-2020 Yay Olimpiya oyunlarında ölkəmizi təmsil etmək imkanın var. Bu barədə nə deyə bilərsən?

- Əlimdən gələn hər şeyi edəcəyəm. Buna əmin ola bilərsiz. Azərbaycana Tokiodan qızıl medal gətirmək istəyirəm. Bunun üçün bütün qüvvəmi səfərbər edib, məqsədimə çatmağı düşünürəm. Hər bir idmançı üçün Olimpiya Oyunlarında uğur qazanmaq böyük arzudur. Arzum üçün hər bir çətinliyin öhdəsindən gəlməyə çalışacağam. Qeyd edim ki, bu mənim son olimpiadam olacaq. Fürsəti əldən vermək istəmirəm.

- Bütün dünyada olduğu kimi, Bolqarıstanda da pandemiya səbəbindən bir sıra qadağalar tətbiq olundu. Karantin dövrünü necə keçirdin?

- Mən də müvafiq qaydalara riayət edirdim. Ev şəraitində oturmaq bir qədər çətin idi. Amma hamı kimi biz də bununla razılaşmalı olduq. Bilirəm, mənim kimi hamı bu pandemiyanın bitəcəyi günü səbirsiziklə gözləyir. Buna görə də səbr edib, sosial məsafə saxlamalı, tibbi maska taxmalı, şəxsi gigiyena məsələlərinə fikir verməliyik. Çünki sağlamlıq hər şeydən üstündür.

Anar Əhmədov

1362 oxunub

InvestAZ