XƏBƏR LENTİ
29 Mart 2024
27 Mart 2024
26 Mart 2024
25 Mart 2024



Millimizin qələbə seriyası beşə çatdı
İdman 19:23 / 20.11.2022
Futbol üzrə Azərbaycan milli komandası növbəti yoldaşlıq oyununu keçirib. Millimiz Skopyedəki "Todor Proeski Milli Arena”sında Şimali Makedoniya yığması ilə qarşılaşıb. Albaniyalı FIFA referisi Enea Yorqyinin idarə etdiyi oyun komandamızın 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. Matçda hesab 25-ci dəqiqədə açılıb. Aleksey İsayevin kobudluğundan sonra təyin olunan penaltini dəqiq yerinə yetirən Enis Bardi Şimali Makedoniyanı önə çıxarıb. Meydan sahiblərinin qol sevinci 13 dəqiqə çəkib. 38-ci dəqiqədə Elvin Cəfərquliyev fərqlənərək hesabı bərabərləşdirib. Matçın 65-ci dəqiqəsində isə Musa Qurbanlı komandamızı hesabda önə keçirib. 75-ci dəqiqədə Höccət Haqverdi birbaşa qırmızı vərəqə alaraq, meydanı tərk edib. Matçın əsas vaxtına bir dəqiqə qalmış isə Ramil Şeydayev fərqlənərək komandamızın 3:1 hesablı qələbəsini rəsmiləşdirib.
Oyun millimizin üzvü M.Qurbanlı üçün əlamətdar olub. Belə ki, "Qarabağ” klubunun da formasını geyinən futbolçu millidəki qol hesabını açıb. 20 yaşlı futbolçu özünün yığmadakı 5-ci oyununda ilk qolunu vurub. O, bununla da yığma tarixinə qol sevinci yaşayan 71-ci futbolçu kimi daxil olub.
Şimali Makedoniya ilə matçda Azərbaycan millisində debüt gerçəkləşib. Ceyhun Nuriyev ilk dəfə ölkəmizin əsas komandasında forma geyinib. "Sabah”ın yarımmüdafiəçisi yoldaşlıq görüşündə Şimali Makedoniya önünə 68-ci dəqiqədə meydana daxil olub. Futbolçu yığma tarixinə 261-ci kimi düşüb. Bunadək 285 matça çıxan millidə 260 futbolçu forma geyinib.
Bu, milli komandamızın ardıcıl qazandığı beşinci qələbəsi olub.
Qeyd edək ki, millimiz bundan əvvəlki yoldaşlıq görüşündə Moldovaya 2:1 hesabı ilə qalib gəlib.


10707 oxunub

InvestAZ