XƏBƏR LENTİ
20 Aprel 2024
19 Aprel 2024
18 Aprel 2024



“Zirə” liderliyini qorudu
İdman 12:40 / 18.09.2023

Futbol üzrə Azərbaycan Premyer Liqasında VI turun oyunları keçirilib. Turun ilk oyun günündə "Zirə" klubu "Sumqayıt"ı qəbul edib. Qarşılaşma paytaxt təmsilçisinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Yeganə qolu 45+1-ci dəqiqədə Məqsəd İsayev vurub. Komandanın digər oyunçusu Pyer Zebli 10-cu dəqiqədə qırmızı vərəqə alaraq meydandan qovulub.

27-ci dəqiqədə isə qonaqların baş məşqçisi Samir Abasov qırmızı vərəqə gördüyü üçün texniki zonadan uzaqlaşdırılıb.

Xallarının sayını 15-ə çatdıran "Zirə" liderliyini qoruyub. "Gənclik şəhəri" təmsilçisi 7 xalla hələlik 7-ci pillədə qərarlaşıb.

Turun ikinci oyun günündə daha iki oyun təşkil olunub. Əvvəlcə "Kəpəz" komandası Gəncə şəhər stadionunda "Səbail"i qəbul edib. Qarşılaşma paytaxt təmsilçisinin 0:3 hesablı qələbəsi ilə yekunlaşıb. "Dənizçilər"in qollarını 2-ci dəqiqədə Yusif Nəbiyev, 16-cı dəqiqədə Valdemar Almeyda, 54-cü dəqiqədə isə Aleksandr Ramalinqom vurub.

Bu nəticədən sonra xallarının sayını 10-a çatdıran qonaqlar dördüncü pillədə qərarlaşıb. "Kəpəz" isə 4 xalla 9-cu sıradadır.

VI turun növbəti oyunu "Neftçi" və "Araz-Naxçıvan" komandaları arasında olub. "Dalğa Arena"dakı qarşılaşma Naxçıvan təmsilçisinin qələbəsi ilə başa çatıb - 1:0. 81-ci dəqiqədə Orxan Əliyev penaltidən fərqlənib. Meydan sahiblərində Kadiri Mohammed 86-cı dəqiqədə ikinci sarı vərəqəni alaraq meydandan qovulub.

Bu nəticədən sonra xallarının sayını 10-a çatdıran "Araz-Naxçıvan" beşinci pilləyə yüksəlib. "Neftçi" isə 8 xalla 6-cı sıradadır.

Turun son oyun günündə daha iki qarşılaşma oynanılıb. Günün ilk matçı Tovuzda keçirilib. Yerli "Turan Tovuz” doğma azarkeşləri önündə "Qəbələ”ni qəbul edib. Görüşün ilk hissəsində qapılara qol vurulmayıb. Əvəzində fasilədən dərhal sonra tovuzlular dörd dəqiqə ərzində rəqibi iki dəfə mərkəzə dəvət ediblər. 56-cı dəqiqədə Fərid Nəbiyev, 59-cu dəqiqədə isə Belajdi Pusi adlarını tabloya yazdırıblar.

Lakin qonaqlar təslim olmayıblar. 72-ci dəqiqədə dəqiq zərbə ilə komandasını ümidləndirən Osama Xalayla 6 dəqiqə sonra penaltidən fərqlənərək, dubla imza atıb və hesabı bərabərləşdirib.

Komandaların sonrakı cəhdləri bir nəticə verməyib, qarşılaşma 2:2 hesabı ilə başa çatıb. Bununla "Turan Tovuz” cari mövsüm öz meydanında keçirdiyi ikinci matçda da qələbə qazana bilməyib. Bu heç-heçə sayəsində xallarının sayını 10-a çatdıran "Turan Tovuz” turnir cədvəlinin üçüncü pilləsində qərarlaşıb. "Qəbələ” isə 4 xalla sonuncudur.

Tura "Qarabağ” - "Sabah” oyunu ilə yekun vurulub. Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən oyun Ağdam təmsilçisinin qələbəsi ilə yekunlaşıb - 2:0. Qarşılaşmanı üstün keçirən "köhlən atlar” ikinci hissədə vurduqları qollar sayəsində 2:0 hesablı qələbə qazanıblar. 56-cı dəqiqədə Olavio Juninyo hesabı açıb. 88-ci dəqiqədə isə Hamidu Keyta görüşdə son nöqtəni qoyub.

Qələbə sayəsində xallarının sayını 10-a yüksəldən "Qarabağ” turnir cədvəlinin ikinci pilləsinə yüksəlib. Səkkizinci sırada qərarlaşan "Sabah”ın isə hesabında 4 xal var.

Qeyd edək ki, Premyer Liqada VII turun matçları 23-25 sentyabr aralığında keçiriləcək.




6880 oxunub

InvestAZ