XƏBƏR LENTİ
29 Noyabr 2022
28 Noyabr 2022
27 Noyabr 2022
26 Noyabr 2022



Dünya şahmat tarixinin əvəzsiz siması Robert Fişer
İdman 10:17 / 24.11.2022

Robert Fişer: alışacağam ki, şahmata, ən azı, boks qədər hörmət etsinlər

Robert Ceyms (Bobbi) Fişer 1943-cü il martın 9-da ABŞ-ın Çikaqo ştatında anadan olub. Atası Hans Qerxard Fişer alman yəhudisi (ehtimal olunur ki, Fişerin əsil atası faşist Almaniyasından ABŞ-a mühacirət edən macar yəhudisi olub), anası Recina Fişer isə polyak əsilli İsveçrə yəhudisi idi. II Dünya müharibəsindən sonra, 1945-ci ildə atası ailəni tərk edərək Almaniyaya qayıdıb. Onda balaca Fişerin 2 yaşı var idi. Anası uşaqlarını götürüb Bruklinə köçüb. Burada bacısı ona 6 yaşında şahmat oynamağı öyrədib. Bu oyuna aludəliyi balaca Fişeri əsil şahmat fanatına çevirib. Robert təbiətin ona bəxş etdiyi istedadı lazımi istiqamətə yönəltməyi bacarıb. Gözəl yaddaşa malik olması ona alman, rus, ispan və serb-xorvat dillərini asan qavramağa imkan verib. Məhz bu imkanlarının sayəsində Fişer fanatı olduğu şahmat haqqında xarici ədəbiyyatı orijinalda oxuya bilirdi.

Robert Fişer 1957-ci ildə, 13 yaşındaikən gənclər arasında şahmat üzrə ABŞ çempionu adını qazanaraq, ən gənc şahmatçı kimi adını şahmat tarixinə yazdırıb. 14 yaşında böyüklər arasında ABŞ çempionu olan idmançı 1958-ci ildə (15 yaşında) şahmat üzrə qrossmeyster normasını yerinə yetirib.

Fişer gənc yaşlarından ictimaiyyətin diqqətini özünə yalnız qeyri-adi fitri istedadı, fenomen şahmat uğurları ilə deyil, həm də ictimaiyyət qarşısında qeyri-adi çıxışları, qalmaqallı bəyanatları ilə cəlb edib. O, oxuduğu orta məktəb haqqında belə fikirləşirdi: "Məktəbdə oxumağa dəyməz. Müəllimlər axmaqdırlar. Gərək qadınlar müəllim işləməsinlər. Oxuduğum məktəbdə yalnız bir müəllim axmaq deyil. O, şahmatı pis oynamır".

15 yaşında məktəbi tərk edən Robert Fişer bütün həyatını və fəaliyyətini yalnız şahmata həsr edib. "Etmək istədiyim yeganə şey şahmat oynamaqdır" ifadəsi onun bir növ həyat devizinə çevrilib.

Məqsədi dünya çempionu olmaq idi

Fişer şahmata atıldığı ilk gündən etibarən yalnız və yalnız dünya çempionu olmağa can atıb. Sağlamlığı və formasını saxlamaq üçün o yalnız şahmatla deyil, həm də üzgüçülük, tennis, xizək, konki idman növləri ilə də məşğul olurdu.

ABŞ çempionatını uğurla başa vuran Fişer 1958-ci ildə Portorojedə (Yuqoslaviya) keçirilən zonalararası turnirdə çıxış etmək hüququ qazanıb və bu turnirdə beynəlxalq qrossmeyster normasını yerinə yetirərək, 5-ci yeri tutub. Portoroje turniri ona dünya çempionluğu uğrunda mübarizədə iştirak etməyə imkan verib. Beləliklə, 1958-ci ildə 15 yaşında olan Robert Fişer Boris Spasskinin rekordunu təzələyərək dünya şahmat tarixində ən gənc qrossmeyster adını alıb.

Gələcək üçün stimul

1959-cu ildə ilk dəfə Yuqoslaviyada dünya çempionluğuna namizəd şahmatçıların turnirində Fişerin çıxışı uğursuz olub. 5-6-cı yerləri bölüşdürən Turnirin qalibi Mixail Tala 0:4 hesabı ilə uduzması Fişerə psixoloji cəhətdən pis təsir edib. Məhz bu uğursuzluq Robertə gələcək uğurları və şahmatın ən yüksək zirvəsini fəth etmək üçün stimul rolunu oynayıb. Məşhur şahmatçı Anatoli Karpov onun haqqında yazırdı: "Fişer iri miqyaslı turnirlərdə çıxış edərək yüksək nailiyyətlər qazanıb. Bunlardan xüsusilə biri haqqında, zonalararası Stokholm turniri barədə qeyd etmək istəyirəm. Gənc amerikalı bütün rəqiblərini üstələyərək finişə birinci çatmağı bacardı". Fişer 1960-1962-ci illərdə beynəlxalq turnirlərdə dörd dəfə birinci, bir dəfə ikinci olub, Leypsiqdə keçirilən şahmat olimpiadasının finalına yüksəlib və komanda yarışlarında da uğurlar qazanıb. Məğlubiyyətə uğradığı yeganə yarış Buenos-Ayres turniri (1960) olub. Şahmatçı bu tunrirdə 13-16-cı yerləri bölüşdürüb.

Sovet şahmatçılarına qarşı ittiham

1962-ci ildə dünya çempionluğu uğrunda Kyurasaoda keçirilən beynəlxalq turnirdə uğursuzluğa düçar olan Fişer ABŞ-a qayıtdıqdan sonra bir idman jurnalında qalmaqallı məqalə ilə çıxış edib. Məqalədə sovet şahmatçılarının 1-ci yerə heç kəsi buraxmamaq üçün öz aralarında razılığa gəlməsindən bəhs olunurdu. Kyurasao turnirində Petrosyan, Keres və Geller arasında keçirilən 12 partiyanın hamısı heç-heçə başa çatmışdı. Fişerin sözlərinə görə, "şahmatda rusların nəzarəti o dərəcəyə çatmışdı ki, dünya çempionluğu uğrunda təmiz mübarizə aparmaq mümkün deyildi". Fişer məqalənin sonunda bildirirdi ki, FİDE Olimpiya sistemini ləğv etməyəcəyi təqdirdə onun yarışlarda iştirakı gözlənilmir.

1960-cı ilin 2-ci yarısında yüksək səviyyəli turnirlərdə bir-birinin ardınca uğurlar qazanan Robert tezliklə dünyanın güclü şahmatçıları sırasında yel alıb. O, Havanada (1965) 2-4-cü (o, bu turnirdə partiya gedişlərini telefon vasitəsilə çatdırırdı. ABŞ Kubaya qarşı sanksiya tədbiq etdiyinə görə dövlət departamenti Fişerin Kubaya getməsinə icazə verməmişdi), Santa-Monika da (1966) 2-ci, Oxrid və Monte-Karlo da (1967) 1-ci, Netanya və Vinkovtsi də (1968) 1-ci, Rovin-Zaqreb və Buenos-Ayres (1970) 1-ci yeri tutmuşdu.

Qalmaqalların mərkəzində

Fişer kifayət qədər mürəkkəb xarakterə malik bir insan idi. Həmişə diqqəti özünə cəlb edə bilirdi. Daim özünü digər iştirakçılardan yüksək tutmağa çalışır, iştirak etdiyi turnirin mükafatını artırmağa cəhd göstərir, reqlamenti pozur, bütün bunları nümayişkaranə və qaba tərzdə edirdi. Bunun üçün ən xarakterik nümunə 1967-ci ildə Susda keçirilən zonalararası turnirdir. Fişer oyundan əvvəl turnirin təşkilatçılarına dini təsəvvürlərinə görə cümə günü, altıncı gün isə axşam saat 7-dən tez oynaya bilməyəcəyini bildirib. Təşkilatçılar onun tələblərini yerinə yetirərək turnirin cədvəlində dəyişikliklər etməyə məcbur olublar. Tələbləri yerinə yetirilən şahmatçı bu dəfə təşkilatçılar qarşısında ikinci şərt qoyub: iştirakçılar oyuna onunla birgə, yəni şənbə günü başlasınlar. Onun bu tələbi rədd ediləndə Fişer oyunun baş hakimi Dyakonetskaya: "Siz kommunistsiniz", - deyə etiraz edib. Oyunların cümə günündən şənbə gününə keçirilməsi Fişerin qrafikində gərginlik yaradıb. O, turnirdə bir neçə partiya oynadıqdan sonra yorulub və oyunu buraxıb. Yarışda iştirak etmədiyinə görə ona texniki məğlubiyyət verilib. Bununla razılaşmayan Fişer nümayişkaranə surətdə turnirdə iştirakdan imtina etdiyini bildirib. Təşkilatçılarla aparılan uzun sürən danışıqlardan sonra turnirə qayıdaraq 2 partiya oynayan Fişer yenidən turniri tərk edib. Bu zaman təşkilatçılar onunla yenə danışıqlar aparmalı olublar. Fişer turniri davam etdirməyə razılaşsa da, şərtlər qoyub: "Növbəti partiyanın Bent Larsenlə oynanılmasına icazə verilsin və oyun saat 6-dan 7-yə keçirilsin". Larsen Fişerin təklifini qəbul edib.

Fişerə maraq böyük idi

Fişerə maraq o qədər böyük idi ki ABŞ səfirliyi onun bu turnirə getməsi üçün ayrıca maşın ayırmışdı. Xüsusi polis vertolyotu Fişeri aparan avtombilin getdiyi yolu havadan mühafizə edirdi. Saat 6-da təşkilatçalarla telefonla əlaqə saxlayan Fişer onları reqlamentdə buraxılan partiyaları oynamaq üçün razı salmağa çalışıb. Tam bir saat çəkən telefon danışıqları heç bir nəticə verməyib və Larsenlə oyunun vaxtı gəlib çatıb. Fişer partiyanı təxirə salmaq istəsə də, Larsen bununla razılaşmayıb və Fişer üçüncü dəfə texniki məğlubiyyət alıb.

Ekstravaqant, həm də təkrarolunmaz

Yüksək nəticələrinə və uğurlarına görə şahmatçılar Robert Fişerə böyük hörmət bəsləyirdilər, amma ekstravaqant olduğuna görə həmişə mühakimə edirdilər. Şahmat mütəxəssislərinin fikrincə, Fişer şahmatçılar üçün ideal şərait və qonorarın artırılması tələbləri ilə, həqiqətən, şahmatçıların məişət və həyat şəraitinin yaxşılaşdırılması üçün çox böyük işlər görüb. Məsələn, dünya çempionluğu uğrunda keçirilən turnirlərin mükafat fondu məhz Fişerin tələbləri əsasında artırılımışdı. Bu səbəbdən Boris Spasski zarafatla deyirdi: "Fişer bizim həmkarlar ittifaqımızdır". Fişer özü isə deyirdi: "Mən çalışıcağam ki, şahmata, ən azı, boks qədər hörmət etsinlər. Məhəmməd Əli növbəti qarşılaşması üçün nə qədər tələb edəcəksə, mən də o qədər tələb edəcəyəm".

Məğlubedilməz Fişer

Fişer vətəni ABŞ-da məğlubedilməz şahmatçı sayılırdı. O, 8 dəfə ABŞ çempionu adını qazanmışdı. Şahmatçı 1963-1964-cü illərdə birinciliyə yüz faiz nəticə ilə nail olmuşdu. 1960, 1962, 1966, 1970-ci illərdə keçirilən şahmat olimpiadalarında ABŞ-ı təmsil edən Fişer bu yarışlarda cəmi 65 partiya oynayıb, 40 partiyanı udub, 7-ni uduzub, 18-ni heç-heçə başa vurub.

70-ci illər və Robert Fişer

Fişer 1970-ci ildə dünyanın güclü şahmat komandası və SSRİ yığması ilə keçirilən matçda T.Petrosyana 3:1 hesabı ilə qalib gəlib. 1971-ci ildə şahmatçının nəticələri rekord həddə çatıb. Fişer M.Taymanov və Larseni 6:0 hesablı təmiz qələbə ilə məğlub edib. Finalda isə T.Petrosyanı 6,5:2,5 hesabı ilə üstələyərək, dünya çempionu Boris Spasski ilə oynamaq şansı qazanıb. O, bu turnirdə dünyanın güclü şahmatçıları ilə görüşlərdə ümumi xalların 85 faizini toplayıb.

Möhtəşəm qələbə

Yeni dünya çempionu titulu uğrunda Fişer-Spasski qarşılaşması 1972-ci ildə İslandiyanın paytaxtı Rekyavikdə keçirilib. Fişer dünya çempionu Boris Spasskini məğlub edərək (12,5:8,5) dünya çempionu tituluna sahib çıxıb və nəhayət ki, sovet idmançılarının şahmatda çoxillik hakimiyyətinə son qoyub. Bu matç dünyada böyük əks-səda doğurub.

O, ABŞ prezidentinə rədd cavabı verib?

Bu möhtəşəm qələbədən sonra Fişeri ABŞ-da Milli Qəhrəman kimi qarşılayıblar. Şahmatçı vətənə qayıdan kimi ABŞ Prezidenti Nikson tərəfindən Ağ evə nahar yeməyinə dəvət olunub. Dünya şöhrətli Fişer Prezidentin dəvətini rədd edərək, belə deyib: "Yemək yeyərkən kiminsə ağzıma baxmağından zəhləm gedir. Bu, ən nifrət etdiyim şeydir". Bəli, o, belə insan idi: qəribə və təkrarolunmaz, sirli və istedadlı.

Şöhrətin zirvəsində

Qərb mətbuatı Fişerin qələbəsindən yazır, məşhur müğənnilər, aktyorlar onunla dostluq etmək istəyirdilər. Fişerin qələbəsi Qərbdə şahmatın inkişafına xüsusi təkan verdi. Fişer ABŞ və İslandiya gənclərinin kumirinə çevrilmişdi. O dövr ABŞ-da yeni doğulan körpələri Fişerin şərəfinə Bobbi çağırırdılar.

Fişer baş verənlərə sakit yanaşır və özünün adi və sakit həyatını yaşayırdı. Şöhrətin zirvəsində olmaq onun sərt xarakterinə və sərbəst təbiətinə zərrə qədər təsir etmirdi. O, KİV nümayəndələrindən qaçır, həvəssiz müsahibələr verir, yalnız yaxın dostları ilə əlaqə saxlayırdı. Dünya çempionuna milyonlarla reklam təklifi gəlirdi. O isə reklam olunan avtomobillərlə tanış olduqdan və maşındakı texniki nöqsanları gördükdən sonra milyonlarla gəlir gətirəcək reklam müqavilələrindən asanlıqla imtina edirdi. O deyirdi: "Mən insanlara ziyan verən və onların həyatı üçün təhlükə yaradan avtomobilləri reklam edə bilmərəm". Bir neçə aydan sonra isə yorulduğunu bəhanə edən dünya şöhrətli şahmatçı, ümumiyyətlə, insanlardan gizləndi.

Fişer - Spasski partiyası şahmatçının sonuncu keçirdiyi rəsmi qarşılaşma oldu. O, demək olar ki, daha rəsmi turnirlərdə iştirak etmirdi.

Karpovla baş tutmayan matç

Fişer 1975-ci ildə dünya çemponu uğrunda Anatoli Karpovla gözlənilən matçın baş tutması üçün FİDE-dən bəzi şərtlərin yerinə yetirilməsini tələb edib və əks halda, matça çıxmayacağını bəyan edib. Fişerin tələblərini rədd edən FİDE Anatoli Karpovu 1975-ci il aprelin 3-də dünya çempionu elan edib. Bu hadisədən sonra Fişer "itkin düşərək" şahmat tarixinin sirli adamına çevrilib.

Şahmat karyerasının sonu

Robert Fişer dünya çempionu titulundan məhrum edildikdən sonra rəsmi olaraq şahmata qayıtmayıb. 1976-77-ci illərdə FİDE-dən kənarda Anatoli Karpovla apardığı danışıqlar da bir nəticə verməyıb. Onun Enrike Mekinq, Svetozar Qliqoriç, Viktor Korçnoy və Yan Timmanla apardığı sərbəst danışıqlar uğursuz olub. Qəzetlər Fişerin şahmat proqramı ilə oynaması və 3 partiyanı udması barədə yazılar çap edirdi.

1981-ci ildə onun haqqında xoşagəlməz şayiələr yayıldı: şahmat üzrə eks-çempionun bank oğurluğunda əli olduğu bildirilirdi. O, hüquq-mühafizə orqanlarına şahmat çempionu olduğunu və bu işdən xəbəri olmadığını desə də, Fişeri kobudcasına döymüşdülər. O, iki gündən sonra günahsızlığı sübut olunaraq buraxılsa da, həbsxana əmlakına ziyan vurduğuna və polislərə tabe olmadığına görə 1000 dollar cərimə edilmişdi. Bütün bunlar barədə onun "Mənə Pasadin həbsxanasında əzab verirdilər" adlı kitabında öz əksini tapmışdır.

Spasski ilə revanş matçı

Şahmat idman növünə saatları 1990-cı ildə Fişer gətirib. Bu saatlar "Fişerin saatları" adlanırdı və hər bir şahmatçı partiyada etdiyi hər gedişdən sonra vaxtı qeyd edirdi.

Fişer 1990-cı ilə qədər Kaliforniya ştatının Pasadin qəsəbəsində tək yaşayırdı. 1980-ci ilin axırlarında yazışma yolu ilə 18 yaşlı macar şahmatçısı Zita Rayçani ilə tanış olub və bir müddətdən sonra yaşamaq üçün onun yanına köçüb. Mətbuat və televiziyadan qaçan dünya şöhrətli şahmatçı azarkeşlər tərəfindən, demək olar ki, unudulmuşdu. Lakin 1992-ci ildə yuqoslaviyalı bankir E.Vasileviçin təklifi ilə Fişerin B.V.Spasski ilə revanş matçı keçiriləcəyi xəbəri çoxlarını şoka saldı. Deyirlər ki, onu bu matçda oynamağa məhz macarıstanlı sevgilisi Zita razı salıb. Yatışın mükafat fondu 5 milyon ABŞ dolları təyin edilmişdi. Revanş matçı Yuqoslaviyanın Sveti-Stefan adasında aparıldı. Matçın şərtinə görə, oyun yalnız 10 qələbədən sonra başa çatmalı idi.

ABŞ dövləti tərəfindən xəbərdarlıq

Yarış başlamamışdan əvvəl Fişerə ABŞ Dövlət Departamentindən yazılı xəbərdarlıq edilir. Xəbərdarlıqda bildirilir ki, Fişer matçı Yuqoslaviyada keçiriməklə beynəlxalq embarqonu (ABŞ-ın Yuqoslaviyanı baykot etməsi) pozur və o, buna görə cinayət məsuliyyətinə cəlb edilir. Matçdan əvvəl keçirilən mətbuat konfransında Fişer xəbərdarlıq məktubunu nümayişkaranə tərzdə cıraraq, ona tüpürür və deyir: "Mən insanları inandırmışdım ki, ABŞ intelleklərə malik ölkədir və orada ağıllı adamlar yaşayır, onlar isə təşəkkür əvəzinə məni müflis etdilər, alçaltdılar, mənə tüpürdülər. Mən də onlara həmin qayda ilə cavab verirəm".

Fişerin qələbəsi

Matç baş tutur və Fişer 10:5 hesabı ilə qalib gəlir. 30 partiya oynanılan bu matçı Fişer dünya çempionluğu uğrunda matç kimi qiymətləndirir. Bu qələbədən sonra Robert Fişer məğlubedilməz olması və heç kəsin ona qalib gələ bilməməsi haqqında düşünür. Bu matç şahmat aləmində böyük maraq doğursa da, Fişerin dediklərinə ciddi yanaşmırdılar.

Didərgin həyatı

Bu hadisədən sonra Fişer, təbii ki, ABŞ-a qayıda bilməzdi. ABŞ Dövlət Departament onu embarqo məsələsindən əlavə, vergidən yayınmaqda da ittiham edirdi. 1976-cı ildə ödənilməyən vergi üçün o, dövlətə 250 min dollar cərimə verməli idi. Fişer bir müddət Budapeştdə məskunlaşdı. 1994-cü ildə Zita Rayçani və macar dostları ilə əlaqəni kəsən Fişer Filippinə köçür və burada yaşayır. Onun 20 yaşlı filippinli qadınla qeyri-rəsmi nigahından 2000-ci ildə Cinki Onq adlı bir qızı dünyaya gəlir. Lakin Fişer sonralar nə həmin qadınla, nə də qızı ilə əlaqə saxlayır. Bundan sonra Yaponiyaya gedən Fişer 1970-ci illərdə tanış olduğu köhnə rəfiqəsi Miyeko Vatai ilə görüşür. Qadağalara baxmayaraq, o, ara-sıra Amerikaya da gedirdi. 2000-ci ildə Kanadadan keçərək vətəninə gələn şahmatçı bacısının dəfn mərasimində iştirak edir. Xüsusi idarə orqanları onun ABŞ-a səfəri haqqında məlumatlı olsalar da, heç bir tədbir görmürlər.

"Fişer şahmatı"

20 il şahmat aləmindən və hər kəsdən gizli yaşayan Robert Fişer 1996-cı ildə "Fişer şahmatı" adlandırdığı yeni şahmat növü ilə yenidən meydana çıxıb. Bu oyuna görə piyadaların arxasında qalan daşlar şahmat damasında təsadüfi şəkildə yerləşdirilirdi. Bu səbəbdən, bəzən bu şahmat növünü "Fişerin təsadüfi şahmatı" adlandırırlar. Fişer bu vəziyyətdə bir oyunçunun qabiliyyətinin daha yaxşı aydın ola biləcəyini düşünürdü.

"Qanun qaçağı"

BMT-nin Yuqoslaviyaya tətbiq etdiyi embarqoya məhəl qoymayan və 1992-ci ildə şahmat çempionatında gizlicə iştirak edən Fişeri "qanun qaçağı" kimi axtarırdılar. O vaxtdan fərarilik həyatı keçirən şahmatçı Yaponiya, Macarıstan və Filippində şahmatsevər dostlarının himayəsində yaşayır və sığınacaq ölkə axtarırdı.

Bobbi Fişerin 12 illik qaçaq həyatı Yaponiyanın Narıda hava limanında sona çatdı. O, Yaponiyadan Filippinə uçmaq istədiyi zaman hüquq mühafizə orqanları tərəfindən saxlanıldı. Buna səbəb 2003-cü ildə ABŞ Dövlət Departamenti tərəfindən ona verilən pasportun etibarsız elan olunması idi. Çünki Fişerin illərlə istifadə etdiyi pasport ABŞ səfirliyi tərəfindən ləğv edilmiş və bu barədə Yaponiyanın hakim dairələrinə bildirilmişdi. Şahmatçı bunu yalnız 2004-cü il iyulun 13-də Yaponiyadan Filippinə uçmaq istədiyi zaman bilmişdi.

Fişer 9 ay Tokionun qeyri-leqal mühacirlər üçün nəzərdə tutulan həbsxanasında nəzarətdə qaldı. ABŞ hökuməti Yaponiyadan şahmatçının cinayətkar kimi təhvil verilməsini tələb edirdi. Fişerin dostu Miyeko Vatai dünya ictimaiyyətinə üz tutaraq şahmatçının xilası üçün müraciət etdi. Fişer yazılı surətdə ABŞ vətəndaşlığından imtina etdikdən sonra siyasi sığınacaq istədi və qanunsuz həbs edilməsi barədə iddia qaldırdı. İş uzandı. Həbsxanada qaldığı 9 ay müddətində Miyeko Vatai ilə nigah kəsdirən şahmatçıya Çernoqoriya, Almaniya və İslandiya dövlətləri vətəndaşlıq verməyə hazır olduqlarını bildirdilər. Nəhayət, 2005-ci il martın 24-də İslandiya vətənlaşlığını qəbul edən şahmatçı ikinci vətəninə yola düşdü. Uçuşdan qabaq o, jurnalistlərə verdiyi müsahibəsində həbsinin oğurluq olduğunu bildirən bəyanatlar verdi. İslandiyanın səlahiyyətli nümayəndələri dünya şöhrətli Fişerə vətəndaşlıq verməklə şahmat fədaisini qoynuna aldı və onu fərarilik həyatından xilas etdi.

Robert Fişer 2008-ci il yanvarın 17-də Rekyavik xəstəxanasında vəfat edib. Şahmatçı uzun müddət idi ki, böyrək xəstəliyindən əziyyət çəkirdi. ABŞ-da doğulan, lakin İslandiyada vəfat edən Fişer dünya şahmat tarixində əvəzsiz iz qoymuşdur.

Azər Əlizadə


835 oxunub

InvestAZ