XƏBƏR LENTİ
28 Mart 2024
27 Mart 2024
26 Mart 2024
25 Mart 2024



Suşada beynəlxalq şahmat turnirinin təntənəli açılış mərasimi keçirilib
İdman 18:44 / 21.09.2022

Gənclər və İdman Nazirliyi, Azərbaycan Şahmat Federasiyası (AŞF) və Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin birgə təşkilatçılığı ilə "Shusha Chess-2022” beynəlxalq şahmat turnirinin açılış mərasimi olub.

Turnir Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Görkəmli şairə və xeyriyyəçi Xurşidbanu Natəvanın 190 illik yubileyinə həsr olunan şahmat turnirinin açılış mərasimində gənclər və idman naziri Fərid Qayıbov, AŞF-nin prezidenti Mahir Məmmədov, Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov, Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) baş katibi Azər Əliyev, SOCAR-ın vitse-prezidenti Xalik Məmmədov, Xalq yazıçısı Çingiz Abdullayev, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, idman ictimaiyyətinin nümayəndələri, turnirin iştirakçıları və media nümayəndələri iştirak ediblər.

Mərasimdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Şuşadan və turnirdən bəhs edən videoçarx nümayiş olunub.

Hamını Qarabağda salamlamaqdan şad olduğunu deyən MOK-un baş katibi Azər Əliyev deyib: "Qədim Şuşada 9 ölkədən şahmatçıları qəbul etmək bizim üçün çox xoşdur”.

Şuşanın 2020-ci ildə düşmən işğalından azad edildiyini xatırladan A.Əliyev bildirib: "Artıq Şuşa ikinci beynəlxalq idman yarışına ev sahibliyi edir. Cari ildə Şuşada "Əziz Şuşa” adlı velosiped yarışı keçirilmişdi. Ümid edirəm ki, "Shusha Chess” Beynəlxalq Şahmat Federasiyasının (FIDE) təqviminə daxil ediləcək və hamı Şuşanın yenidən qurulmasının şahidi olacaq”.

AŞF-nin prezidenti M.Məmmədov dünyaca məşhur şahmatçıları Şuşada qəbul etməkdən məmnunluğunu ifadə edib. 2022-ci ilin "Şuşa İli” elan olunduğunu xatırladan federasiya prezidenti Azərbaycan Prezidenti İlham Əliyevə 30 illik həsrətə son qoyduğu üçün minnətdarlığını bildirib. O, sonda iştirakçılara dəvəti qəbul etdikləri üçün təşəkkür edib və onlara uğurlar arzulayıb. M.Məmmədov turnirin yüksək səviyyədə təşkilinə görə sponsorlara və tərəfdaşlara minnətdarlığını ifadə edib.

SOCAR-ın vitse-prezidenti X.Məmmədov bildirib ki, neft sahəsində bir neçə il öncə imzalanmış beynəlxalq müqavilələr Azərbaycan idmanının inkişafına öz töhfəsini verib. Turnirin yüksək səviyyədə təşkil olduğunu qeyd edən SOCAR-ın vitse-prezidenti iştirakçılara uğurlar arzulayıb.

Xalq yazıçısı Çingiz Abdullayev qeyd edib ki, uşaqlığı Şuşada keçib. "Bura əbədi Azərbaycan torpaqlarıdır. Bu torpaqlarda sizi salamlamaq qürurvericidir. Şahmatçıların ən ağıllı insanlar olduğu deyilir. Onlar zəka sahibləri olmaqla yanaşı, həm də gözəl duyğuya malikdirlər. Bütün iştirakçılara uğurlar arzulayıram. Şuşa xalıqımızın ürəyidir, biz hamımız bu şəhərə heyranıq. İnanıram ki, qonaqlarımız Şuşanı sevəcək və yenidən burada olmaq istəyəcəklər”, - deyə Xalq yazıçısı qeyd edib.

Sonra Şuşa şahmat məktəbinin müəllimi Babaşah Gəncəliyev mükafatlandırılıb. Şahmatın inkişafındakı xidmətlərinə görə plaketi B.Gəncəliyevə AŞF-nin prezidenti M.Məmmədov verib.

Açılış mərasiminin maraqlı anlarından biri də Xurşidbanu Natəvanın xəyali obrazının təqdim edilməsi olub. Səhnəcikdə fransalı yazıçı Aleksandr Düma ilə şahmat oynayan görkəmli şairə rəqibini məğlub edib.

Daha sonra yarışın püşkatma mərasimi olub. Püşkə əsasən, qadınların yarışında ilk turda Gövhər Beydullayeva Xanım Balacayeva, Nana Dzaqnidze (Gürcüstan) Günay Məmməzadə, Ülviyyə Fətəliyeva Gülnar Məmmədova, Marsel Efroimski (İsrail) Yolanta Zavadska (Polşa), Kübra Öztürk Güvənli (Türkiyə) Meri Arabidze (Gürcüstan) ilə qarşılaşacaq.

Kişilərin yarışında birinci turda Şəhriyar Məmmədyarov Qədir Hüseynov, Teymur Rəcəbov Parham Maqsudlu (İran), Rüstəm Qasımcanov (Özbəkistan) Rauf Məmmədov, Vasif Durarbəyli Hao Vanq (Çin), Nustafa Yılmaz (Türkiyə) isə Santoş Qucrati Vidit (Hindistan) ilə üz-üzə gələcək.

Turnir iki kateqoriyada - kişilər və qadınlar arasında təşkil olunacaq. Doqquz ölkədən qatılacaq şahmatçılar rapid və blits üzrə yarışacaqlar. Həm kişilər, həm də qadınların yarışında qalib rapid və blits turnirlərindəki xallarının cəminə əsasən müəyyən ediləcək.

"Shusha Chess-2022” şahmat turnirinin ümumi mükafat fondu 150 min manat təşkil edir.

Xatırladaq ki, "Shusha Chess-2022” beynəlxalq turnirinin baş sponsoru SOCAR, sponsoru Cənubi Qafqaz regionunun ən aparıcı banklarından biri ABB, tərəfdaşı isə "Azərxalça” ASC-dir.


13138 oxunub

InvestAZ