XƏBƏR LENTİ
25 Sentyabr 2022
22 Sentyabr 2022
21 Sentyabr 2022
20 Sentyabr 2022
16 Sentyabr 2022
15 Sentyabr 2022



Pəhləvanlarımız Konya-2021-də daha 7 medal qazandılar
İdman 23:40 / 11.08.2022

Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunları çərçivəsində güləş yarışları davam edir. Konya Texniki Universitetində təşkil olunan yarışın ikinici günündə sərbəst güləşdə 61 kq, 70 kq, 79 kq, 92 kq və 125 kq-da, qadın güləşində isə 53 kq, 62 kq və 72 kq-da mübarizə aparılıb. Pəhləvanlarımız Konya-2021-in ikinci gününü 7 (1 qızıl, 2 gümüş və 4 bürünc) medalla başa vurublar. Komandamıza qızıl medalı qadın güləşində 53 kq çəki dərəcəsində mübarizə aparan Leyla Qurbanova qazandırıb. İdmançımız indaneziyalı Çandra Marimara və türkiyəli Rəhimə Arifəyə(10:0) vaxtından əvvəl qalib gələrək adını finala yazdırıb. Həlledici görüşdə özbəkistanlı Aktenqe Keunimjayevadan güclü olan (6:1) Leyla titulunu qoruyub və ikinci dəfə İslam Həmrəyliyi Oyunlarının qızıl medalını qazanıb.

Tatyana Omelçenko (62 kq) 1/4 finalda özbəkistanlı Nabira Esenbayevaya 12:2 hesabıyla qalib gəlsə də, yarımfinalda qvineyalı Kamara Yarie ilə bacarmayıb - 1:4. Millimizin üzvü indoneziyalı Herlina Xarişma Tantriyə 11:0 hesabıyla qalib gələrək bürünc medala sahib çıxıb.
Gözəl Zutova (72 kq) yarışa tunisli Nour Jeljeli üzərində 16:5 hesablı qələbəylə start verib. Zaqatala güləş məktəbinin yetirməsi yarımfinalda gücünü kamerunlu Ngiri Nyehə göstərib - 6:0. Finalda türkiyəli Buse Çavuşoğluya "tuşe" ilə məğlub olan Gözəl gümüş medal əldə edib.
Sərbəst güləşçilərin yarışında İslam Bazarqanov (61 kq) əfqanıstanlı Məhəmməd Səyid Naseriyə (10:0), pakistanlı Məhəmməd Bilala (3:0) və iranlı Məcid Dastana (10:0) qalib gələrək finala yüksəlib. Həlledici görüşdə özbəkistanlı Cahangirmirzə Turabova xalların keyfiyyətinə görə (6:6) məğlub olan İslam gümüş medalla kifayətlənib.
Komandamızın digər üzvü Əsgər Məmmədəliyev (65 kq) ilk mərhələdə kamerunlu Guldilim Kristiana (10:0), 1/4 finalda isə albaniyalı İslam Dudayevə (5:4) qalib gəlib. Yarımfinalda qırğızıstanlı Ernazar Akmataliyevlə (1:12) bacarmayan Əsgər tacikistanlı Cəmşid Şərifovu 3:0 hesabıyla üstələyərək bürünc medala sahib çıxıb.
Mübarizəyə 1/4 finaldan başlayan Hacımurad Ömərov (79 kq) özbəkistanlı Arslan Budajapova sonuncu xal prinsipinə əsasən (4:4) qalib gələrək yarımfinala yüksəlib. Finalın bir addımlığında iranlı Əli Savadxoyiyə (0:7) uduzan Hacımurad qazaxıstanlı Mehir Koşkinbayevi 10:4 hesabı ilə məyus edərək bürünc medala sahib çıxıb.
Digər pəhləvanımız Osman Nurmaqomedov (92 kq) da yarışa 1/4 finaldan başlayıb və tunisli İmed Kaddidiyə heç bir şans verməyib - 10:0. Yarımfinalda iranlı Əhməd Bazrigalehə sonuncu xal prinsipinə əsasən (6:6) məğlub olan Osman qazaxıstanlı Abdimanap Baigenjeyevə (10:0) tam üstünlüklə qalib gələrək növbəti bürünc medalı ölkəmizin hesabına yazıb.
A qrupunda yer alan Rahid Həmidli (125 kq) ilk görüşdə iranlı Seyidmehdi Haşemijuybariyə(0:9), növbəti qarşılaşmada isə özbəkistanlı Xasanboy Raximova məğlub olub. Sonuncu turda qırğızıstanlı Arslanbek Turdubekova 3:1 hesabı ilə qalib gələn həmyerlimiz qrupda 3-cü yeri tutub və yarımfinala yüksələ bilməyib.


2666 oxunub

InvestAZ