XƏBƏR LENTİ
29 Mart 2024
27 Mart 2024
26 Mart 2024
25 Mart 2024



“Olimpiya dünyası” qəzetinin 20 illik yubileyinə həsr olunmuş tədbir keçirilib
İdman 19:37 / 24.11.2021

Noyabrın 24-də Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) rəsmi nəşri olan "Olimpiya dünyası” qəzetinin 20 illik yubileyinə həsr olunmuş "Ədalətli oyunlar və idman mətbuatı” mövzusunda tədbir keçirilib. Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında təşkil edilən tədbirdə əvvəlcə Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olan Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla anılıb.

MOK-un vitse-prezidenti, Azərbaycan Ədalətli Oyunlar Komissiyasının (AzƏOK) sədri Xəzər İsayev tədbirdə çıxış edərək AzƏOK-un Azərbaycan Prezidenti, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyevin təşəbbüsü ilə 1997-ci ildə yaradıldığını bildirib. O deyib ki, təşkilat yarandığı ilk gündən fəaliyyətini uğurla davam etdirir: "Qurumun Avropa Ədalətli Oyunlar Hərəkatı və Beynəlxalq Ədalətli Oyunlar Komitəsi (BƏOK) ilə uğurlu əməkdaşlığı mövcuddur. Belə ki, 2009-cu və 2015-ci illərdə Avropa və Beynəlxalq Ədalətli Oyunlar Hərəkatının konqres və assambleyaları ölkəmizdə uğurla təşkil edilib”.

Vurğulanıb ki, komissiya hər ilin yekununda ədalətli oyun prinsiplərinə görə fərqlənənləri ədalətli oyun prinsiplərinə sadiq idman xadimi, təbliğatçı, idmançı, məşqçi, hakim nominasiyaları üzrə təltif edir. Sevindirici haldır ki, AzƏOK-un "Olimpiya dünyası” qəzeti ilə birgə "İdman və ədalətli oyunlar” mövzusunda keçirdiyi rəsm müsabiqəsində ikinci yeri tutan Azərbaycan təmsilçisi Mədinə Cəbiyeva BƏOK-un keçirdiyi "İdman sənin üçün nə deməkdir” mövzusunda rəsm müsabiqəsində də ikinci pillədə qərarlaşıb.

Xəzər İsayev "Olimpiya dünyası” qəzetinin 20 illiyi münasibətilə təbriklərini çatdıraraq, nəşrdə ədalətli oyun prinsipinin təbliğinə xüsusi önəm verildiyini və bu sahədə Ədalətli Oyunlar Komissiyası ilə birgə bir sıra tədbirlərin keçirildiyini bildirib.

Gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov Azərbaycan idman mətbuatında xüsusi yeri olan "Olimpiya dünyası” qəzetinin yarandığı dövrdən ölkəmizdə idmanın və Olimpiya hərəkatının təbliği istiqamətində fasiləsiz fəaliyyət göstərdiyini qeyd edib. O, qəzetin idman jurnalistikasının formalaşmasında da özünəməxsus rolu olduğunu vurğulayaraq deyib: "Olimpiya dünyası” qəzetinin səhifələrində Yay və Qış Olimpiya, Yeniyetmələrin Yay Olimpiya oyunları, Avropa Gənclər Yay Olimpiya festivalları, Avropa Oyunları, İslam Həmrəyliyi Oyunları, Formula 1 və bir çox mötəbər beynəlxalq yarışlar, eləcə də ölkəmizdə keçirilən turnir və tədbirlər yüksək peşəkarlıqla işıqlandırılır”.

AzƏOK-un fəaliyyətindən söz açan nazir müavini qeyd edib ki, ölkəmizdə bu sahədə görülən işlər təqdirəlayiqdir. İdman ictimaiyyətinin nümayəndələri daim ədalətli oyun prinsiplərinə sadiqliklərini nümayiş etdirirlər. Bu da vacib məqamlardan hesab olunur.

Azərbaycan Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru Fuad Hacıyev, Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov, "Olimpiya dünyası” qəzetinin baş redaktoru Murad Fərzəliyev, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, Olimpiya çempionu Zemfira Meftaxətdinova, ikiqat Paralimpiya çempionu İlham Zəkiyev, Qarabağ qazisi Anar Məmmədov və başqaları AzƏOK-un, eləcə də "Olimpiya dünyası” qəzetinin fəaliyyətindən danışıblar.

Sonra "Olimpiya dünyası” qəzetinin 20 illik yubileyi münasibətilə AzƏOK tərəfindən nəşrin rəhbərliyinə plaket təqdim olunub.

Tədbirdə, həmçinin qazilərə xüsusi xatirə hədiyyələri verilib.

Xatırladaq ki, sentyabrın 23-dən 26-dək Vyanada Avropa Ədalətli Oyunlar Hərəkatının (AƏOH) 26-cı konqres və assambleyasında Xəzər İsayev 4 il müddətinə Avropa Ədalətli Oyunlar Hərəkatının İcraiyyə Komitəsinin üzvü seçilib. Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru Fuad Hacıyev isə AƏOH İcraiyyə Komitəsi tərəfindən təşkilatın jüri heyətinin üzvü seçilib.


20530 oxunub

InvestAZ