XƏBƏR LENTİ
19 Aprel 2024
18 Aprel 2024
17 Aprel 2024



Bakıda Braziliya Ciu-Citsu üzrə beynəlxalq seminar təşkil olunub
İdman 15:41 / 09.04.2019


Aprelin 8-də "Zabit Samedov Fight Club”da Braziliya Ciu-Citsu idman növü üzrə beynəlxalq seminar təşkil olunub. Azərbaycan Braziliya Ciu-Citsu Klubu İctimai Birliyinin dəvəti və təşkilatçılığı, Avrasiya Kombat Ciu-Citsu Federasiyası və "Zabit Samedov Fight Club”un texniki dəstəyilə baş tutan seminarın aparıcısı, dünyanın tanınmış Braziliya Ciu-Citsu məktəblərindən sayılan "Ludus” məktəbinin təsisçisi və rəhbəri Braziliya Ciu-Citsu idman növü üzrə 3-cü dan qara kəmər sahibi Aleksandır Deda Faria olub. Seminardan öncə Aleksandr Deda Faria Azərbaycan Braziliya Ciu-Citsu Klubu İctimai Birliyi və Avrasiya Kombat Ciu-Citsu Federasiyası rəsmiləri ilə Fəxri Xiyabana gedərək ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib, oraya gül dəstələri qoymuşdur. Qonaqlar daha sonra mərhum akademik Zərifə Əliyevanın da məzarına çiçəklər qoyublar. Sonra Şəhidlər Xiyabanına gedən qonağa 20 yanvar faciəsi, müstəqilliyin qanlı tarixi ilə bağlı geniş məlumat verilib. Buradan da Dağüstü parka gələn qonağa Bakının timsalında Azərbaycanda son illərdə aparılan yenidənqurma və abadlıq işləri ilə bağlı məlumat verilib. İdmançılar bundan sonra "Zabit Samedov Fight Club”a gəliblər. Seminarda bundan başqa qonaq qismində Zabit Səmədov, Eduard Məmmədov, Fariz Abdullayev kimi tanınmış idmançılar, dünya çempionları və ictimai xadimlər də iştirak ediblər. Seminarı açılış çıxışı ilə Azərbaycan Braziliya Ciu-Citsu Klubu İctimai Birliyinin prezidenti Aqil Acalov açıb. O əvvəlcə dəvəti qəbul edib Bakıya gəldiyi üçün "Ludus” məktəbinin rəhbəri Aleksandır Deda Fariaya öz təşəkkürünü bildirib. A. Acalov bu seminarda məqsədin əsasən yerli və xarici idman mütəxəssisləri arasında təcrübə mübadiləsinin aparılması olduğunu və bunun da öz növbəsində Azərbaycanda bu idman növünün inkişafına təkan olacağını deyib. Daha sonra çıxış edən "Ludus” məktəbinin rəhbəri Aleksandır Deda Faria Bakıya səfərinin ona bəxş etdiyi təəssüratlardan, xalqımızın qonaqpərvərliyindən danışıb. İdmançılarla Braziliya Ciu-Citsu idman növü ilə bağlı danışan Ded Faria onlara bu idman növündə diqqət edilməsi lazım olan xüsusi nüansları açıqlayıb. Bundan sonra çıxış edən Azərbaycan Braziliya Ciu-Citsu Klubu İctimai Birliyinin təsisçisi və idarə heyətinin sədri Taleh Həsənov da braziliyalı idmançıya dəvəti qəbul etdiyi üçün öz dərin minnətdarlığını bildirib. O, "Ludus” məktəbi ilə əməkdaşlıq etməkdən məmnunluq duyduğunu, bundan sonra da ölkəmizdə belə yüksək səviyyəli seminarların təşkil olunması üçün əlindən gələni edəcəyini deyib. Tədbirdə çıxış edən Zabit Səmədov da Azərbaycanda idmana göstərilən xüsusi qayğıdan danışaraq bu cür mötəbər və beynəlxalq seminarın Bakıda keçirilməsində əməyi keçən hər kəsə təşəkkürünü bildirib. Daha sonra Avrasiya Kombat Ciu-Citsu Federasiyasının birinci vitse-prezidenti Rəsul Məmmədov da idmançıları salamlayıb və ustadı Bakıda görməkdən şad olduğunu deyib. Tədbirdə çıxış edən Azərbaycan Braziliya Ciu-Citsu Klubu İctimai Birliyinin vitse-prezidenti Murad Cəfərov tədbirlə bağlı öz ürək sözlərini deyərək tədbir iştirakçılarını və qonaqları salamlayıb. O idmançılara bundan sonrakı həyatlarında uğurlar arzulayıb. Daha sonra Aleksandr Deda Faria uzun illər ərzində qazandığı təcrübəni azərbaycanlı idmançılarla paylaşaraq onlara bu idman növündə irəliləməyin sirlərini öyrədib. Seminardan sonra iki tərəf arasında aparılan danışıqlar nəticəsində "Ludus” məktəbi ilə bundan sonra da geniş əməkdaşlıq aparılması ilə bağlı razılıq əldə olunub və Azərbaycan Braziliya Ciu-Citsu Klubu İctimai Birliyi də artıq "Ludus” məktəbinin üzvü statusunu qazanıb.

31604 oxunub

InvestAZ