XƏBƏR LENTİ
25 Aprel 2024
24 Aprel 2024
23 Aprel 2024
22 Aprel 2024
21 Aprel 2024



Bakıda Avropa Universal Döyüş Federasiyasının Konqresi keçirilib
İdman 15:37 / 02.04.2019

Ölkəmizdə Avropa Universal Döyüş Federasiyasının Konqresi keçirilib. Konqresdə Milli Olimpiya Komitəsinin vitse-prezidenti Xəzər İsayev, Gənclər və İdman Nazirliyinin İdman şöbəsinin müdiri Fərid Mansurov, Müdafiə Nazirliyi Tibb Baş İdarəsinin rəisi general mayor Natiq Əliyev, MOK-un nümayəndəsi Həsənağa Rzayev, Beynəlxalq Universal Döyüş Federasiyasının prezidenti Vasiliy Otkidaç, Asiya Universal Döyüş Federasiyasının prezidenti Zokirbekov Yaşnarbek, Azərbaycan Universal Döyüş Federasiyasının prezidenti, Beynəlxalq Universal Döyüş Federasiyasının I vitse-prezidenti Azər Həsənov, Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti Elçin Cəfərov, Azərbaycan Sambo Federasiyasının prezidenti Ceyhun Məmmədov, Olimpiya çempionları Zemfira Meftahətdinova, Namiq Abdullayev və idman ictimaiyyətinin digər nümayəndələri iştirak edirdilər.
Tədbiri giriş sözü ilə açan AUDF prezidenti Azər Həsənov Konqresin Azərbaycanda təşkil olunmasını əlamətdar hal kimi dəyərləndirdi. Ölkəmizdə idmana göstərilən dövlət qayğısından danışan federasiya prezidenti respublikamızda universal döyüşün inkişafından və bu sahədə əldə olunan uğurlardan söz açdı. O, qeyd etdi ki, Konqresin Azərbaycana həvalə olunması ölkəmizin dünyada idman ölkəsi kimi tanınmasının nəticəsidir.
Latviya, Litva, Estoniya, Rusiya, Bolqarıstan, Türkiyə, Ukrayna, Rumıniya və digər ölkələrdən olan icraiyyə komitəsi üzvlərinin iştirakı ilə keçirilən Konqresin seçki mərhələsində Müdafiə Nazirliyi Tibb Baş İdarəsinin rəisi Natiq Əliyev yekdil səsverməyə əsasən Avropa Universal Döyüş Federasiyasının prezidenti seçilib. Qurumun vitse-prezidenti vəzifəsinə İvan Tanyev və Nevzat Varol seçiliblər. Aydın Abdullazadə isə federasiyanın baş katibi təyin olunub.
Avropa Universal Döyüş Federasiyasının yeni prezidenti Natiq Əliyev çıxış edərək ona göstərilən bu etimadı Azərbaycan dövlətinə göstərilən etimadın nəticəsi kimi dəyərləndirib: "Bu etimad, əlbəttə ki, dövlətimizə, Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti cənab İlham Əliyevə göstərilən etimaddır. 1997-ci ildə möhtərəm cənab prezident Olimpiya Komitəsinin prezidenti seçildikdən sonra ölkəmizdə idman sahəsi daha sürətli inkişaf edib və hazırda Azərbaycan dünya idman ailəsinin ən layiqli üzvlərindən biridir. Azərbaycan dünyanın idman mərkəzlərindən birinə çevrilib. İdmançılarımız dünyanın ən mötəbər yarışlarında ən yüksək nailiyyətlər qazanırlar. Sevindirici haldır ki, son dövrlərdə Azərbaycan nümayəndələri bu və ya digər beynəlxalq qurumlarda layiqincə təmsil olunurlar. Bugünlərdə MOK-un vitse-prezidenti Xəzər İsayev Beynəlxalq Ədalətli Oyunlar Komitəsinin Regional Ədalətli Oyunlar İnkişaf Mərkəzinin prezidenti və qurumun icraiyyə komitəsinin üzvü seçilmişdir. O cümlədən, həmyerlimiz Fərid Qayıbov Avropa Gimnastika İttifaqının prezidenti vəzifəsində çalışır. Bu uğurlar onu göstərir ki, beynəlxalq aləmdə Azərbaycana yüksək səviyyəli etimad göstərilir. Bildiyiniz kimi, Azərbaycan Universal Döyüş Federasiyası 1999-cu ildən təsis olunub və inkişaf etməyə başlayıb. Hazırda bütün rayonlarımızda federasiyasının nümayəndəlikləri fəaliyyət göstərir və yüzlərlə gənc bu idman növü ilə məşğul olur. Təmsilçilərimiz bu növ üzrə dünya və Avropa çempionatlarında ən yüksək titulları qazanıblar. İndiyədək paytaxtımızda universal döyüş üzrə Avropa və dünya çempionatları, ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş beynəlxalq turnirlər yüksək səviyyədə keçirilib. Azərbaycan Universal Döyüş Federasiyası dövlət qayğısını, eləcə də Gənclər və İdman Nazirliyi və Milli Olimpiya Komitəsi tərəfindən göstərilən qayğını həmişə hiss edir. Hazırda federasiyanın əsas məqsədi Beynəlxalq Hərbi İdman Şurasına daxil olmaq və Azərbaycanı orada layiqincə təmsil etməkdir. Azərbaycanda fəaliyyət göstərən bütün güc strukturlarında çalışmışıq ki, bu idman növünü tətbiq edək və buna nail də olmuşuq. Məqsədimiz odur ki, Silahlı Qüvvələrimizdə xidmət edən əsgərlərimiz də bu idman növü ilə məşğul olsunlar. Çünki güclü ordumuzun güclü əsgərləri olmalıdır. Bu gün Azərbaycan torpaqlarının 20 faizi Ermənistan tərəfindən işğal olunmuşdur. Biz işğal altında olan torpaqlarımızı məhz belə güclü əsgərlərimizlə azad edəcəyik”.
MOK-un vitse-prezidenti Xəzər İsayev çıxış edərək ölkəmizə gələn qonaqları salamladı və Natiq Əliyevi AUDF-in prezidenti seçilməsi münasibəti ilə təbrik etdi. O, Azərbaycanda idmanın inkişafından danışdı və respublikamızda universal döyüşün təbliğinin əhəmiyyətini yüksək qiymətləndirdi. "Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti cənab İlham Əliyevin idman sahəsində apardığı uğurlu siyasətin nəticəsidir ki, respublikamızda idman və Olimpiya Hərəkatı inkişaf edib. Ölkəmizdə Olimpiya idman növləri ilə yanaşı, qeyri-Olimpiya idman növlərinə də dövlət tərəfindən diqqət və qayğı göstərilir. Bu qayğının nəticəsidir ki, Azərbaycan dünyada ən nüfuzlu idman ölkələrindən birinə çevrilib. Güc strukturlarında əsas idman növü kimi tətbiq olunan universal döyüşün təbliği və inkişafı yeniyetmə və gənclərin hərbi-vətənpərvər ruhda böyümələri baxımından çox əhəmiyyətlidir. İnanıram ki, Natiq Əliyev Avropa Universal Döyüş Federasiyasının rəhbəri kimi, həm qitə, həm də Azərbaycan idmanının inkişafına öz töhfəsini verəcək”.
Konqresdə, həmçinin gündəlikdə dayanan bir sıra vacib məsələlər müzakirə olundu, universal döyüşün Avropada inkişafı ilə bağlı proqram təsdiq olundu.


19851 oxunub

InvestAZ