XƏBƏR LENTİ
29 Mart 2024
27 Mart 2024
26 Mart 2024
25 Mart 2024



Sofiyada uğur qazanan idmançılarla görüş keçirilib
İdman 15:24 / 12.05.2021
Azərbaycan Taekvondo Federasiyasında (ATF) Bolqarıstanın paytaxtı Sofiyadakı Avropa təsnifat turnirindən qayıdan parataekvondoçularla görüş keçirilib. Tədbirdə iştirak edən ATF-in vitse-prezidentləri Nağı Səfərov, Niyaməddin Paşayev və nəzarət-təftiş komitəsinin sədri Vüqar Məmmədov yarışda uğur qazanmaları münasibətilə millinin üzvlərini təbrik ediblər.
N.Səfərov yarışa yollanan dörd idmançının hər birinin Tokio Yay Paralimpiya Oyunlarına lisenziya qazanmasının böyük nailiyyət olduğunu vurğulayaraq deyib: "Son olimpiadada - Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında yeganə qızıl medalı taekvondoda əldə etmişdik. İndi bu idman növü ilə yanaşı, hədəfimiz
parataekvondoçularımızı da dünyada ən güclülər sırasında görməkdir. Azərbaycan parataekvondoçuları dünyaya sübut etdilər ki, onlar güclü idmançılardır. İdmançılarımızın bəziləri xal fərqində o qədər öndə idi ki, rəqibin bizə çatması mümkün deyildi. Aynurun görüşü daha gərgin alındı. Lisenziyanı qızıl xalla qazandı. Bu əldə edilən dörd lisenziya ilə sübut olundu ki, istənilən yarışda qələbə qazanmaq mümkündür. Biz Sofiyaya dörd parataekvondoçu ilə deyil, yeddi idmançı ilə də getsəydik, inanırdım ki, hər biri olimpiadaya vəsiqə qazanacaqdı”.
O qeyd edib ki, əsas niyyətimiz bu uğuru Paralimpiadada davam etdirməkdir: "Bu, birinci mərhələdir. Əsas məqsəd Paralimpiadadadır. İnanırıq ki, Bolqarıstanda nümayiş etdirdiyiniz döyüşləri Tokioda da göstərəcəksiniz və himnimizi səsləndirərək Vətənə medallarla qayıdacaqsınız”.
Niyaməddin Paşayev hazırlıq dövrünü xatırladıb, uğurlu nəticə üçün komandaya təşəkkürünü bildirərək deyib: "Lisenziya yarışında hər bir təmsilçimizin vəsiqə qazanması böyük nailiyyətdir. Tokio Yay Paralimpiya Oyunlarında da medal qazanılacağına, xalqımızı sevindirəcəyinizə, ölkəmizin idman şərəfini layiqincə qoruyacağınıza inanıram”.
Vüqar Məmmədov da yığma üzvlərini və məşqçi heyətini təbrik edib. O, parataekvondoçularımızın Tokioda öz sözlərini deyəcəyinə əmin olduğunu bildirib.
Yığmanın baş məşqçisi Fərid Tağızadə komandasının uğurlu çıxışına sevindiyini vurğulayıb. O bildirib ki, əsas məqsəd lisenziyanı medala çevirməkdir.
F.Tağızadə qeyd edib ki, paralimpiadada hər çəki dərəcəsində 12 rəqib olacaq və çempionluq üçün üç qələbə qazanmaq vacibdir: "Türkiyə, Rusiya və Monqolustan yarışa çox ciddi hazırlaşır və fikrimcə əsas rəqiblərimiz arasında digərlərindən fərqlənirlər. İnanıram ki, idmançılarımız yüksək nəticə göstərəcəklər. Bu yolda bizə dəstək olan federasiyaya təşəkkür edirəm”.
Paralimpiadaya vəsiqə qazanan Aynur Məmmədov isə qələbə təəssüratlarını bölüşüb. Bildirib ki, gərgin döyüşdən sonra hələ də özünə gələ bilmir: "Hesabda 8:0 hesabı ilə öndə idim. Amma rəqib
hesabı necə 15:15-ə gətirdi. Bir anlıq gözümün qarşısına gəldi ki, əziyyətlərimiz, bizə göstərilən dəstək boşuna gedir. Sonda 15:15 hesabını saxlamağı düşünürdüm və bunu bacardım. Döyüş qızıl xala getdi. Həmin an var gücümlə zərbə vurdum və lazımi xalı qazandım. Bu mənə daha məsuliyyətli olmağı öyrətdi. Çünki qızıl xal uğrunda döyüş çox çətindir. Federasiyanın rəhbərliyinə və müəllimlərimə təşəkkür edirəm. Hədəfim paralimpiadada qızıl medala sahib olmaqdır”.
İdmançılarımızdan Əbülfəz Abuzərli isə bildirib ki, bu uğurun ardı gəlməlidir: "Sofiyada olanda yalnız bu yarışda qələbə qazanmağı düşünürdük. İndi isə növbəti hədəf paralimpiadada çempion olmaqdır”.
Qeyd edək ki, parataekvondo üzrə Azərbaycan milli komandası Tokio Yay Paralimpiya Oyunlarına Sofiyada dörd lisenziya qazanıb. Təmsilçilərimizdən Əbülfəz Abuzərli (K-44, 75 kq), İmaməddin Xəlilov (K-44, 61 kq), Röyalə Fətəliyeva (K-44, 49 kq) və Aynur Məmmədova (K-44, 58 kq-dan yuxarı) avqustun 24-dən sentyabrın 5-dək Yaponiyanın paytaxtında keçiriləcək paralimpiadada iştirak etmək hüququna yiyələniblər.

22336 oxunub

InvestAZ