XƏBƏR LENTİ
28 Mart 2024
27 Mart 2024
26 Mart 2024
25 Mart 2024



COVID-19 pasportları və antikor sertifikatları yoxlanıla bilər
İdman 15:07 / 04.03.2021
AVRO-2020-nin oyunlarını izləmək istəyən azarkeşlərdən COVID-19 pasportları və antikor sertifikatları tələb oluna bilər.

Bu barədə turnirin Rusiya hissəsinin Təşkilat Komitəsinin baş direktoru Aleksey Sorokin bugünkü mətbuat konfransında deyib.

Funksioner bildirib ki, hazırda UEFA fanatlarla bağlı bütün mümkün variantları nəzərdən keçirir: "Burada bir çox suallar var. Xəstələnsəm və ya aşılansam, necə olacaq? Hər şey təşkilatçı şəhərlərlə razılaşdıqdan və azarkeş sayı dəqiqləşdikdən sonra müəyyənləşəcək. COVID-19 pasportları və antikor sertifikatları yoxlanıla bilər. Ölkələrdəki vəziyyətin necə olacağını bilmirik. Bizim üçün ən vacib məsələ əcnəbi azarkeşlərin maksimum sayı və qəbuluna dair razılığa gəlməkdir".

Sorokinin sözlərinə görə, AVRO-2020-nin Sankt-Peterburqda keçiriləcək oyunlarının biletlərini qaytarmaq istəyən azarkeşlərin sayı çox deyil: "Biletlərin böyük hissəsi satılıb, əllərdədir. Vətəndaşlarımızın futbola sadiqliklərinə və mənəvi cəhətdən möhkəm olduqlarına təəccübləndik. Vətəndaşlarımızın qaytardıqları biletlərin say faizləri o qədər də çox deyil.

Bu, bizi yaxşı mənada heyrətləndirdi. Halbuki bir sıra digər ölkələrlə bu rəqəm bir qədər çoxdur".

Daha əvvəl UEFA bilet sahibləri üçün xüsusi izahat dərc edib. Həmin açıqlamada bildirilir ki, stadionlarda yerlər ixtisara salındıqda və ya tribunalar tam qapadıldıqda UEFA biletlərin tam məbləğini azarkeşlərə qaytaracaq. Bilet sahibləri isə stadionlarda qəbul olunmuş sanitar normalarına və təşkilatçı ölkənin müəyyənləşdirdiyi normalara riayət etməlidirlər.

UEFA azarkeşlərin tribunalara buraxılma formatı barədə qərarı aprelin 7-də açıqlayacaq.

Qeyd edək ki, 2020-ci ildə keçirilməli olan Avropa çempionatı koronavirus pandemiyası üzündən bu il 11 iyun - 11 iyula təxirə salınıb. AVRO-2020-yə Bakı, Sankt-Peterburq, London, Münhen, Roma, Buxarest, Dublin, Kopenhagen, Bilbao, Qlazqo, Budapeşt və Amsterdam şəhərləri ev sahibliyi etməlidir.

Bakı Olimpiya Stadionu A qrupunun İsveçrə - Uels, Türkiyə - Uels və Türkiyə - İsveçrə qarşılaşmalarına, eləcə də 1/4 final mərhələsinin 1 oyununa ev sahibliyi edəcək.

17951 oxunub

InvestAZ