XƏBƏR LENTİ
20 Aprel 2024
19 Aprel 2024
18 Aprel 2024



Qanı ilə tarix yazan qəhrəmanların xatirələri qəlbimizdən heç vaxt silinməyəcək
İdman 14:13 / 26.01.2021
Hərb tariximizin zəfər salnaməsi olan 44 günlük Vətən müharibəsi Azərbaycanın qüdrətini bir daha bütün dünyaya göstərdi. Silahlı Qüvvələrimizin müzəffər Ali Baş Komandanı İlham Əliyevin səsləndirdiyi "Qarabağ Azərbaycandır!” şüarı torpaqlarımızın ərazi bütövlüyü uğrunda başladığımız haqq savaşımızın əsas qayəsi, əsgər və zabitlərimizi qələbəyə səsləyən rəhbər çağırışı oldu. Məhz bu şüar altında birləşən hər bir Vətən oğlu hərb tariximizə şanlı zəfərlərlə dolu günlər yazdı. Bu gün vətəndaş olaraq hər birimiz Vətən naminə döyüşən və yaralanan qazilərimizlə, qanları ilə dastan yazan şəhidlərimizlə hər zaman qürur duymalı, onları tanımalı və tanıtmalıyıq.
Bu yazımızda 44 günlük Vətən müharibəsində iştirak edən və adını şəhidlik kimi uca bir zirvəyə yazdıran qəhrəman oğullarımızdan biri, kiçik çavuş Xurşudov Nazir Müxənnət oğlunu oxucularımıza tanıdacağıq.

Qəhrəmanımız 1985-ci il fevralın 1-də Xaçmaz rayonunun Çaykənarı kəndində anadan olub. Burada Milli Qəhrəman Yavər Şahbazov adına tam orta məktəbi bitirən Nazir uşaqlıqdan idmana maraq göstərib. Əvvəlcə məşqçi Nurəddin Əhmədovun yanında şotakan-karate idman növünün sirlərinə yiyələnib. Sonra isə böyük qardaşı Maarif Xurşudovun təşəbbüsü və rəhbərliyi ilə karatenin vado-ryu növü ilə məşğul olub. Qardaşından bu idman növünün incəliklərini mənimsəyən Nazir müxtəlif illərdə bir sıra respublikadaxili yarışlarda və zona birinciliklərində mükafatçılar sırasında yer alıb. Nazir Xurşudov orta məktəbi başa vurduqdan sonra hərbi xidmətə yollanıb. Əvvəlcə Murovda, daha sonra isə Gədəbəydə kəşfiyyat bölüyündə xidmət edib. Xidmətini başa vurduqdan sonra Vətənə olan sevgisi onu yenidən hərbiyə bağlayıb. Öz istəyi ilə ordu sıralarına yazılan Nazir Xurşudov bir müddət Azərbaycan Sülhməramlı Qüvvələrində xidmət edib. Hərbidə çalışdığı müddətdə Əfqanıstan, Pakistan və Bolqarıstanda xüsusi kurslarda iştirak edib. Hərbçi kimi bir sıra yarışlarda da ölkəmizi təmsil edib və mükafatçılar sırasında yer alıb. Bir müddətdən sonra ordudan tərxis olunsa da, Müdafiə Nazirliyinə ərizə yazaraq yenidən hərbi sahədə fəaliyyətini davam etdirib. O, bu dəfə Qusar rayonunun kəşfiyyat bölüyündə xidmət etməyə başlayıb. Ümumilikdə 35 illik ömrünün 11 ilini hərbidə keçirən Nazir bir sıra mühüm hərbi əməliyyatların da iştirakçısı olub. O, Vətən müharibəsinə qədər 2016-cı il şanlı aprel döyüşlərində və ötən ilin iyul ayında baş verən Tovuz döyüşlərində qəhrəmancasına döyüşüb. Vətən müharibəsində yenidən döyüş meydanına atılan igidimiz Ağdam, Füzuli, Cəbrayıl və Xocavənd rayonları uğrunda gedən hərbi əməliyyatlarda iştirak edib. O, oktyabrın 21-də Xocavənd istiqamətində gedən döyüşlər zamanı qəhrəmancasına şəhid olub. Şəhidimiz oktyabrın 28-də doğulduğu Xaçmaz rayonunun Çaykənarı kəndində dəfn olunub. Nazir Xurşudov ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə "Vətən uğrunda” medalı və "Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif edilib. Qəhrəmanımızın keçdiyi döyüş yolu barədə ətraflı məlumat əldə etmək üçün şəhidimizin böyük qardaşı Maarif Xurşudovla əlaqə saxladıq. Bakının Biləcəri qəsəbəsindəki 284 saylı və 143 saylı tam orta məktəbdə karatenin vado-ryu növü üzrə məşqçilik edən Maarif Xurşudov bizimlə söhbətində qardaşının Vətənə olan sevgisindən, idmançı karyerasından və arzularından danışdı.


"Cəbhədə mənim qardaşlarım döyüşür və mən onların
yanında olmalıyam”


"Müharibə başlayanda qardaşım Nazir mənə zəng edərək, döyüşlərə yollandığını dedi. İmkan olduqca bizimlə əlaqə saxlayırdı. Hərbi əməliyyatlar başlayandan iki həftə sonra qardaşım Cəbrayıl istiqamətində gedən döyüşlərdə ağır yaralandı. Ermənilər onların olduğu ərazini minaatanla vurmuşdular. Bu hadisə zamanı Nazir baldır, bud, çiyin və kürək nahiyəsindən qəlpə yaraları almışdı. Füzulinin Qaradağlı kəndindəki hospitalda müalicə alsa da, vəziyyəti ağır idi. Hətta həkimləri onu Bakıdakı xəstəxanalardan birinə yollayacaqları barədə məlumat vermişdilər. Lakin Nazir bir neçə gündən sonra bizə zəng edərək yenidən döyüş bölgəsinə yollanacağını dedi. O, tezliklə Cəbrayıl rayonu istiqamətinə yollandı. Düzü, Nazirin tam sağalmadan yenidən döyüşlərə yollanmasına hər birimiz etiraz etdik. Qalıb müalicəsini tam davam etdirməsini istəyirdik. Amma o bizə dedi ki, cəbhədə mənim qardaşlarım döyüşür və mən onların yanında olmalıyam, haqqınızı halal edin. Döyüşlərə yenidən yollandıqdan sonra onunla hər gün telefonda danışırdıq. Oktyabrın 17-si qardaşımla sonuncu danışığımız oldu. Bir daha ondan xəbər gəlmədi. Ona 3 gün zəng çatmadığı üçün artıq hər birimiz narahatlıq keçirirdik. Oktyabrın 22-də Nazirin komandiri anama zəng edərək onun şəhid olması barədə xəbər verdi. Düzü, əvvəl heç birimiz buna inanmırdıq. Dərhal onun bizim kənddən olan əsgərinə zəng etdim. Lakin onunla da əlaqə saxlaya bilmədim. Sonra bir neçə yerlə əlaqə saxlayaraq xəbəri dəqiqləşdirməyə çalışdım. Bir neçə günlük axtarışdan sonra qardaşım Eldarla birgə Füzuliyə yollandım. 5 gündən sonra isə onun nəşini naməlum şəhidlərin arasından tapdıq. Qardaşım yaralananda sənədlərini bizə vermişdi. Üstündə heç bir sənədi olmadığı üçün kimliyini müəyyən edə bilməmişdilər. Onun döyüşçü yoldaşları ilə sonradan əlaqə saxlayıb qardaşımın hansı şəraitdə şəhid olduğu barədə məlumat öyrəndim. Nazir Xocavənd istiqamətində gedən döyüşlərdə şəhid olub. Onu snayperlə vurmuşdular. Naziri vuran snayperçi muzdlu döyüşçü idi. Döyüşçü yoldaşlarının dediyinə görə Xocavənddə təpədə ermənilərin postu var idi. Nazir qumbaraatanla ermənilərin postunu vurduqdan sonra şəhid olan əsgər yoldaşının avtomatını götürərək, atəş açıb, irəli getdi. Yanında olan hərbçi yoldaşları ilə birgə qəhrəmancasına döyüşərək həmin postu ermənilərdən azad ediblər. Təəssüf ki, o, həmin döyüşdə aldığı snayper gülləsindən şəhid oldu. Nazirin nəşini həmin gün döyüş ərazisindən çıxara bilməmişdilər. Sonradan öyrəndim ki, o həmin zaman həddindən artıq əsəbi olub. Bunun da əsas səbəbi gənc əsgər yoldaşının yemək yeyərkən boğazından snayperlə vurularaq, şəhid olması imiş. Bu hadisədən sonra qəzəbini saxlaya bilməyən Nazir onun və digər hərbçi yoldaşlarının qisasını almaq üçün irəli atılıb”, - deyə şəhidimizin qardaşı Maarif Xurşudov bildirib.

Ailəli olan şəhid Nazir Xurşudovun 12 yaşlı Şahin və 11 yaşlı Asiman adlı oğlanları yadigar qalıb. Bu gün hər iki yeniyetmənin bir arzusu var - atalarının peşəsini davam etdirmək və ona layiqli bir övlad olmaq. "Nazir ailəli idi, iki oğlu var. Böyük oğlu Şahin 7-ci, kiçik oğlu Asiman isə 6-cı sinifdə oxuyur. Övladları da gələcəkdə onun kimi igid hərbçi olmaq istəyirlər. Nazirin şəhid olması xəbəri hər birimizə çox pis təsir etdi. Eləcə də, övladlarına. Bu gün onları nə qədər sakitləşdirməyə çalışsaq da alınmır, atalarını istəyirlər, onun üçün darıxırlar. Hətta böyük oğlu Şahin bizdən xəbərsiz gün ərzində iki, üç dəfə atasının qəbrinin üstünə gedir. Onun ailəsi Qusarda "N” saylı hərbi hissənin yanında kirayədə qalırdı. Lakin onları Xaçmaz rayonun Çaykənarı kəndinə, atamın yaşadığı evə gətirdim. Təəssüf ki, burada onların təhsil alması üçün o qədər də şərait yoxdur. Çalışacağam ki, onları Bakıya gətirim, təhsillərini davam etdirmələri və idmanla məşğul olmaları üçün köməklik göstərim”, - deyə M.Xurşudov əlavə edib.


"Ana, mən
şəhid olsam
ağlama...”


Ailədə üç qardaş, bir bacı olduqlarını deyən, Maarif Xurşudov qardaşlarının hər birinin məktəbdə oxuduğu illərdən idmanın karate növü ilə maraqlandığını vurğulayıb. Onun sözlərinə görə, hətta vado-ryu karate idman növünün Azərbaycanda ilk qurucusu, "Azərikan Vado-Ryu Karate-Do İdman Klubu” İctimai Birliyinin təsisçisi və prezidenti Gündüz Mahmudov Nazir Xurşudovu Xaçmaz rayonuna bu idman növü üzrə nümayəndə təyin etmişdi. Nazir bir müddət burada məşqçilik fəaliyyəti ilə də məşğul olub, bu idman növü üzrə öz bilik və bacarıqlarını yeniyetmə və gənclərlə bölüşüb. Lakin həyatını hərbiyə bağlayan və torpaqlarımızı azad görmək arzusu onu məşqçilik işindən bir qədər uzaqlaşdırdı.

"Nazir xaraktercə bir qədər çılğın idi. Hər zaman ürəkli və cəsur olub mənim qardaşım. Heç nədən qorxusu olmazdı. Həm idmançı kimi, həm də döyüşçü kimi bunu sübut etdi. Onun böyük arzuları var idi. Ən böyük arzularından biri də torpaqlarımızın düşməndən azad olmasını görmək idi. Buna çox inanırdı. O, torpaqlarımızın bütövlüyü uğrunda şəhid oldu və bu günləri görə bilmədi. Amma inanıram ki, qardaşımın ruhu bu gün şaddır. Nazir şəhid olmazdan əvvəl anamla danışanda demişdi ki, ana, mən şəhid olsam ağlama, məndən başqa iki oğlun da var. Təbii ki, biz ümid edirdik ki, o müharibədən sağ-salamat yenidən ailəsinin, uşaqlarının yanına qayıdacaq. Amma təəssüf ki, bu onun son döyüşü oldu, qardaşım Vətən uğrunda qəhrəmancasına döyüşərək şəhidlik zirvəsinə ucaldı. Nazir də daxil olmaqla bütün şəhidlərimizə Allahdan rəhmət diləyir, yaralı idmançılarımıza tezliklə şəfa tapmasını arzulayıram”, - deyə Maarif Xurşudov fikirlərini yekunlaşdırıb.
Vaxtı ilə Milli Qəhrəman Yavər Şahbazov adına tam orta məktəbdə oxuyan, Azərbaycan qəhrəmanlarına baxıb, onlardan örnək götürən Nazir Xurşudov bu gün özü bir qəhramanlıq nümunəsinə çevrilərək onların sırasına qoşuldu. Xalqımız isə Vətən uğrunda canlarından keçən belə igidlərimizin xatirəsini daim əziz tutacaq, böyük qürur hissi ilə onların qəhrəmanlıq salnaməsini gələcək nəsillərə ötürəcək.

Azər Əlizadə



17516 oxunub

InvestAZ