XƏBƏR LENTİ
29 Mart 2024
27 Mart 2024
26 Mart 2024
25 Mart 2024



Pəhləvanlarımız Fransadan 13 medalla qayıdırlar
İdman 13:21 / 18.01.2021

Fransanın Nitsa şəhərində güləş üzrə Henri Deqlan Qran-Pri turniri keçirilib.​ Üç gün davam edən ənənəvi yarışda ölkəmizi sərbəst və yunan-Roma güləşçiləri təmsil ediblər. Pəhləvanlarımız turniri 13 (1 qızıl, 6 gümüş, 6 bürünc) medalla başa vurublar. Bu medallardan 5-i (2 gümüş, 3 bürünc) sərbəst güləşçilərin, 8-i (1 qızıl, 4 gümüş və 3 bürünc) isə yunan-Roma güləşçilərinin payına düşüb.

Sərbəst güləş yarışlarında komandamıza gümüş medalları İslam Bazarqanov (57 kq) və Osman Nurməhəmmədov (92 kq) qazandırıblar. Turan Bayramov (65 kq), Hacımurad Hacıyev (74 kq) və Abubakr Abakarov (86 kq) Qran-Prini bürünc medalla başa vurublar.

Yarışda 5 medal qazanan Namiq Abdullayevin rəhbərlik etdiyi sərbəst güləş üzrə yığmamız komanda hesabında 135 xal toplayaraq 3-cü yeri tutub.

Qran-Prinin sonuncu günündə yunan-Roma güləşçilərimiz xalça üzərinə çıxıblar. Yığmamız yarışda 9 güləşçi ilə mübarizə aparıb ki, onlardan da 8-i fəxri kürsüdə yer alıb. Təmsilçilərimizdən komandamıza yeganə qızıl medalı 87 kq çəki dərəcəsində çıxış edən​ İslam Abbasov qazandırıb. O, həlledici final görüşündə Türkiyə güləşçisinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

​ Murad Məmmədov (60 kq), Rafiq Hüseynov (82 kq), Murad Lokyayev (97 kq) və Sabah Şəriəti (130 kq) yalnız finalda məğlub olaraq gümüş medala sahib çıxıblar.

Bürünc medalları isə komandamızın aktivinə Murad Bazarov (60 kq), İslambek Dadov (67 kq), Sənan Süleymanov (77 kq) yazdırıblar.​

Beləliklə, klassiklərimiz Qran-Pridə 1 qızıl, 4 gümüş və 3 bürünc medal əldə ediblər. Komandamız bu nəticə ilə 160 xalla ikinci yeri tutub.

Qeyd edək ki, Fransadakı yarış sərbəst güləş üzrə millimiz üçün həm də xoşagəlməz hadisə ilə yadda qalıb. Belə ki, yarışda 97 kq çəki dərəcəsində mübarizə aparan sərbəst güləş üzrə Olimpiya, dünya və Avropa çempionumuz Şərif Şərifov zədələnib. Qrup sistemi ilə keçirilən mübarizədə əvvəlcə Gürcüstan təmsilçisinə uduzan 33 yaşlı pəhləvanımız daha sonra Rumıniyadan olan rəqibinə qalib gəlib - 11:0. Lakin bu qələbə təcrübəli güləşçimizə zədə bahasına başa gəlib. Nəticədə o, ABŞ pəhləvanı Kayl Snayderlə yarımfinal, Polşadan olan Radoslav Baranla isə bürünc medal görüşünə çıxa bilməyib.


17292 oxunub

InvestAZ