XƏBƏR LENTİ
20 Aprel 2024
19 Aprel 2024
18 Aprel 2024



“Qarabağ” qrupdan çıxmaq şansını itirdi
İdman 09:13 / 27.11.2020
"Qarabağ" klubu UEFA Avropa Liqasında növbəti oyununu keçirib. I qrupunda yer alan təmsilçimiz IV tur çərçivəsində Türkiyədə "Sivasspor” klubu ilə qarşılaşıb. Ev oyununu İstanbulda keçirən Qurban Qurbanovun yetirmələri "Başakşəhər Fatih Terim” stadionunda iki dəfə hesabda önə keçməsinə baxmayaraq, matçın yekununda məğlub tərəf olub. İlk üç qarşılaşmada uduzan "Qarabağ” Türkiyə təmsilçisinə 2:3 hesabı ilə uduzub. Oyunda hesabı 8-ci dəqiqədə ağdamlılar açıb. Abdulla Zubir qapıçı ilə təkbətək mübarizədə qalib ayrılıb. Görüşün 40-ci dəqiqəsində hakimin şübhəli qərarından sonra "Sivasspor” penalti vurmaq şansı qazanıb. Topa yaxınlaşan Aruna Kone dəqiq zərbə endirib. Komandalar fasiləyə 1:1 hesablı heç-heçə ilə yollanıblar. Qarşılaşmanın ikinci hissəsinin 51-ci dəqiqəsində "Qarabağ” yenidən hesabda önə keçib. Ağdamlıların futbolçusu Uroş Matiş uzaqdan baxımlı qola imza atıb. Qoldan yeddi dəqiqə sonra İstanbul təmsilçisi hesaba tarazlıq gətirib. Olarenvadju Kayode adını tabloya yazdırıb. Oyunda son nöqtəni "Sivasspor” görüşün 79-cu dəqiqəsində qoyub. Aruna Kone komandasının üçüncü, özünün ikinci qoluna imza atıb. Beləliklə, qrupda ardıcıl 4-cü məğlubiyyətdən sonra Azərbaycan çempionunun 1/16 final şansının üstündən rəsmən xətt çəkilib. Artıq son iki tur Qurban Qurbanovun kollektivi üçün formal xarakter daşıyacaq. Altı xalı olan "Sivasspor” isə üçüncü yerdə qərarlaşıb. Qrupun digər oyununda Təl-Əviv "Makkabi”si öz meydanında İspaniyanın "Vilyarreal” klubu ilə heç-heçə edib - 1:1.

Qeyd edək ki, "Qarabağ” növbəti oyununu dekabrın 3-də "Makkabi”yə qarşı məhz bu arenada keçirəcək.

16760 oxunub

InvestAZ