XƏBƏR LENTİ
18 Aprel 2024
17 Aprel 2024
16 Aprel 2024



Ceyhun Məmmədov: “Ağdama qayıdandan sonra idman məktəblərini bərpa etməyə çalışacağıq”
İdman 18:00 / 26.11.2020

"Qarabağ əzəldən Azərbaycanın torpağı olub. Bu tarixi faktlarla da sübut olunub. Bu gün həyatımızın ən sevincli və qürurlu günləridir. Təbii ki, bu sevinc bizim üçün daha böyükdür”.

Bu sözləri "Olimpiya dünyası” qəzetinə Azərbaycan Sambo Federasiyasının prezidenti Ceyhun Məmmədov deyib.

Əslən Ağdamdan olan 7 qat dünya, 6 qat Avropa çempionu 27 illik həsrətdən sonra doğma el-obasına qayıdacağı günü səbrsizliklə gözlədiyini bildirib:

"Tarixi torpaqlarımız, o cümlədən mənim doğma yurdum olan Ağdam rayonu işğaldan azad edildi. Ağdama qayıdacağım ilk gün öz ev-eşiyimi, doğmalarımın qəbrlərini ziyarət edəcəyəm. Bu gün bizim başımızı dik tutmağa haqqımız var. Düzdür, dəfələrlə dünya və Avropa çempionatlarında qalib olmuşuq, bayrağımızı qaldırıb, himnimizi səsləndirmişik. Amma yenə də yarış zamanı erməni millətindən olan bir nümayəndə görəndə içimizdə sanki əvvəlki ağrı-acını hiss edirdik. Çünki torpaqlarımız işğal altında idi. Lakin bu gün Azərbaycanın Ali Baş Komandanı və müzəffər ordumuzun qüdrəti sayəsində torpaqlarımız işğaldan azad olundu. Biz artıq qalib xalqıq. Torpaqlarımızın azad olduğunu görmək tam başqa hissdir. Mən Vətən müharibəsində canlarını fəda edən şəhidlərimizə Allahdan rəhmət diləyir, onların valideynlərinin qarşısında baş əyirəm. Yaralı hərbçilərimizə isə tezliklə şəfa tapmasını arzulayıram. Bizim heç kimin torpağında gözümüz yoxdur, biz öz torpağımızı azad etmişik.

Qeyd edim ki, 44 gün davam edən Vətən müharibəsində samboçularımız da iştirak etdilər. Onlardan üçü isə yığma komandamızın əsas üzvləri idilər. Həmin samboçularımız bu gün də ordumuzla bir yerdədirlər”.

Vaxtilə Ağdama sambo idman növünün inkişaf etdiyini deyən federasiya prezidenti həmin ərazilərdə yenidən sambo məktəblərinin inkişafı üçün bütün gücünü səfərbər edəcəyini bildirib.

"Ağdamda işğaldan əvvəl sambo məktəbləri var idi. Ümumiyyətlə, Ağdamda sambo daha yaxşı inkişaf etmişdi. İnşallah Ağdama qayıdandan sonra həmin idman məktəblərini bərpa etməyə çalışacağıq. Bunun üçün bütün gücümüzü səfərbər edəcəyik. Arzum odur ki, Qarabağda yaxın zamanlarda beynəlxalq yarış təşkil olunsun”, - deyə Ceyhun Məmmədov qeyd edib.

Azər Əlizadə

17510 oxunub

InvestAZ