XƏBƏR LENTİ
29 Mart 2024
27 Mart 2024
26 Mart 2024
25 Mart 2024



Azad Rəhimov: “Operativ Qərargahla birlikdə böyük proqram hazırlayırıq”
İdman 15:12 / 23.09.2020
"Biz çox sevinirik ki, bu akademiyada sonuncu idman zalı təhvil verildi. Faktiki yenidənqurma və təmir işləri aparıldı. Ən çox populyar olan, ən çox sevdiyimiz və xalqımıza ən çox medal bəxş edən idman növünün də akademiyada öz zalı var”. Bu sözləri Gənclər və idman naziri Azad Rəhimov Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında güləş zalının açılış mərasimindən sonra jurnalistlərə açıqlamasında deyib.
O, bildirib ki, akademiyanın təmiri 90-95 faiz yekunlaşıb: "İstəyirik ki, tələbələrimiz zallara və auditoriyaya qayıtsın, təhsil prosesi başlasın. Amma yenə də yoluxma hallarının olduğunu görürük. Təklif etmişik və hazırda Təhsil Nazirliyi ilə danışıqlar aparılır ki, oktyabra və ya noyabra qədər bütün dərslər onlayn keçirilsin. Bu il akademiyanın qabiliyyət imtahanı olmayıb. Qabiliyyət imtahanına 4 mindən artıq şəxs yığışır. Biz onu ləğv etdik".
Nazir bildirib ki, ilin sonlarında bir neçə idman növü üzrə ölkə birinciliyinin keçirilməsi mümkün ola bilər: "Bir çox idman növlərində adətən noyabr-dekabr aylarında respublika çempionatları təşkil olunur. Bununla bağlı yenə müraciətlər olub. Biz də çox istərdik ki, yarışlar keçirilsin. Hazırda Nazirlər Kabineti yanında Operativ Qərargahla birlikdə böyük proqram hazırlayırıq. Bu, həm də fitness və idman zallarının açılmasına aiddir. Burada müxtəlif tələblər və meyarlar nəzərdə tutulub. Qəbul olunsa, sözsüz ki, bizim üçün də çempionatları keçirmək çox vacibdir. Bilirsiniz ki, idmançı bir ay evdə qalsa, ona formasını bərpa etmək üçün 3-4 ay vaxt lazımdır. Bu isə çətinlik yaradır. Yarış praktikası yoxdursa, bu, həqiqətən də onun gücünü, təcrübəsini məhv edir. Əlimizdən gələni edəcəyik ki, çempionatları təşkil edək”.
Azad Rəhimov jurnalistlərə açıqlamasında hazırda yarışlara azarkeşlərin buraxılması məsələsinin gündəmdə olmadığını vurğulayıb: "Biz ilk olaraq, istəyirik ki, yarışlar olsun. Azarkeşlərin iştirakını nəzərdə tutmamışıq. Bu gün 47 Olimpiya kompleksi istifadəyə verilib. Hamısı işlək vəziyyətdədir və qapıları açıqdır. Qeyri-Olimpiya idman növlərini də hazırlıq prosesinə cəlb etmişik. Elan etmişik ki, onlar üçün də təlim-məşq toplanışlarını təşkil etməyə hazırıq”.
Nazir qeyri-Olimpiya növləri ilə məşğul olan idmançıların başqa sahələrə üz tutması barədə isə bunları deyib: "Təəssüf ki, onların maaşlarını verməyə imkan yoxdur. Bu, tamamilə qadağan olunmuş məsələdir. Onlara əlimizdən gələn köməkliyi etməyə hazırıq. Bizim addımlarımız yalnız zalların qapılarını onların üzünə açmaqdan ibarət ola bilər”.

16974 oxunub

InvestAZ