XƏBƏR LENTİ
23 Aprel 2024
22 Aprel 2024
21 Aprel 2024



Nəriman Abdullayev: “Yarışlara qədər idmançılarımız əvvəlki fiziki formalarını tam bərpa edəcəklər”
İdman 14:14 / 16.09.2020
"Ölkəmizdə sərtləşdirilmiş karantin rejiminin yumşaldılmasından sonra boks üzrə yığma komandamız açıq havada məşqləri bərpa edib. Operativ Qərargahın qoyduğu tələblərə uyğun olaraq məşqlər açıq hava şəraitində, əsasən isə Heydər Əliyev Mərkəzinin ərazisində və Dənizkənarı Milli Parkda keçirilir”.
Bu sözləri "Olimpiya dünyası” qəzetinə açıqlamasında boks üzrə yığma komandanın böyük məşqçisi Nəriman Abdullayev deyib. Təcrübəli mütəxəssisin sözlərinə görə Federasiya rəhbərliyi tərəfindən idmançılara məşqlərdə karantin qaydalarına əməl olunması ilə bağlı zəruri təlimatlar verilib.
"Uzun müddət təlim-məşqlərin keçirilməməsi, yarışların olmaması idmançıların hazırlıq səviyyəsinə də bir qədər təsir göstərib. Boks Olimpiya idman növüdür və mütəmadi olaraq məşqlərin keçirilməsi vacibdir. Biz məşqçilər də məhz bunun üçün çalışırıq ki, idmançılarımızın hazırlığını lazımi səviyyəyə qaldıraq. Bildiyiniz kimi, karantin rejiminə görə idmançılarımız məşqlərini ev şəraitində etdilər. Təbii ki, belə olan halda taktiki və texniki hazırlıqlar üzərində çalışmaq bir qədər çətin olur. Bundan əlavə idmançı evdə məşq edərkən onun sparrinqi də olmur. Amma boksçular bunu kölgə döyüşü və kisələrlə məşq edərək əvəzləyə bildilər. Məşqçilər də öz növbəsində idmançılara müəyyən proqramlar vermişdilər ki, onlar həmin proqramlar vasitəsi ilə öz fiziki formalarını qorumağa çalışırdılar. Sevindiricidir ki, bütün bunlara baxmayaraq idmançıların idmana olan həvəsləri yüksək səviyyədədir. Bunu son bir neçə gün ərzində açıq havada məşqlərə başlayan hər bir idmançının hərəkətindən və məşqə yanaşmasından görmək olar. Komandanın üzvləri böyük sevinc və həvəslə hazırlıqlara başlayıblar. Təbii ki, məşqlərimizin açıq havada olmasına baxmayaraq Operativ Qərargahın göstərişlərinə uyğun olaraq, sosial məsafə prinsipləri və digər karantin qaydaları gözlənilir. Uşaqlar məşqlərdə tibbi maskalardan deyil, idmançılar üçün olan xüsusi maskalardan istifadə edirlər. Həmin maskaların materialı kapron olur və nəfəs alıb-vermək bir qədər çətinlik yaradır. Amma maskanı çıxardıqda onlar daha rahat şəkildə nəfəs alırlar. Hazırlıqla bağlı ümumi vəziyyət pis deyil. Amma düşünürəm ki, qarşıdakı yaxın aylarda yarış olarsa, bu idmançılara daha da böyük ruh yüksəkliyi verər. Çünki idmançılar bilər ki, yaxın aylarda hər hansısa bir turnir var və o yarışda mükafatçılar sırasında yer almaq üçün daha yüksək forma yığar. Bundan əlavə yarışın olması idmançıda məqsəd və həvəs yaradır. Amma Beynəlxalq Boks Assosiasiyası (AİBA) bu barədə hələ ki, bir məlumat verməyib. Yəqin ki, bu ilin sonuna qədər heç bir rəsmi yarış olmayacaq. Hələ ki, biz də bu barədə AİBA-dan xəbər gözləyirik”, - deyə Nəriman Abdullayev qeyd edib.
Təcrübəli mütəxəssis karantin rejimindən sonra idmançıların zədə almaması üçün məşqlərin mərhələli şəkildə keçiriləcəyini bildirdi.
"İdmançılar uzun müddətdir ki, peşəkar səviyyədə məşqlərdən kənarda qalıblar. Düzdür bu passivlik onların qarşıdakı vaxtlarda zədə almasına da təsir edə bilər. Bu bir faktdır ki, belə hadisələrə rast gəlmək olar. Bunun üçün məşqçilər heyəti də bütün bilik və bacarığı ilə idmançılara kömək edəcək ki, belə hallarla üzləşməyək. İdmançını birdən-birə çox yükləmək olmaz. Hazırlıq səviyyəsi mərhələli şəkildə olmalıdır.
Operativ Qərargahın qapalı məkanlarla bağlı qərarından sonra komandalar öz bazalarında təlim-məşq toplanışına başlayacaqlar. Zallarda da məşqlərə icazə verilərsə, yeni yarışlara qədər idmançılarımız əvvəlki fiziki formalarını tam bərpa edə biləcəklər”, - deyə yığma komandanın böyük məşqçisi bildirib.

Azər Əlizadə

19292 oxunub

InvestAZ