XƏBƏR LENTİ
28 Mart 2024
27 Mart 2024
26 Mart 2024
25 Mart 2024



Ölkə çempionları mübarizəni erkən dayandırdı
İdman 11:20 / 08.08.2020

Ötən gecə UEFA Çempionlar Liqasında koronavirus pandemiyası səbəbindən təxirə salınmış 2019-2020-ci il mövsümünün səkkizdəbir final oyunları yenidən start götürüb. Günün ilk oyununda iki qarşılaşma keçirilib. Qitənin ən nüfuzlu klub turnirini rekord sayda (13 dəfə) qazanan "Real Madrid” səfərdə İngiltərənin "Mançester Siti” klubu ilə üz-üzə gəlib. İlk oyunda Madriddə 2:1 hesabı ilə məğlub olan "Real” ilk dəqiqələrdən qol vurmaq üçün irəli atılıb. Buna baxmayaraq oyunda hesabı meydan sahibləri açıblar. Matçın 9-cu dəqiqəsində Rahim Sterlinq fərqlənib. Qoldan 19 dəqiqə sonra madridlilər hesaba tarazlıq gətiriblər. Rodriqonun cinah ötürməsini Kərim Benzema dəqiq baş zərbəsi ilə tamamlayıb. Birinci hissə 1:1 hesabı ilə heç-heçə başa çatıb.

Matçın 68-ci dəqiqəsində "Mançester Siti” hesabda yenidən irəli çıxıb. Rafael Varanın kobud səhvindən sonra Qabriel Jesus topu qapıdan keçirib. Qalan dəqiqələrdə "Real Madrid” məğlubiyyətdən qaçmaq üçün səy göstərsə də, hesab dəyişilməyib.
Beləliklə, hər iki oyunda 2:1 hesabı ilə qalib gələn "Şəhərlilər” dörddəbir final mərhələsinə vəsiqə qazanıblar. İspaniya çempionu "Real Madrid” isə mübarizəni erkən dayandıraraq mövsümü yalnız La Liqa kuboku ilə bitirib. ​
Günün digər matçında isə İtaliya çempionu "Yuventus” öz meydanında Fransanın "Lion” komandasını qəbul edib. İlk oyunda "Lion” öz meydanında 1:0 hesabı qələbə qazanmışdı. Bu komandalar arasında cavab oyunu isə meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşdı. Oyunda hesabı gözlənilmədən fransızlar açıblar. Baş hakim Feliks Zvayerin təyin etdiyi 11 metrlik cərimə zərbəsini Memfis Depay dəqiq zərbə ilə tamamlayıb.
Qoldan sonra irəli atılan turinlilər birinci hissənin başa çatmasına iki dəqiqə qalmış hesaba tarazlıq gətiriblər. Bu dəfə Kriştiano Ronaldo təyin olunan penaltini dəqiq yerinə yetirib.
Qarşılaşmanın 60-cı dəqiqəsində Kriştiano Ronaldo dublunu rəsmiləşdirərək komandasını hesabda önə çıxarıb. Qalan dəqiqələrdə "Qoca sinyora”nın qol vurmaq şansları olsa da, hesab dəyişməyib.
Ümumi hesabın 2:2 olmasına baxmayaraq, "Yuventus” turnirdə mübarizəsini dayandırıb. Buna səbəb isə "Lion”un öz meydanında qol buraxmamasıdır.
Bu oyunlardan sonra Portuqaliyada təşkil olunacaq 1/4 finalın daha bir cütü müəyyənləşib. "Mançester Siti” və "Lion” avqustun 15-dəki matçda üz-üzə gələcək. Avqustun 12-də "Atalanta” (İtaliya) - PSJ (Fransa), ertəsi gün "Leypsiq” (Almaniya) - "Atletiko” (İspaniya) cütlərinin üz-üzə gələcəyi öncədən bəlli idi. Sonuncu cüt isə avqustun 8-dəki matçlardan sonra bəlli olacaq.
Qeyd edək ki, 1/8 final mərhələsi avqustun 8-dəki iki matçla yekunlaşacaq.


23888 oxunub

InvestAZ