XƏBƏR LENTİ
29 Mart 2024
27 Mart 2024
26 Mart 2024
25 Mart 2024



Avropa Liqası: 1/4 finalın ilk iştirakçıları müəyyənləşdi
İdman 10:01 / 06.08.2020

UEFA Avropa Liqasında mövsümün yarımçıq qalmış hissəsi bərpa olunub. Əvvəlcə 1/8 final mərhələsinin iki cavab görüşü keçirilib. Hər iki qarşılaşmada eyni hesab qeydə alınıb. Türkiyənin yeganə təmsilçisi "Başakşehir" Danimarkada "Kopenhagen"in qonağı olub. Görüş meydan sahiblərinin böyük hesablı qələbəsi ilə yekunlaşıb - 3:0. Hesabı 4-cü dəqiqədə Yonas Vinn açıb. 52-ci dəqiqədə Vinn dəqiq penalti zərbəsi ilə "dubl" edib. Matçda son nöqtəni isə 62-ci dəqiqədə Rasmus Falk qoyub. Beləliklə, Türkiyə çempionu iki oyunun nəticəsinə görə mübarizəni dayandırıb. Martın 12-də keçirilmiş ilk matçda "Başakşehir" 1:0 hesabı ilə qalib gəlmişdi. Mərhələni adlayan digər komanda isə Ukraynanın "Şaxtyor" klubu olub. Donetsk təmsilçisi Kiyevdəki cavab görüşündə Almaniya "Volfsburq"unu üstələyib - 3:0. Hesabı 89-cu dəqiqədə Junior Moraeş açıb. 90+1-ci dəqiqədə Manor Solomon fərqlənib. 90+3-cü dəqiqədə isə Moraeş son nöqtəni qoyub. İlk görüşdə də "Şaxyor" qələbə qazanmışdı - 3:1. UEFA Avropa Liqasında 1/4 finala yüksələn növbəti 2 komanda isə İngiltərənin "Mançester Yunayted" və İtaliyanın "İnter" klublarıdır. "Mançester Yunayted" Avstriyada 5:0 hesabı ilə məğlub etdiyi LASK klubunu evdə də üstələyib - 2:1. Hesabı 55-ci dəqiqədə qonaq komandadan Filip Vizinger açsa da, 2 dəqiqə sonra Cessi Linqard bərabərliyi təmin edib. 88-ci dəqiqədə isə Antoni Marsyal qələbə topunu vurub. "İnter" isə neytral meydanda - Almaniyanın Gelzenkirxen şəhərindəki "AufŞalke Arena"da İspaniya "Xetafe"si üzərində inamlı qələbə qazanıb - 2:0. Hesabı 33-cü dəqiqədə Romelu Lukaku açıb. 83-cü dəqiqədə isə Kristian Eriksen meydana daxil olduqdan bir dəqiqə sonra yekun nəticəni müəyyənləşdirib. 1/4 finalda "Mançester Yunayted" Danimarka "Kopenhagen"i ilə üz-üzə gələcək. "İnter" isə "Reyncers" (Şotlandiya) - "Bayer" (Almaniya) cütünün qalibi ilə görüşəcək.

22151 oxunub

InvestAZ