XƏBƏR LENTİ
29 Mart 2024
27 Mart 2024
26 Mart 2024
25 Mart 2024



EVDƏ QAL EE, EVDƏ QAL!
İdman 15:01 / 12.07.2020


Anlamırıqmı hələ, hansı bəla tuş gəlib?!
Xanə xərab etməyə bir yeni bayquş gəlib!
Vermiş ona canını, çoxları bihuş gəlib!
Ya iliş o dərdə sən, gəl, bizi də dərdə sal,
Ya sözə bax, millətim, evdə qal ee, evdə qal!
Əlbir olaq, ay balam, tez bitirək bu işi,
Yaxşı sabunlan canım, eylə bu cür vərdişi,
Baxma mənə qıyğacı, gülmə yenə kişmişi,
Yolxucuya tuş gəlib, olmayasan halbahal,
Bax sözə, ey millətim, evdə qal ee, evdə qal!
Çox deyirik, bir çoxu amma bəla sanmayır,
Guya zarafatdı bu, hər sözə aldanmayır,
Hər nə qədər başə sal, anlamayır, qanmayır,
Fərq eləməz ki ona, beynin apar - zurna çal!
Bax sözə, ey millətim, evdə qal ee, evdə qal!
Kimdisə, icad edib, guya həmin virusu,
Bəlkə bu bir qurğudur, kimsələrin qurğusu!
Vəlvələmi, zəlzələ, fərq eləməz doğrusu,
Gər ilişirsə sənə, çarəsini tap, sağal,
Bax sözə, ey millətim, evdə qal ee, evdə qal!
Dostlarımız öyrənib, yazdı o gün çarəsin:
Ağlı olanlar baxıb bir balaca dinləsin,
Meyvə, tərəvəz yeyib, zəncəfili çeynəsin!
İsti suya soda qat, həm də limon doğra, sal!
İç onu, ey millətim, evdə qal ee, evdə qal!
Xeyli kitablar oxu, vaxtı ötürmə heçə,
Başına yığ, söhbət et ailəni hər gecə,
Sən kimi söhbətcili görmədilər gör necə,
Dili şirin eylə bax, olmasa da evdə bal!
Bax sözə, ey millətim, evdə qal ee, evdə qal!
Vaxt yox idi indi al, evdə qalıb ləzzəti,
Çıx, ağac ək baxçada, vaxtı itirmə qəti,
Yaxşıdı bağban ilə meyvələrin söhbəti,
Göndərəsən dostlara fındıq, ərik, portağal!
Bax sözə, ey millətim, evdə qal ee, evdə qal!
Hər kəsi quc-quc edib, vermə daha əl-ələ,
Bir belə maç-maç nədi, busələri ləğv elə,
Köksüvə qoy əlləri, təzim elə, bax, belə!
Kimsəni hirsləndirib, salma bala qalmaqal,
Bax sözə, ey millətim, evdə qal ee, evdə qal!
Bəxtimizə gün doğar, həm bu bəla yan keçər,
Bax bu çəmənikdə o güllər açar tazə, tər!
Tazə gülüstanda həm də Ələmi bəxtəvər
Badəsini qaldırıb, şer oxuyar dalbadal,
Amma, gülüm, get hələ, evdə qal ee, evdə qal!
Əli Ələmi

Bakı şəhəri
mart -2020-ci il

38361 oxunub

InvestAZ