Futbol üzrə İtaliya A Seriyasının 31-ci turunun mərkəzi qarşılaşması keçirilib. "Milan” klubu öz meydanında lider "Yuventus”u qəbul edib. Görüş Milan təmsilçisinin 4:2 hesablı qələbəsi ilə başa çatıb. Oyunda bütün qollar birinci hissədən sonra vurulub. "Milan”nın heyətində Zlatan İbrahimoviç, Frank Kessi, Ante Rebiç, Rafael Leao, "Yuventus” isə Kriştiano Ronaldo və Adrien Rabiot fərqləniblər. Turin klubu 7 ildən sonra çempionat matçında 4 top buraxıb. Sonuncu dəfə 2013-cü ilin oktyabrında belə halla üzləşən "ağ-qaralar” həmin vaxt "Fiorentina”ya məğlub olub. Maraqlıdır ki, həmin qarşılaşmada da 2:4 hesabı qeydə alınıb.
"Milan”ın "Yuventus”a 4 qol vurmasına isə sonuncu dəfə 31 il əvvəl təsadüf olunub. 1989-cu ilin martında milanlılar rəqibini 4:0 hesabı ilə darmadağın edib.
Qeyd edək ki, bu məğlubiyyətlə "Yuventus”un 7 matçlıq qələbə seriyası da qırılıb. "Milan” klubu son beş oyundur ki, məğlub olmur.
Bu qələbədən sonra xal ehtiyatını 49-a çatdıran "Milan” turnir cədvəlində beşinci yerə yüksəlib. "Yuventus” isə məğlub olmasına baxmayaraq, liderliyi davam etdirir (76 xal).
Turnir cədvəlində ikinci pillədə qərarlaşan "Latsio” səfərdə autsayder "Leççe”yə məğlub olub - 2:1. Bu, paytaxt təmsilçisinin ardıcıl ikinci məğlubiyyətidir. "Latsio” 30-cu turda məhz "Milan”a böyük hesabla məğlub olmuşdu - 3:0.