Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti, Pekin-2008 Yay Olimpiya Oyunlarının qalibi, ikiqat Avropa çempionu Elnur Məmmədlinin bu günlərdə 32 yaşı tamam olub. Tanınmış cüdoçumuz pandemiya şəraitinə təsadüf edən doğum gününü hər il olduğu kimi, ailə üzvləri ilə birgə keçirib. Müxtəlif vaxtlarda "Olimpiya dünyası" qəzetinə dəfələrlə müsahibə verən Olimpiya çempionun fikirlərini bir araya gətirib, oxucularımıza təqdim edirik.
Çində çin olmuş arzu
Olimpiya oyunlarında ən yüksək nəticə qazanan cüdoçumuz həmin anları hər dəfə qürurla xatırlayır:
"Pekin Olimpiadası mənim üçün həyatımda olan möhtəşəm bir uğur idi. Yarışdan bir gün əvvəl yuxumda görmüşdüm ki, Olimpiya çempionu olmuşam. Səhəri günü, avqustun 11-də mübarizəyə başladım. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva final görüşümü tribunadan izləyirdi. Onların mənə olan dəstəyini gördükcə qürur hiss keçirirdim. Həmin vaxtı bir daha özümə söz verdim ki, nə olursa olsun bu gün Olimpiya çempionu olacağam. Məğlub olmağı heç ağlıma belə gətirmirdim. Həlledici final görüşümdə 2007-ci ilin dünya çempionatında məğlub olduğum koreyalı idmançıya 9 saniyə ərzində ippon fəndi ataraq təmiz qələbə ilə qalib gəldim. Olimpiya medalını mənə Azərbaycan Prezidenti cənab İlham Əliyev təqdim etdi. Tarixdə hələ belə bir hadisə baş verməmişdi. Cənab Prezidentimiz medalı boynumdan asarkən mənə dedi ki, "sən kişi adamsan”. Mən çox sevinirəm ki, bu sözü qazandım. Bu, həyatımın ən unudulmaz anları idi. Həmin vaxtı Olimpiadanı 3 idmançı fəth etmişdi. Bundan başqa mənim üçün unudulmaz hadisələrdən biri isə böyük tabloda məşhur atlet Useyn Bolt, üzgüçü Maykl Felps və mənim şəklimin yer alması idi. Üçümüz də olimpiadada rekorda imza atan idmançılar idik.”
"Hər kəs özünü, yaxınlarını, ailəsini qorumalıdır"
Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti olan Elnur Məmmədli hazırda Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşıdır. O, Azərbaycan xalqına müraciət edərək karantin qaydalarına riayət etməyi və özlərini qorumağı xahiş edib.
"Bu gün dünyada olduğu kimi, ölkəmizdə də pandemiyaya qarşı çox ciddi mübarizə tədbirləri həyata keçirilir. Hər bir kəs artıq bu bəlanın tez bir zamanda bitməsini və həyatımızın yenidən öz axarına düşməsini istəyir. Bunun üçün isə pandemiyaya qarşı birgə mübarizə aparmalı və dövlətimizin həyata keçirdiyi mübarizə tədbirlərinə dəstək olmalıyıq. Xalqımızdan xahiş edirəm ki, özlərini qorusunlar, tibbi maskalardan istifadə edərək sosial məsafə saxlasınlar. Hər kəs özünü, yaxınlarını, ailəsini qorumalıdır. Ehtiyac olmadığı hallarda evdən çölə çıxmasınlar, əhalinin sıx olan yerlərinə getməsinlər. İnanıram ki, bu çətinliklər və problemlər tezliklə aradan qalxacaq, həyatımız yenidən öz axarına düşəcək. Bunun üçün isə bir olmaq lazımdır”.
Azər Əlizadə
P.S. "Fürsətdən istifadə edib, Olimpiya çempionumuzu doğum günü münasibətilə redaksiya heyəti və çoxsaylı oxucularımız adından təbrik edirik. Ona cansağlığı və ailə səadəti, tutduğu yolda yeni uğurlar diləyirik.