XƏBƏR LENTİ
19 Aprel 2024
18 Aprel 2024
17 Aprel 2024



Hakimlər üçün vebinar təşkil olunub
İdman 10:16 / 03.06.2020
Dünya Güləş Birliyinin (UWW) Hakimlər Komissiyasının sədri Antonio Silvestrinin iştirakı ilə milli federasiyaların hakimləri üçün vebinar təşkil olunub. Vebinarda Azərbaycan hakimləri də iştirak edib.
Əvvəlcə UWW-nin prezidenti Nenad Laloviç vebinar iştirakçılarına tədbirə göstərdikləri maraqla əlaqədar təşəkkür edib. Laloviç mövcud vəziyyətdə vebinarların bundan sonra da davam edəcəyini diqqətə çatdırıb.
Silvestri hakimliklə bağlı müxtəlif məsələləri diqqətə çatdırıb. O bildirib ki, Hakimlər Komissiyası yaranan xüsusi vəziyyəti nəzərə alaraq, maksimum həssaslıqla hərəkət edəcək: "Beynəlxalq hakimlərin kateqoriyaları 2020-ci ildə sabit qalacaq. Komissiya 1 - 4-cü səviyyədə olan kursların təşkili ilə bağlı plan hazırlamaq üçün təqvim üzərində işləyir. Milli federasiyalar mümkün olduğu qədər yerli yarışlarda, təlimlərdə və seminarlarda hakimlərin təcrübəsinin kifayət qədər artırılmasına nail olsun. Hamımız özümüzü mental olaraq hazırlamalıyıq".
Sədrin sözlərinə görə, UWW beynəlxalq yarışlar üçün "yaşıl işıq” yandıran kimi hakimlər turnirlərə tam hazır olmalıdır: "Olimpiya kateqoriyalı hakimlər bu il qitə birinciliklərində bacarıqlarını nümayiş etdirdilər. Tokio olimpiadası üçün hakimlərin seçim prosesi gələn il davam etdiriləcək. Hakimlər Komissiyası İnkişaf, Texniki və Tibbi Komissiya ilə sıx işləyir. Yeni tədris platforması və proqramı iyunda start götürəcək. Bəzi milli federasiyalar çoxlu yeni ideyalar üzərində işləyir. Onları paylaşın və bizə ən yaxşı təcrübələrinizi təqdim edin. Bu ideyaları saytımızda da dərc edəcəyik. Vebinar videoyazı formasında bütün federasiyalara göndəriləcək və yerli hakimlərin hamısını bu barədə məlumatlandırmağınızı xahiş edirik”.
Sonda qeyd edilib ki, hakimliklə bağlı istənilən suallar Silvestrinin və ya UWW-nin elektron poçtuna göndərilə bilər. Vebinarın yekununda müxtəlif ölkələrdən olan hakimlərin sualları cavablandırılıb.

17239 oxunub

InvestAZ